Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Sentyabr

2016
09:40
Bank kredit vermirsə onun bağlanacağı qaçılmazdı - İqtisadçı

Ölkə banklarının durumu getdikcə kritikləşir. Əksər banklar bağlanma həddində olsa da, aidiyyəti qurumlar bu məsələnin üstündən sükutla keçir. Ekspertlər isə bildirirlər ki, ilin sonuna bankların bağlanması prosesi yenidən aktuallaşa bilər.

Qeyd edək ki, bu ilin iyulunda dörd bankın lisenziyalarının ləğv edilməsi ilə ölkə banklarının sayı 37-dən 33-ə düşüb. Manatın kəskin devalvasiyasına qədər isə ölkədə 45 bank fəaliyyət göstərib. Bağlanan bankların işçiləri işsiz qalır, fəaliyyətdə olan banklar işçilərini ixtisar edir. Modern.az-a daxil olan məlumata görə, bütün bunların nəticəsində də işsiz qalan bank işçilərinin sayı 2 minə yaxınlaşıb. 

İqtisadçı Samir Əliyevin sözlərinə görə, bu il ərzində 12 bank bağlanıb: “Təkcə son bağlanan 4 bankın 2 minə qədər işçisi var idi. Hər bir halda bank sektorunda işsizlərin sayı artır. Söhbət yalnız bankların bağlanmasından getmir. Burada optimallaşdırma aparan bankların öz işçilərini ixtisara salmasını da nəzərə almaq lazımdır. Bu da təbiidir. Çünki banklar azalmış gəlirlərini optimallaşdırmaq üçün xərclərini imkan daxilində azaldır. Bunun ən yaxşı yolu da filialların bağlanması ilə işçilərin azaldılmasıdır. Hər bir halda bu, arzuolunan hal deyil. Bank sektorundan çıxarılan insanlar kifayət qədər savadlı kadrlar, mütəxəssislərdir. Həm də nəzərə almaq lazımdır ki, analoji ixtisarlar təkcə bank sektorunda deyil, əksər qurumlarda baş verir. Hesab edirəm ki, proses davam edəcək. Mən düşünmürəm ki, bankların bağlanması bununla da bitdi. Proses getdikcə ona gətirib çıxaracaq ki, kiçik və problemli bankların məcburi şəkildə bağlanması gündəmə gələcək. Əvvəl 45 bank var idi. Hazırda mövcud olan 33 bank da bizim üçün çoxdur”.

Ekspertin sözlərinə görə, bankların sayı əhalinin gəlirləri ilə düz mütənasib olmalıdır: “Azərbaycan iqtisadiyyatının mövcud durumunda 33 bank çoxdur. Onsuz da mövcud bankların heç də hamısı sağlamlaşdırılmayıb və problemdən çıxmayıb. Düşünürəm ki, bankların sayı ən azı 25-ə qədər düşəcək. Yaxın dövrlərdə məhz bunu müşahidə edəcəyik”.

İqtisadçı alim Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirdi ki, bank sektorunda bu günə mövcud olan problemlərin başlanğıcı bir qədər uzağa gedir: “Ölkə iqtisadiyyatının neftdən asılılığının kifayət qədər yüksək olduğu və valyuta gəlirlərinin 90 faizdən çoxunun məhz bu strateji məhsulun xaricə satışından əldə edildiyi bir şəraitdə Mərkəzi Bank vəziyyəti real dəyərləndirməli və neftin qiymətlərində son onilliklər ərzində baş vermiş kəskin dəyişmələrin fərqində olmalı idi. Çox təəssüf ki, ölkənin pul-kredit siyasətinə cavabdeh olan Mərkəzi Bank bu vəziyyəti vaxtında lazımınca dəyərləndirə bilmədi. O, sadəcə olaraq, ölkəyə gələn böyük neft pulları hesabına manatın məzənnəsini birinci devalvasiyaya qədər 15 faiz möhkəmləndirməyə üstünlük verdi. Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi səbəbindən ölkəyə daxil olan xarici valyutanın həcminin azalması manata olan təzyiqi artırdı”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bank 15 milyard dollardan bir qədər artıq olan valyuta rezervini manatın məzənnəsini sabitləşdirmək naminə sürətlə əritməyə başlayıb ki, bu da səhv addım olub: “Heç olmasa bu dəfə vəziyyəti real qiymətləndirib manatı Rusiyada, Qazaxstanda olduğu kimi üzən məzənnəyə keçirməklə valyuta ehtiyatlarını qorumaq lazım idi. Belə olardısa, Mərkəzi Bankın valyuta ehtiyatlarının iki il ərzində 72 faiz azalmasına yol verilməzdi. Mərkəzi Bank öz valyuta ehtiyatlarının böyük bir hissəsini manatın məzənnəsinin sabitliyi naminə xərcləsə də, iki devalvasiya ilə onun iki dəfə dəyərdən düşməsinin qarşısını ala bilmədi. Mərkəzi Bankın böyük neft pulları daxil olarkən manatın möhkəmləndirilməsi, bu pulların azaldığı bir dönəmdə isə onun məzənnəsinin sabit saxlanılmasına yönəli siyasəti yanlış idi və belə siyasət özünü doğrulda bilməzdi. Baş verən proseslər nəticə etibarilə milli valyutaya olan inamı əsaslı şəkildə dəyişdi. Əmanətlərini banklarda və evlərdə əsasən milli valyutada saxlayan insanlar mümkün qədər onları xarici valyutaya dəyişməyə üz tutdular. Yaranmış vəziyyətdə banklar da kreditləri daha çox xarici valyutada verməyə başladılar. Bir sözlə, dolların ölkəyə axını kəskin şəkildə azaldığı bir durumda, ona bütün səviyyələrdən basqılar edilməyə başlandı. Dollarlaşma özünün pik həddinə çatdı”.

F.Yusifovun fikrincə, bu durum bankların fəaliyyətini getdikcə ağırlaşdırmalı idi: “Manata olan inamın azalması səbəbindən onun məzənnəsində baş verən iki kəskin devalvasiya bankların dollarla verdikləri kreditlərin geriyə qaytarılmasına ciddi problemlər yaratdı. Kreditlərin verilməsi maksimum məhdudlaşdırıldı. Bank öz məhsullarını və xidmətlərini satmaqla qazanc əldə edən müəssisədir. Onun əsas məhsulu isə müəssisə və təşkilatlara, əhaliyə verdiyi kreditlərdir. Bank kredit vermirsə və ya kreditlərin verilişini maksimum məhdudlaşdırırsa, deməli, gec-tez onun fəaliyyətində problemlər baş qaldıracaq. Ölkənin bank sisteminin sağlamlaşdırılması, milli valyutaya olan inamın bərpa olunması yolunda prezident İlham Əliyevin əmanətlərin üç il müddətinə tam sığortalanması barədə qəbul etdiyi qərar çox mühüm əhəmiyyət kəsb edən, qətiyyətli bir addımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının və Maliyyə Sabitliyi Şurasının yaradılması da bank sektorundakı durumu sabitləşdirmək və milli valyutaya olan inamı bərpa etməyə yönəlik ciddi addımlardır”. 

Ekspert bu gün ölkənin bank sektorunu sağlamlaşdırmaq məqsədilə müxtəlif səviyyələrdə təkliflərin səsləndiyini də dedi: “Müəyyən maliyyə alətlərindən istifadə olunmasına, başqa ölkələrdə mövcud olmuş təcrübələrdən istifadə etməyə dair təkliflər səslənir. Bu təkliflərin hər biri normaldır. Lakin bir məsələni unutmaq lazım deyil ki, bank sektorunun mövcud durumunda onu sadə terapiya yolu ilə müalicə etmək mümkün deyil. Bu günə qədər ondan artıq bankın bağlanmasını və prosesin bu qaydada davam etməsini bank islahatları adlandırmaq olmaz. Banklar fəaliyyətindəki müəyyən nöqsan və çatışmazlıqlara görə bağlanır. Bağlanan banklara yerləşdirilmiş əmanətlərin və onların verdikləri kreditlərin geri qaytarılması ilə bağlı problemlər isə həll olunmamış qalır. Nəticə etibarilə bağlanan bankın əmanətlərini qaytarmaq yükü onsuz da çətin durumda olan Əmanətlərin Sığortalanması Fondunun üzərinə düşür. Bu fondun vəsaitləri çatışmadıqda isə dövlət zəmanəti ilə borc götürmək zərurəti yaranır. Deməli, son nəticədə bu yükün bir hissəsi dövlətin üzərinə düşür. Ona görə də ölkənin bank sektoru qısa zaman kəsiyində praktik olaraq yenidən qurulmalıdır. Bunu necə etmək olar? Yeganə doğru yolu mövcud bankların nizamnamə kapitalına tələbi 8-10 dəfəyə qədər artırmaqla onların məcburi qaydada bir araya gəlməsinə - yəni konsolidasiya olunmağa məcbur etməkdə görürük. Biz gec-tez onsuz da bunu etməliyik. Çünki bizə sağlam banklar lazımdır. Bu gün ölkə iqtisadiyyatının real sektorunun əsaslı inkişafı yolunda hökumətin atdığı addımlar sağlam bank sisteminin mümkün qədər tez formalaşdırılmasını zəruri edir. Bizə son nəticədə çox geniş şəbəkəsi və maliyyə imkanları olan, üzünü ölkə iqtisadiyyatının real sektoruna tutmağı bacaran 5-6 bank kifayət edər. Bu fikirləri biz ilk dəfə deyil ki, səsləndiririk”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2025

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1785

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
273

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
211

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
240

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
205

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
235

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 04:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru