Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2016
11:55
Xaricdən kredit götürmək realdırmı?
Azərbaycan üçün kredit cəlb olunmasında ən vacib məsələlərdən biri...

Azərbaycan hökumətinin yenidən xarici borclanmaya gedəcəyi müzakirə edilir. Çünki ölkənin bank sektorunun kredit portfeli azalıb, iqtisadiyyatda ciddi problemlər yaşanmaqdadır. Ekspertlər musavat.com-a Azərbaycanın xarici təşkilat və dövlətlərdən kredit götürmək imkanlarından, şərtlərdən və risklərdən danışıblar.

Qeyd edək ki, ölkənin bank sektorunun durumu ürəkaçan deyil. 2016-cı ilin birinci rübündə Azərbaycanın bank sektorunun kredit portfeli 9 faiz azalıb. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə vitse-prezidenti Mariya Malyukova deyib. Onun sözlərinə görə, yaxın perspektivdə yenidən devalvasiya baş verməzsə, bank  sektorunda müəyyən qədər sabitləşmə gözləmək olar: “2016-cı ildə Azərbaycanın ÜDM artımının 3,3 faiz azalması gözlənilir. Manatın devalvasiyası bank sektoruna mənfi təsir edib: inflyasiyanı artırıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Büdcədə nəzərdə tutulan xərclərin, o cümlədən kapital qoyuluşlarının azalması bank sektoruna təsir edir. Biz kreditləşmədə mənfi tendensiyanı müşahidə edirik. Ölkənin makroiqtisadi vəziyyəti bank sektoruna mənfi təsir edir”. 

Ekspert Azər Mehtiyev xarici borclarla bağlı bildirib ki, bu gün Azərbaycanın xaricdən kredit gözləntisi var: “Ölkənin kredit resurslarına ehtiyac böyükdür. Beynəlxalq qurumlarla danışıqlar aparır. Təbii ki, bu kreditlərin verilməsi zamanı beynəlxalq təşkilatların tələbləri olur, onların şərtləri var. Bu baxımdan da Azərbaycan hökuməti ilə şərtlərində bir tərəfdən ölkədə islahatlar aparılması təklifi var. Ölkədə islahatların aparılmasında, dövlət idarəetməsində, xüsusilə son zamanlar vətəndaş cəmiyyətinin durumunun yaxşılaşdırılması istiqamətində tələblər var. Həm də söhbət vətəndaş cəmiyyətinin durumunun yaxşılaşdırılmasından gedir. Hökumət bu istiqamətdə konkret planlar təqdim etməsə, bu imkanları əldən verəcək, imkanlar məhdudlaşacaq. Son vaxtlar Beynəlxalq Şəffaflıq və Hesabatlılıq Təşkilatının təklifləri də geniş vüsət alıb. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə artıq Azərbaycanın statusu aşağı salınıb. Azərbaycandan artıq konkret addımlar tələb olunur. Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinin yaxşılaşdırılması tələbi var. Son zamanlar Azərbaycan üçün kredit cəlb olunmasında ən vacib məsələlərdən biri ölkədə siyasi məhbusların azad edilməsi, siyasi mühitin yumşaldılması və vətəndaş cəmiyyətinin fəaliyyət mühitinin yaxşılaşdırılması tələbləridir. Ancaq hökumətin bu istiqamətdə fəaliyyəti müşahidə olunmur. Buna görə hələ ki hökumətin kredit almaq təşəbbüsləri siyasi mühitin yumşaldılması elementlərinə ilişib qalıb”.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankının (AYIB) prezidenti Suma Çakrabati hökumət rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkə iqtisadiyyatı və bank sektorundakı vəziyyəti müzakirə edib. Suma Çakrabati bildirib ki, bank sistemində dəyişiklik olmadan iqtisadi artımın sürətlənməsi mümkün deyil: “İqtisadiyyatda artım o zaman gözlənilə bilər ki, yerli bankların kredit ayırmaq imkanı olsun. Belə ki, ölkə iqtisadiyyatı həddən artıq dollarlaşıb və hamı bununla razılaşır. Buna görə bankların manatla kreditləşməni bərpa etməsi üçün müvafiq mexanizm hazırlanmalıdır. Yaxşı olardı ki, milli valyutada istiqrazların buraxılması təmin edilsin. Azərbaycanda problemli kreditlərin həcmi artıb. Lakin bu proses yalnız Azərbaycan üçün xarakterik hal deyil, digər ölkələrdə də bu cür hal müşahidə olunur. Burada əsas məsələ kreditin ödənilməsi mədəniyyətinin formalaşmasıdır. Bu məsələ öz həllini tapmalıdır ki, banklar növbəti sərt addımlar atmasınlar”. AYIB  prezidenti deyib ki, onun rəhbərlik etdiyi bank manatla istiqraz buraxa bilər: “Bu yalnız bir şərtlə baş tuta bilər ki, bunun üçün müvafiq şərait yaradılsın. Manatla istiqrazların buraxılması üçün tənzimləyici addımlar atılıb. EBRD digər ölkələrdə milli valyutada istiqrazlar buraxıb. Burada əsas məsələ bazarın buna hazır olmasıdır”.

Çakrabati əlavə edib ki, AYIB Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə qərarlıdır.

Qeyd edək ki, artıq bununla neçənci beynəlxalq təşkilatdır ki, Azərbaycan hökumətinə bank sektorunun böhrandan çıxarılmasının vacib olduğunu tövsiyə edir. Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Risk Ekspertlər Qrupunun sədri Elman Sadıqov bildirib ki, Azərbaycan iqtisadiyyatının normal inkişaf üçün kredit resurslarına tələbatı 15-20 milyard manat təşkil edir. 

Onun sözlərinə görə, Azərbaycanda real sektorun kreditləşməyə ehtiyacı var: “Vəsaitin əldə olunması asandır. Həm Azərbaycandakı ehtiyatları, həm də banklardan kənardakı pulları nəzərə alsaq, 15-20 milyard manat böyük məbləğ deyil. Həmçinin ölkənin borclanma imkanları çox olduğu üçün 15-20 milyard manatı tapmaq çətin deyil. Əsas məsələ onun real sektorda düzgün yerləşdirilməsidir. Bunun 80-90 faizi real sektora effektiv yönləndirilməlidir. Xüsusən də Azərbaycanda turizm, kənd təsərrüfatı, ticarət və xidmət sektorunda kreditləşməyə ehtiyac var”. 

Əksər ekspertlər bildirirlər ki, kreditləşmənin ölkə iqtisadiyyatındakı rolu arzuolunan səviyyədə deyil. Ölkədə kreditləşmənin daha çox istehlak kreditləri üzrə yönəldiyini deyən ekspertlərin fikrincə, istehlak kreditlərinin payı 35-40 faizdir. “Real sektor üzrə kredit ayırmaları çox az olur. Halbuki bu sahə çox vacibdir. Ölkə iqtisadiyyatı üzrə kreditləşməni müəyyən etmək üçün bir sıra göstəricilərə diqqət yetirmək olar. Bu gün Azərbaycanda kreditləşmənin ÜDM-də payı 20-25 faizdir. Amma halbuki bu göstərici 50-60 faizdən çox olmalıdır. Bu gün kreditləşmənin payının iki dəfəyə qədər artırılmasına ehtiyac var. Normal iqtisadiyyat olsaydı, büdcənin 18 milyard olduğu halda, kreditləşmə 35-40 milyard arasında olmalıydı. Amma Azərbaycanda bir qədər fərqli situasiya var. Əvvəlla, bizim iqtisadiyyatın strukturu böyük həcmdə kreditləşməni həzm etməyə qadir deyil. Yəni kreditləşmə həddindən artıq artarsa, bu, iqtisadiyyatda böyük problemlər yarada bilər. Necə ki, 2011-ci ildən neft düşənə qədər problemlər yaşandı”,- deyə ekspert Samir Əliyev bildirib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43250

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41543

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43158

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42637

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48154

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42696

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43089
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 21:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru