Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2016
14:47
Ziya Məmmədovun hansı səlahiyyətləri qalıb?..

Azərbaycanda Nəqliyyat Nazirliyinin səlahiyyətləri son bir ildə xeyli azaldılıb.  Nazirliyin bəzi səlahiyyətləri alınaraq başqa qurumlara verilib, eyni zamanda tabeliyindəki bir sıra strukturlar onun tərkibindən çıxarılıb. Bu səlahiyyətlər hər dəfə azalanda nəqliyyat naziri Ziya Məmmədovun da işdən çıxarılacağı iddiaları gündəmi zəbt edib. Hələ ki nazirlə bağlı gözlənilən baş verməyib. 

Nazirin əlindən alınan səlahiyyətlərin isə uzun bir siyahısı var.

Modern.az saytı bu məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. 

Z.Məmmədovun tutduğu postdan kənarlaşdırılacağı barədəki xəbərlər tirajlanan ərəfədə ona daha çox gəlir gətirən xüsusi lisenziya vermək səlahiyyəti əlindən alındı. 2015-ci il sentyabrın 12-də Prezidentin imzaladığı fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə “fərqlənmə nişanı” verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilib.

Ölkə başçısının sentyabrın 18-də imzaladığı digər fərmanla “Azərbaycan Dəmir Yolları “ Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib.

Prezidentin 14 oktyabr 2015-c il fərmanı ilə isə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi, sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi, avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması, avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması, avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması və bəzi başqa xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək səlahiyyətləri Dövlət Yol Polisinə həvalə olunub.

Dövlət başçısı İlham Əliyevin Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında 21 dekabr 2015-ci il fərmanına əsasən, paytaxtda nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədi ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılması və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin Agentliyin tabeliyinə verilməsi qərara alınıb. Bununla da nazir Z.Məmmədovun daha bir neçə səlahiyyəti əlindən alınıb.

 

2016-cı il 17 martda imzalanmış növbəti fərmanla “Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Fərmana əsasən, nəqliyyat-yol kompleksinə daxil olan dövlət müəssisələrinin rəhbərlərinin təyinatı ilə bağlı və qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat-yol kompleksinin dövlət müəssisə və təşkilatlarının əsas vəsaitlərinin balansdan balansa verilməsinə dair rəy vermək səlahiyyəti də Nəqliyyat Nazirliyindən alınıb.

 

2016-cı ilin mayında verilən Prezident fərmanı ilə "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edib.

Bu Qaydalar Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi üçün xüsusi razılıq (lisenziya) almış Azərbaycanın avtomobil nəqliyyatı daşıyıcıları tərəfindən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, habelə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının həyata keçirilməsi qaydası və şərtlərini, sərnişinlərin, avtomobil daşıyıcılarının, daşımaların sifarişçilərinin və təşkilatçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.

Fərmana görə, hər bir sərnişin avtonəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalı və dövlət qeydiyyat nişanı ilə təchiz olunmalıdır. İndiyə qədər ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğu və texniki cəhətdən saz vəziyyətdə olması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışın keçirilməsi, lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən rübdə bir dəfə sərnişin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması, habelə sərnişin avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənədlərlə təsdiq edilməli idi. Dəyişikliyə əsasən, bundan sonra lisenziya kartı verildikdən sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində müvafiq olaraq Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi (bundan sonra - müvafiq qurumlar), Azərbaycan Respublikasının digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən rübdə bir dəfə sərnişin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması, habelə sərnişin avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənədlərlə təsdiq edilməlidir.

Qaydaya əsasən, müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilib. Dəyişikliyə əsasən, bundan sonra müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycanın digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə veriləcək. İndiyə qədər hər bir avtobus dayanacaq məntəqəsi Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən pasport təsdiq edilib və dayanacağın yeri yerli şəhər (rayon) icra hakimiyyəti və BDYPİ-nin müvafiq ərazi bölmələri ilə razılaşdırılıb. Dəyişikliyə əsasən, Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyəti də ləğv olunub.

 

2016-cı il ilin iyununda Azərbaycanda dövlət mülkiyyətində olan ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları Nəqliyyat Nazirliyinin balansından çıxarılıb.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları dövlət mülkiyyətində olmaqla "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansına verilib.

 

2016-cı ilin iyulunda "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı dəyişib. Bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” 20 iyul 2016-cı il tarixli sərəncamında əksini tapıb.

Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin "Avtomobil yolları” Məqsədli Büdcə Fondu ilə bağlı səlahiyyəti ləğv edilib, bu səlahiyyət "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə verilib.

"Avtomobil yolları” Məqsədli Büdcə Fondu dövlət büdcəsinin yol vergisi, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər, idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu, nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu və dövlət büdcəsindən ayrılan vəsait hesabına formalaşır. Digər dəyişikliyə əsasən bundan sonra iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr də "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun formalaşdırılmasına yönəldilir.

 

2016-cı il sentyabrın 6-da Nazirlər Kabineti “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nda dəyişiklik barədə qərar qəbul edib. 

Bu Qaydalar dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir.

Qərara qədər indiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız Nəqliyyat Nazirliyinin icazəsi ilə yol verilib.

Dəyişikliyə əsasən, Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyəti ləğv edilərək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
270

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
231

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
271

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
304

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
266

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
446
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 04:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru