Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2016
10:33
6190
Nə üçün İmam Hüseyn (ə) unudulmur?

Bəşəriyyət tarixinin ən şanlı qəhrəmannaməsinə çevrilən İmam Hüseynin (ə) həyat tarixinin əhəmiyyəti təkcə hər il milyonlarla insanın hisslər dalğasını təlatümə gətirməsində, bütün mərasimlərdən daha artıq həyəcanlı və əzəmətli bir mərasim yaratmasında deyil, əksinə, onun əhəmiyyəti əsas etibarı ilə pak dini-insanı və ictimai amillərdən başqa bir amilinin olmamasındadır. Bu tarixi hadisənin ildönümü münasibəti ilə təşkil olunan əzəmətli tədbir və yığıncaqların heç bir müqəddiməyə, təbliğat fəaliyyətlərinə ehtiyacı yoxdur və bu nöqteyi-nəzərdən də misilsiz bir hadisədir.

Bizim əksəriyyətimiz bu həqiqəti bilirik, lakin çoxları, xüsusilə qeyri-islami mütəfəkkirlər üçün hələ də düzgün şəkildə aydınlaşmayan, onların nəzərində müəmma şəklində qalan mühüm məsələ budur: nə üçün kəmiyyət və keyfiyyət baxımından oxşarı az olmayan bu tarixi hadisəyə bu qədər əhəmiyyət verilir?! Nə üçün anma mərasimləri hər il əvvəlki illərlə müqayisədə daha əzəmət və coşqu ilə keçirilir?!

Nə üçün hal-hazırda üməyyə silsiləsindən və onların tərəfdarlarından heç bir əsər-əlamət yoxdur. Hadisənin qəhrəmanları isə unudulmalı olduğu halda Kərbəla hadisəsi özünə əbədilik rəngi almışdır?

Bu sualın cavabını sözügedən hərəkatın əsl stimullarının axarlarında axtarmaq lazımdır. Biz təsəvvür edirik ki, bu məsələnin araşdırıb təhlil edilməsi İslam tarixindən agahlığı olanlar üçün çox da mürəkkəb və çətin deyildir.

Daha aydın şəkildə desək, qanlı Kərbəla hadisəsi hakimiyyət kürsüsünü ələ keçirmək, mal-dövlət qazanmaq, ölkə fəth etmək, ərazi  genişləndirmək və s. əldə etmək üçün iki siyasi rəqib arasında baş verən müharibə olmamışdır. Həmçinin bu hadisə qəbilə-tayfa imtiyazlarına əsaslanan iki tayfanın kin-küdurət üzündən qarşıdurmasından və kinlərinin partlayışından qaynaqlanmamışdır.

Bu hadisə həqiqətdə iki fərdi və əqidəvi fikri cərəyanın arasındakı mübarizəsinin aydın səhnəsidir ki, onun alovu bəşəriyyətin macəra ilə dolu olan tarixi boyu lap qədim zamanlardan indiyə qədər heç vaxt sönməmişdir.

Bu mübarizə bütün ilahi peyğəmbərlərin, dünyanın islahatçı və xilaskar insanlarının mübarizəsinin davamı və başqa sözlə desək, “Bədr” və “Əhzab” müharibələrinin davamı idi.

Hamımız bilirik ki, Peyğəmbəri-əkrəm (s) ictimai və ideoloji inqilab rəhbəri ünvanı ilə bəşəriyyətin hər növ bütpərəstlik və xurafatdan xilası, insanların hər növ cəhalət və zorakılıqdan azadlığı üçün qiyam edərkən zülmə məruz qalanları, haqq axtaranları – onlar bu ictimai dəyişikliyin ən mühüm ünsürləri idi – öz ətraflarına topladı. Bu zaman belə bir islahatçı və mütərəqqi hərəkatın müxalifləri – onların başında bütpərəst varlılar və Məkkə sələmçiləri dayanırdı – öz cərgələrini möhkəmləndirərək, bu səmavi nidanı məhv etmək, onun nurunu söndürmək üçün bütün qüvvələrini işə saldılar. İslamın ziddinə olan bu fəaliyyətlərin bünövrəsini əməvi partiyası qoymuşdu. Onların da başçısı Əbu Süfyan idi. Lakin axırda islamın gözqamaşdırıcı nüfuz və əzəməti müqabilində diz çökdülər, təşkilatları tamamilə dağıldı.

Aydındır ki, bu cür sıradan çıxma onların kökünün tamamilə kəsilməsi mənasına deyil; əksinə, onların həyatında dönüş nöqtəsi hesab olunurdu. Onlar islamın əleyhinə apardıqları aşkar fəaliyyətlərini məxfi və tədrici fəaliyyətlərə çevirərək – hər bir inadkar, zəif və məğlubiyyətə uğramış düşmənin proqramları belə olur – öz məkrli tədbirlərini həyata keçirmək üçün münasib fürsət gözləyirdilər.

Bəni-üməyyə qəbiləsi Peyğəmbərin vəfatından sonra mürtəce cərəyan yaratmaq və cəmiyyəti islamdan əvvəlki üsul və qaydalara sövq etmək üçün hakim sistemə nüfuz etməyə çalışırdılar. Müsəlmanlar Peyğəmbərin dövründən nə qədər uzaqlaşırdılarsa, onların məkrli tədbirləri üçün bir o qədər münasib şərait yaranırdı. Xüsusilə, müxtəlif səbəblərdən Bəni-üməyyədən başqalarının əli ilə bir sıra cahiliyyət adət-ənənələri dirçəldildi. Bu da cahiliyyət hərəkatı üçün zəmin yaratdı. O cümlədən:

1. İrqçilik. İslam irqi ayrı-seçkiliyin üzərinə qırmızı xətt çəksə də bu siyasət xəlifələrdən bəzilərinin vasitəsilə dirçəldildi və ərəblər qeyri-ərəblər üzərində xüsusi üstünlük əldə etdilər.

2. Müxtəlif ayrı-seçkiliklər. İslamın mahiyyəti ilə heç bir uyğunluğu olmayan ayrı-seçkilik həmin dövrdə zahir olmağa başladı. Peyğəmbərin dövründə müsəlmanların arasında bərabər bölünən beytul-mal tamamilə başqa şəkildə bölünməyə başladı, bir çox insanlara yersiz imtiyazlar verildi və cəmiyyətdə sinfi ziddiyyətlər yaranmağa başladı.

3. Peyğəmbərin dövründə ləyaqət, bacarıq, əməl, əxlaqi və mənəvi keyfiyyətlərə görə müəyyən insanlara verilən dövlət məqamları qohum-əqrəba və qəbilə-tayfaçılıq formasında oyun-oyuncağa çevrildi, bəzi xəlifələrin qohum-əqrəbaları arasında bölüşdürüldü.

Həmin şəraitlə eyni zamanda Əbu Süfyanın övladlarından olan Müaviyə islam hökumətinə nüfuz edərək islam məmləkətinin ən strateji bölgələrindən biri olan Şama hakim təyin edildi. Oradan da cahiliyyətin tör-töküntülərinin köməyi ilə islam hökumətinin tam mənada ələ keçirilməsi və cahiliyyət dövrünün mürtəce adət-ənənələrinin dirçəldilməsi üçün şəraiti hazırladı

Bu hərəkat o qədər güclü idi ki, İmam Əli (ə) kimi böyük bir şəxsiyyətin xilafət dövrü bütünlükdə onunla mübarizəyə sərf olundu.

İslama zidd olan bu hərəkatın əsl siması o qədər aşkar idi ki, hərəkatın liderləri belə onu  gizlədə bilmirdilər.

Xilafətin Üməyyə və Mərvan sülalələrinə nəql olunduğu zaman Əbu Süfyan özünün tarixi cümləsində həyasızlıqla demişdir: “Ey Bəni-üməyyə! Çalışın, hakimiyyəti əldən verməyin! (Top kimi bir-birinizə ötürün)! And içdiyim şeyə and olsun ki, nə cənnət var, nə də cəhənnəm! (Məhəmmədin qiyamı siyasi bir hərəkət idi!)”

Yaxud Müaviyə İraq hakimiyyətini ələ keçirən zaman Kufədə öz məşhur xütbəsində dedi: “Mən buna görə gəlməmişəm ki, sizi namaz qılıb oruc tutasınız; buna görə gəlmişəm ki, sizə hakim olam! Hər kəs mənimlə müxalifət etsə, onu məhv edəcəyəm!”

Yezid Kərbəlada şəhadət məqamına çatan insanların kəsilmiş başlarını görən zaman dedi: “Kaş Bədr müharibəsində öldürülən ata-babalarım burada olaydı və mənin Bəni-haşimdən necə intiqam aldığımı müşahidə edəydi!”

Bütün bunlar islama zidd olan bu irticaçı hərəkatın mahiyyətini nümayiş edən əyani sübutlar idi; nə qədər irəliləsə, bir o qədər kəskin və pərdəsiz olurdu.

 İmam Hüseyn (ə) islamı təhdid edən və Yezidin dövründə özünün son həddinə çatan bu böyük təhlükənin müqabilində sükut edə bilərdimi?! Görəsən, Allah, Peyğəmbər və onu böyüdüb boya-başa çatdıran pak insanlar bunu bəyənərdimi?!

Görəsən, Həzrət Hüseyn (ə) böyük fədakarlıq göstərərək islam cəmiyyətinə kölgə salan belə bir sükutu pozmalı deyildimi?! Bəni-üməyənin zəhərli təbliğatlarının pərdəsi arxasında gizlənən və cahiliyyət dövrünə məxsus hərəkatın iyrənc simasını ifşa etməli deyildimi?! Gələcək nəsillərə əbədi qəhrəmanlıq irsi qoyub getmək üçün özünün pak qanı ilə islam tarixinin səhifələrinə parlaq sətirlər yazmalı deyildimi?!

 Bəli! İmam Hüseyn (ə) bu işi gördü və islam uğrunda özünün böyük tarixi vəzifəsini yerinə yetirdi, islamın tarixinin istiqamətini tamamilə dəyişdi, Bəni-üməyyə tayfasının islama zidd olan məkrli hiylələrini ifşa etdi, onların zülm əsasında son fəaliyyətlərini zərərsizləşdirdi.

İmam Hüseyn (ə) qiyamının həqiqi mahiyyəti məhz budur! Buradan aydın olur ki, nə üçün İmam Hüseynin (ə) adı və tarixi heç vaxt unudulmur, o hər hansı bir dövrə, zamana məxsus deyildir; əksinə onun özü  və hədəfi əbədidir.

O, haqq və ədalət yolunda, Allah və islam yolunda, insanların və insani dəyərlərin dirçəldilməsi yolunda şəhadət şərbətini içdi. Görəsən, bu məfhumlar nə vaxtsa köhnələcəkdir?! Xeyr, heç vaxt!

Bu böyük və qanlı mübarizədə Bəni-üməyyə və onların qəddar, qaniçən və dünyapərəst ordusu həqiqi qələbəyə nail oldumu?! Yoxsa canlarını və hər şeylərini haqqa, fəzilətə eşq yolunda Allaha fəda edən İmam Hüseynə və onun fədakar köməkçilərinə nəsib oldu?!

Qələbə və məğlubiyyətin həqiqi məfhumuna diqqət yetirdikdə bu sualların cavabını tapmaq olar: Qələbənin mənası o deyildir ki, insan müharibə meydanından sağ-salamat çıxsın, yaxud  düşmənini həlak etsin. Əksinə, həqiqi qələbə odur ki, insan öz hədəfini irəli aparsın, düşmənin öz mənfur məqsədinə çatmasının qarşısını alsın.

Bu mənaya diqqət yetirməklə bu qanlı mübarizənin yekun nəticəsi tam aydın olur. Hüseyn və onun vəfadar köməkçiləri qəhrəmanlıq və rəşadət göstərdikdən sonra şəhadət şərbətini içsələr də öz müqəddəs hədəflərinə tam mənada nail oldular.

Hədəf bu idi ki, Bəni-üməyyənin islama zidd olan mürtəce hərəkatının mahiyyəti və iç üzü ifşa olunsun, müsəlmanların arasında ümumxalq fikir oyansın, ümmət cahiliyyət dövrünün, küfr dövranının tör-töküntülərinin və bütpərəstlik qalıqlarının hiylələrindən agah olsunlar. Bu hədəf də gözəl formada yerinə yetirildi.

Onlar nəticə etibarı ilə Bəni-üməyyənin zülm və haqsızlıq ağacının kökündən kəsdilər, cahiliyyət adət-ənənələrinin, fəsad və irqçiliyin mənfur kölgəsini müsəlmanlarının başı üzərindən götürdülər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 20:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com