Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2016
17:04
ABŞ prezidentlərinin 5 ÖLKƏNİ məhv edən PEŞMANÇILIĞI

Bir müddət əvvəl ABŞ prezidenti Barak Obama bildirdi ki, Liviya lideri Müəmmar Qəzzafinin devrilməsindən sonrakı vəziyyətə hazırlıqsızlığı, prezidentliyi dövründəki ən böyük səhvi olub. Lakin o, Liviyaya müdaxilənin doğru olduğunu deyib.

ABŞ-ın keçmiş prezidenti Corc Buş isə Amerikanın İraqa hücumu nəticəsində terrorçuların bu ölkədə fəallaşmasına görə narahat olduğunu söyləmişdi. C.Buş CBS kanalına açıqlamasında 2003-cü ildə Amerikanın rəhbərliyi ilə Qərb ölkələrindən ibarət koalisiya qüvvələrinin İraq hücumlarına toxunaraq bildirmişdi ki, hücumlar illər sonra İŞİD kimi bir sıra terror təşkilatlarının formalaşaraq ölkədə güclənmələrinə səbəb olub, bu isə utandırıcıdır.

Sonuncu peşmançılıq hissi keçirənlərdən biri də hazırda ABŞ-da prezidentlik kürsüsü uğrunda mübarizə aparan və Buş hökuməti dövründə dövlət katibi vəzifəsini icra edən Hillari Klintondur. O da İraq hücumuna görə dərin peşmançılığını ifadə edən bəyanat səsləndirib.

Bu ifadələr ABŞ kimi güclü bir dövlətin rəhbərliyində təmsil olunan və hazırda yenidən bu kürsüyə can atan şəxslərə aiddir. Hansı ki, dövlət idarəçiliyi bağça müdirəsi vəzifəsi deyil və bu idarəçilikdə kiçik bir səhv, düşünülməmiş addım bütöv bir dövlətin məhvi ilə nəticələnir. Necə ki, nəticələnib.

FaktXəbər olaraq təqdim edəcəyimiz məqalədə ABŞ-ın birbaşa və dolayısı yolla iştirak etdiyi müharibələr və onların peşmançılıqlarının nəticələrindən bəhs edilir.

Əvvəl baxaq görək Obamanın peşman olduğu Liviya müharibəsinin nəticəsi nə oldu.

Birləşmiş Ştatlar Liviyaya müdaxilə üçün "Şəfəq səfəri" əməliyyatı həyata keçirdi. Müdaxilə Birləşmiş Krallığın "Ellamy", Kanadanın "MOBILE" və Fransanın "Harmattan" əməliyyatı ilə birgə həyata keçirildi. Əməliyyat öncəsi isə İngiltərə və Fransa mediasında Müəmmər Qəzzafinin dinc xalqa qarşı əməliyyatlar keçirdiyi, güllələdiyi ilə bağlı təbliğatlar aparıldı. Müdaxilə isə guya Qəzzafinin qırğınının qarşısını almaq məqsədilə keçirilmişdi. Hücum qərarı 19 mart 2011-ci il tarixində Parisdə keçirilən konfransda verilmişdi və əməliyyat da digər koalisiya qüvvələri ilə həmin gün başlamışdı. Koalisiya qüvvələri hava hücumları ilə Qəzzafinin rəhbərlik etdiyi hərbi hədəflərə yönəlik raket bombardmanı başlatmışdı. Pentaqon 112 "Tomahawk"la paytaxt Tripoli ətrafındakı 20 havadan müdafiə sisteminin dağıtmışdı.

Parisdə zirvə toplantısı davam edərkən Qəzzafi müdaxilə etməyi müzakirə edən dövlətlərə xəbərdarlıq mesajı göndərmişdi. Mesajda, "Liviyalılar ölkələri üçün ölməyə hazırdır. Liviyaya müdaxilədən peşman olarsınız. Liviya sizin deyil, Liviyalılarındır", - deyilirdi.

Amma müdaxilə baş verdi və Liviyanın fəlakətinə Obama özü yol açdı. Qəzzafi terrorizmə qarşı ABŞ-ın müttəfiqi idi, terrorçular üçün təhlükəsiz bir bölgə deyildi. Amma ABŞ bununla barışa bilmirdi Yaxın Şərqdə yeni müharibə alovlarını yandırmaq üçün bölgədəki ən zəif bənd olan müttəfiqini qurban verməli idi, verdi də. Liviyaya girdi və oranı məhv etdi. Anarxiya və xaosun hökm sürdüyü bir ölkə yaratdı və yaranmış bu boşluğu İŞİD doldurdu. ABŞ-ın müdaxiləsindən qabaq həm də Liviyada Qəzzafinin dinc xalqı öldürdüyünə dair təbliğatlar isə sonradan BMT hesabatı ilə alt-üst oldu. Sən demə, Qəzzafi təkcə üsyançıları hədəfə alıbmış. Liviya isə hələ də parçalanmış bir ölkə vəziyyətindədir, rəqabət halında olan iki hökumət var, ikisinin də ölkə üzərində tam hakimiyyəti yoxdur. Bu iki hökumətin hər ikisi kağız üstündədir və İŞİD ilə döyüşmək üçün cəbhədə heç kimi yoxdur. Liviyada bu gün nə dövlət, nə polis, nə ordu, nə də hüquq var. Məhz buna görə də terror, özünü dövlət elan eləmiş İŞİD terrorçuları və İŞID sığınacaqları var. Onlar əvvəllər Qəzzafinin sığınacağı olan Sirtdə cəmləşiblər. Liviyaya daim daha çox döyüşçü gəlir və İŞİD böyüyür. Neft obyektlərinə hücumlar hazırlayırlar. 

Liviyaya görə peşman olan Obama isə əl altdan yenidən Liviyaya müdaxiləyə hazırlaşır, bu dəfə İŞİD bəhanəsi ilə.

Nə qədər peşman olduğunu açıqlasa da, Demokrat Liviya Partiyası sədri Fatimə Ebuniran jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Amerika yenidən Liviyaya hərbi müdaxilə həyata keçirə bilmək üçün özünə şərait yaradır: “Amerikalılar heç vaxt başqalarının uğuru üçün özlərini çətinə salmırlar. Çünki onların məqsədi bölgədə tam bir soyğunçuluq imperiyası qurmaqdır. Siyasəti bilsin, ya da bilməsin, Liviyada kimə sual versəniz, ABŞ-ın İŞİD-lə mübarizəsinə inanmayacaq. Amerika hər nə qədər İŞİD ilə döyüşdüyünü iddia etsə də, İŞİD-i bəhanə edərək Liviyanı işğala hazırlaşır".

Obamanın əvvəlki Liviya səhvi 50 min dinc insanın ölümünə və yüz minlərin yaralanmasına səbəb oldu. Ölkə İŞİD üçün açıq poliqon halına gəldi. Görünən odur ki, ABŞ Liviyadan istədiyini hələ ala bilməyib.

Bəs keçmiş ABŞ prezident Corc Buşun və dövlət katibi olmuş Hillari Klintonun peşman olduğu İraq müharibəsinin nəticəsi nə oldu?

İraq müharibəsi 20 mart 2003-cü ildə Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallığın başçılığı ilə yaradılmış Çoxmillətli Koalisiya Qüvvələrinin hərbi hərəkatla İraqa girməsiylə başladı. 21 oktyabr 2011-ci il tarixində ABŞ prezidenti Barak Obama verdiyi açıqlamada İraqdakı ABŞ hərbçilərinin 31 dekabr 2011-ci ilə qədər geri çəkiləcəyini söylədi. 15 dekabr 2011-ci il tarixində Bağdadda yerləşən Amerika bazasından son ABŞ bayrağının endirilməsi müharibəni rəsmən sona çatdırdı.

Müharibə ərəfəsində ABŞ və Britaniya hökumətləri İraqın kütləvi qırğın silahlarına sahib olduğu və bu silahların koalisiya ölkələri başda olmaqla bir çox ölkənin təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyini açıqlamışdı. Birləşmiş Millətlər Təsdiqləmə və Təftiş Komissiyası rəsmiləri İraqda kimyəvi silahların mövcudluğu barədə dəlillərinin olmadığını bildirmişdi. Amma buna baxmayaraq sözügedən ölkələr BMT-nin icazəsi olmadan işğalı həyata keçirdilər. Bəzi ABŞ rəsmiləri isə Səddam Hüseyni "Əl-Qaidə"yə dəstək vermək və maliyyələşdirməkdə ittiham edirdilər, amma bu əlaqələr də sübut olunmadı. Halbuki, "Əl-Qaidə" əqidəli terror təşkilatlarının əsas maliyyəçisi və himayəçisi olan Səudiyyə və Qətər ABŞ-ın regionda əsas müttəfiqlərindən olduğu üçün adları çəkilmir. 

İşğalın başlamasından qısa müddət sonra İraq ordusu məğlub oldu, nəticədə Səddam Hüseyn yaxalanaraq edam edildi. Əvvəlcədən də qeyd edildiyi kimi İraqda heç bir kimyəvi, bioloji silah və komponentləri tapılmadı. Əvəzində isə Liviyada olduğu kimi terror təşkilatlarının İraqa ayağı açıldı. Bu gün də ölkənin müəyyən bir hissəsi onların nəzarəti altındadır. 

2007-ci ildə aparılan araşdırmalara görə, İraqda təxmini 1.000.000 mülki vətəndaş həyatını itirib. UNHCR-in 2008-ci il tarixli məlumatlarına görə, 4.7 milyon iraqlı köç edib (İraq əhalisinin16 faizi), bunların 2 milyonu qonşu ölkələrə sığınıb.

Buş rəhbərliyi tərəfindən "xərcsiz" olacağı söylənən İraq müharibəsi ABŞ-a 2.2 trilyon dollara başa gəldi.

İraqdakı mülki və hərbi itkiləri araşdıran "Iraq Est Count" adlı təşkilat 10 illik işğalda 5 milyona yaxın uşağın yetim qaldığını açıqlayıb. ABŞ rəhbərliyi isə işğalda 4 min 475 əsgər itirdiyini deyir. Yaralı sayı isə təxminən 32 min nəfərdir.

Bu, sadəcə ABŞ-ın birbaşa iştirakı ilə həyata keçirilmiş 2 müharibənin – İraq və Liviya işğalının nəticələridir. Hansı ki, ABŞ hökuməti bu ölkələrdə açıqladığı nəticələrin heç birinə nail olmadı.

ABŞ-ın birbaşa iştirakı ilə baş verən başqa bir işğal da var – Əfqanıstan. 

Əfqanıstanda qısa müddətdə qələbə məqsədiylə başladılan müharibə, müddəti etibarilə Vyetnam müharibəsini da keçərək, Amerika tarixinin ən uzun müddətli müharibəsi halına gəldi.

Amerikanın 10 ilik Əfqanıstan işğalında 60 mindən çox əfqan öldürülüb, on minlərlə insan yaralanıb. Yalnız son altı ayda 1500-dən çox mülki vətəndaş öldürülüb.

On minlərlə əfqan isə müharibənin səbəb olduğu aclıq, xəstəlik, tibbi çatışmazlıqlar və sığınacaq şərtləri səbəbindən dünyasını dəyişib. Evləri olanlarsa işsizlik, yoxsulluq, aclıq, su və geyim çatışmazlığı ilə mübarizə aparır. Hər üç əfqandan biri ciddi yoxsuluq çəkir. 30 milyona yaxın əhalisi olan Əfqanıstanda, təxminən 20 milyon insan gündəlik 1,5 dollarla yaşamağa çalışır.

İşğal 650 mindən çox insanı evini tərk etməyə məcbur edib. Minlərlə əfqan vətəndaşı ABŞ qüvvələri tərəfindən həbs olunub və ağır işgəncələrdən keçib.

Bitdimi? Xeyr. Peşman olanlar hələ də öz işlərindədirlər. İraq və Əfqanıstanda vəziyyət eynidir. Hər gün terror, səfalət, aclıq. Bu azmış kimi ABŞ Livanın ardınca Suriya və Yəməndə də işğala, parçalanmaya, terrora dəstək verir. 

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyası Suriyada davam edən müharibədə insan itkilərini açıqlayıb. 

2016-cı ilin mart ayına kimi olan dövrü əhatə edən hesabatda bildirilir ki, Suriyada son beş il ərzində 283 min insan öldürülüb. Ölənlərdən 81 min 436 nəfər dinc əhali, 10 min 40-nın uşaq, 9 min 106-sının qadın, 48 min 568-nin terror təşkilatları üzvləri olan Suriya vətəndaşları, 47 min 95 nəfərin isə əcnəbi əsilli terrorçular olduğu bildirilib.

Hesabatda həmçinin həyatını itirənlərin 101 min 662-sinin Suriya ordusunun əsgərləri olduğu məlumatı yer alıb.

Yəməndə də vəziyyət ürəkaçan deyil. Yəmən İnsan Haqları Təşkilatı yaydığı son hesabatında Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyanın 2015-ci ilin mart ayından bu vaxta qədər keçirdiyi hücumlar nəticəsində ölən və yaralanan Yəmənli sayının 27 minə çatdığını açıqlayıb. Bu koalisiya ABŞ prezidenti Barak Obamanın razılığı ilə yaradılıb. 

Səudiyyə hücumları nəticəsində ölənlərin 2 min 360-nın uşaq olduğunun bildirildiyi hesabatda, hücumlarda təxminən 7 min uşağın da yaralandığı qeyd edilib.

Koalisiyanın hücumları nəticəsində 346 min ev dağıdılıb. Dağıdılan mülki obyektlərlə yanaşı içməli su təmizləyici qurğular və yanacaqdoldurma stansiyaları kimi infrastrukturlar da var. 

Səudiyyə və müttəfiqləri həmçinin 250-dən çox xəstəxananı, 800 məktəbi, 40 universiteti və 664 məscidi də bombardman edərək yararsız hala salıblar.

Göründüyü kimi təkcə son 15 ildə ABŞ-ın birbaşa və müttəfiqləri vasitəsi ilə başlatdığı müharibələrdə 2 milyona yaxın insan dünyasının dəyişib, bir o qədər də yaralanan var. Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və Yəməndə infrastruktur dağıdılıb, ölkələr parçalanmış vəziyyətdədir. Göz önündə olanlara baiskarlar isə sadəcə təəssüflənirlər, amma yeni münaqişə ocaqları yaratmaq planlarından da əl çəkmirlər.

Bizə isə qalır ABŞ prezidentliyinə ən real namizəd Hillari Klintonun bir neçə ildən sonra hansısa münaqişə ocağına görə, milyonların qətliamına görə peşman olduğunu açıqlamasını gözləmək.

FaktXəbər Analitik Mərkəzi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
197

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
175

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
171

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
185

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
192

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
306

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
296

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
303

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 20:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru