Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Sentyabr

2017
13:08
1505
Statistika rəqəmlərinə düşməmək üçün yaxşı düşünün, hələ vaxt var - ANALİZ

Leyla Tağızadə / M.Rahim adına 7 saylı orta məktəbin X sinif şagirdi


Hazırda dünyada orta hesabla 29,5 milyon insan narkotik asılılığından əziyyət çəkir və ildə təqribən 207 min insan bu səbəbdən ölür. Sadəcə baxıb keçdiyimiz bu rəqəmlərin hər birinin arxasında bir canın, bir nəfəsin olduğunu isə düşünmürük. 12 yaşdan 60-70 yaşa qədər minlərlə insan...

Araşdırmalara görə, ölkələrin inkişaf səviyyəsi artdıqca, narkotik aludəçisi olan insanların sayı da artır. Ayrıca, ölkələrin inkişaf səviyyəsi artdıqca ailələr də müasirləşir və uşağa sərf olunan qayğı, diqqət də eyni dərəcədə azalır.

Özümüzü bu cədvəldən kənara çıxarmayaq. Bir dərdimiz olduqda, “sonra baxarıq” dediyimiz, səhv bir hərəkəti olduqda başa salmaq əvəzinə sərt şəkildə cavab verdiyimiz, sakit qalsın, bizə mane olmasın deyə telefon, televizorla başını qatdığımız uşaqları düşünün. Hamı tərəfindən bilinən bir gerçəkdir ki, insanlar bu bəlaya həmişə sevgisizlikdən qurşanırlar.

Narkotik asılılığı əksər halda uşaqlıqda ailə sevgisindən məhrum qalmış, yaxud hər hərəkəti şiddətlə qınanan insanların özünü isbat etmə cəhdindən yaranır.

Mütəxəssislərin keçirdiyi kiçik bir təcrübə bu sözlərin sübutudur.

Araşdırma üzərində işləyən professorlardan biri - Bryus Aleksandr adi laboratoriya siçanını götürür və onu boş qəfəsə yerləşdirir. Qəfəsə yem qabından əlavə iki su qabı qoyulur. Suların birinin tərkibinə narkotik qatılır. Siçan əvvəlcə hər iki suyun dadına baxır, sonra mütəmadi olaraq, ancaq narkotikli suyu içməyə başlayır. Bu, o ölənə qədər davam edir.

Daha sonra professor başqa bir qəfəs hazırlayır. Bu qəfəsdə çoxlu erkək və dişi siçanlar olur, onlar üçün də hər bir şərait qurulur. Siçanların yuvaları, oyun parkları və oynaya biləcəkləri dostları olur. 

Bu qəfəsə də birincidə olduğu kimi iki qab su qoyulur: biri narkotik qarışıqlı, digəri təmiz. 

Qəribədir ki, narkotikli suyun dadına baxan siçanlar bir daha onu içmirlər.

Bu da onu göstərir ki, həyatdan zövq alan insan heç bir vaxt bilə-bilə bu yola baş vurmaz.

Aradakı fərqi daha yaxşı hiss etmək üçün daha bir nümunəni təqdim edirəm.

Ötən əsrin ortalarında Vyetnama döyüşə gedən amerikalı əsgərlər gördükləri mənzərələrdən, döyüşün əhval-ruhiyyəsindən o qədər təsirlənirlər ki, buna dözmək üçün narkotikə qurşanırlar. Bunu eşidən Amerika xalqı çox narahat olur. Bütün bunlar o demək idi ki, müharibə bitdikdən sonra ölkəyə qayıdan əsgərlər narkotik aludəçisi kimi gələcəklər, küçələr sərsərilər, avaralarla dolacaq. Amma gözlənildiyi kimi olmadı. Müharibə bitdi və ölkəyə qayıdan insanlar bir neçə ay ərzində bu zərərli vərdişdən qurtuldular.

Maraqlıdır, elə deyilmi?

Müəyyən bir toplum, qrup içində olan sürü psixologiyası sayəsində insanlar aludəçilikdən daha asan əl çəkirlər. Biz isə bu psixologiyanı nəzərə almır və onları qurtarmaq yerinə, belə həyatdan bezmiş, sevdiyini unutmuş insanların ağuşuna atır, daha da pisləşməsinə səbəb oluruq. Bu əlimizdə deyil, bəlkə qanun gərəyidir.

Ancaq əlimizdə olan bir şey var. Onları bu yola salan nəsnəni - sevgisizliyi məhv etmək. Unutmayaq, gələcəkdə o statistikanın, rəqəmlərin içində övladlarımız, sevdiyimiz, yaxınlarımız ola bilər.

Bunun qarşısını almaq isə tək bir sözdə, tək bir gülümsəmədədir. 

Hər şey öz əlimizdədir. Vaxt varkən, əlimizdə olan imkanlardan istifadə edək, sonra çox gec ola bilər..

Məqalədə : narkotik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru