Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2017
14:50
XİN Şuşa məscidi ətrafında baş verənləri vandalizm kimi qiymətləndirdi

“Şuşa məscidi ətrafında Ermənistan tərəfindən qazıntı işlərinin aparılması Ermənistanın qəsdən işğal olunmuş Azərbaycan ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinin tərkib hissəsidir”.

Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kütləvi İnformasiya Vasitələrində Ermənistanın Şuşa məscidi ətrafında qazıntılar aparması barədə yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Ermənistan tərəfindən bir müddət əvvəl qəsdən Şuşa və Ağdam məscidlərində donuz yerləşdirilərək bu dini abidələr xüsusi təhqir obyektinə çevrilmişdi: “Şuşa şəhərində Yuxarı və Aşağı Gövhərağa məscidləri ilə bərabər, Saatlı məscidi, Vaqifin Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb, yandırılıb, talan edilib və təyinatı dəyişdirilib. Ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan və vandalizm obyektinə çevrilib.

Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, “Sərdar sarayı” və ya “Xan sarayı” adlı saraylar kompleksi də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib”.

Hikmət Hacıyev bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi”  və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması” adlı hesabatlar hazırlanaraq YUNESKO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İSESKO və digər beynəlxalq təşkilatlara təqdim olunur:

“Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamələr 2015 və 2016-ci ildə Küveyt və Daşkənddə keçirilmiş İƏT xarici işlər nazirləri şurasında qəbul edilib.

Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqa və ya “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya” və  həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. II Protokolun 9-cu bəndi işğalçı tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəliyini təsbit edir.

Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ona görə də Ermənistanın bu mədəni vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti var”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
380

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
337

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
271

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
362
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 09:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru