Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2016
16:17
“Hər kəs qılıncını sıyırıb, əlavə dəyər vergisinin üzərinə yürüməsin”

Son aylar istehsal və xidmət sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və sahibləri sanki bir-birləri ilə razılaşdırılmış şəkildə ƏDV-dən azad olunmaq üçün müraciətlər edirlər. Bu müraciətlərin arxasında dayanan həqiqətlər nədən ibarətdir? Doğrudanmı bütün problemlər ƏDV ilə bağlıdır? Əgər müraciət edən tərəflərin bütün problemləri ƏDV ilə bağlıdırsa, onda onlar nə üçün məhz son aylar belə aktivləşiblər? Axı bu müəssisələrin hər biri indi azad olmaq istədikləri ƏDV-ni illərlədir ki, problemsiz ödəyirdilər. Deməli məsələnin başqa tərəfləri var. Sadəcə baş verən iqtisadi böhran hər kəsə öz təsirini göstərdiyi kimi, bu sahələrə də təsirsiz ötüşməyib və nəticə etibarilə onların rentabelliyi aşağı düşüb, gəlirləri azalıb. Bu səbəbdən də indi hər kəs öz itkilərini bərpa etmək yollarının axtarışındadır. Məsələn, iri super-market sahibləri insanlara normal xidmət göstərmək, əhaliyə satdıqları malların, məhsulların qiymət və keyfiyyət göstəricilərinə görə bir biri ilə rəqabət aparmaq əvəzinə, öz aralarında razılaşaraq daha asan yol – ƏDV-dən azad olmaq üçün hökumətə müraciət yolunu seçiblər. Başqa bir misal. Azərbaycan Dəmir Yolları QSC –də dəmir yolunun ƏDV-dən azad olunmasını israrla tələb edir.

Əlavə dəyər vergisi necə müəyyən edilir, onu hansı hallarda ləğv etmək mümkündür və bu təşəbbüs kimə məxsus olmalıdır? ƏDV Dövlət büdcəsinin əsas gəlirlərindən biridir və onun hansı sahələrdən necə alınmasını hökumət bu verginin ödəyicilərinin sifarişi və ya xahişi ilə deyil, özünün vergi siyasəti ilə müəyyən edir. Vergi Məcəlləsində ƏDV-dən azad olmalar və onun “0” dərəcə ilə tətbiqinə dair böyük bir siyahı var. Hökumət hər bir müəssisənin, sahənin vergi yükünü müəyyən edərkən, bütün reallıqları nəzərə alır və zərurət olduğu hallarda öz qərarlarında müvafiq dəyişiklikləri aparır. Bu səbəbdən vergi ödəyicilərinin yaranmış böhran şəraitində mətbuat vasitəsilə hökumətə “bizi ƏDV-dən azad etməsəniz müflis olarıq, iş yerləri bağlanar və s.” kimi lozunq xarakterli çağrışlarla təziq etməsinə ehtiyac yoxdur. Təəssüf ki, bəzi mətbu orqanlar belə “vasitəçi” missiyasını öz üzərinə götürüb, hökumətə bu çağırışı edənlərin səsinə səs verirlər. Bütün hallarda gəlin unutmayaq ki, vergi yükünün çəkisini bu vergiləri müəyyən edən tərəf onun ödəyicilərindən daha yaxşı bilir. Dövlət heç vaxt istəməz ki, vergi yükünü həddindən artıq ağır edib müəssisəni iflic vəziyyətə salsın. Ona bu lazım deyil. Əksinə, dövlət öz vergi siyasəti ilə istehsalın və xidmətlərin həcminin artırılmasında maraqlıdır. Çünki belə olduğu halda onun büdcəsi də daha çox gəlir əldə edə bilir. Bu səbəbdən də ƏDV-nin taleyinin müəssisə və ya sahə rəhbərliyinin baxışları və ya tələbi ilə müəyyən olunması mümkün deyil. Əgər bu baş verərsə, onda hər kəs inansın ki, büdcə indiki gəlirlərinin heç 1/10-ni də ala bilməz.

Ümumiyyətlə supermarket sahiblərinin və Dəmir Yolları QSC-nin rəhbərliyinin ƏDV-dən azad olunmaqla bağlı təklifləri nə dərəcədə əsaslı ola bilər? Mətbuat səhifələrində supermarket rəhbərlərinin müraciətinə münasibət bildirmişik. Onların müraciətinin əsası yoxdur desək bu hələ çox azdır. Əksinə bu müraciətdən sonra Vergilər Nazirliyinin xətti ilə supermarketlərin real ticarət dövriyyələrinin həcmini müəyyən etməyə yönəlmiş xronometrajlarla bəlli olub ki, onlar öz dövriyyələrini vergidən 10 dəfələrlə gizlədərək fəaliyyət göstərirlər. Burada birmənalı şəkildə vergidən gizlədilən dövriyyə qanunla müəyyən olunmuş şəkildə vergiyə cəlb edilməlidir. Bununla da bütün suallara cavab tapılacaq. Dəmir yollarına gəldikdə isə orada xidmətlərin ƏDV-dən azad edilməsi belə problemin axıra qədər həlli demək olmayacaq. Dəmir Yolları QSC bu gün dövlətdən müxtəlif formalarda dotasiyalar almaqla yaşayır. Bu sahədəki problemin həllinin yeganə düzgün yolu, bu təşkilatı sistemli şəkildə özəlləşdirməkdən keçir. Dünyanın qabaqcıl ölkələrinin bu sahədə çox yaxşı təcrübələri var. Bu təcrübələri öyrənib Dəmir Yolları QSC-nin özəlləşdirilməsinə başlamaq lazımdır. Ölkə Prezidentinin Dövlət Əmlakının özəlləşdirilməsinə dair bu ilin may ayının 19-da imzaladığı fərman bunun üçün geniş meydan açır. Ümumiyyətlə bu Fərmana uyğun olaraq təbii monopolist olan başqa sahələrin də özəlləşdirilməsinə start verməyin vaxtı çatıb. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyətinin ən ümdə tələblərindən biri normal rəqabət mühitinin olmasıdır. Bizdə bu gün dəmir yolu xidməti, su, qaz, yanacaq satışı sahəsində isə bu rəqabət yoxdur. Həmən sahələrin özəlləşdirilməsinə başlamaq artıq zamanın tələbinə çevrilib.

Fikrət Yusifov 

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

20

Sentyabr
10:00
SİYASƏT
145

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
500

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
387

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
376

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
425

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
398

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
533

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
496

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
495

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
607
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 11:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru