Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Aprel

2016
16:39
Uçan yataqxananın sakinləri təhdid edildi...-FOTO

Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən yataqxanasının sakinləri köçürülmələri ilə bağlı xəbəri aprelin 14-də eşidiblər. Amma bu xəbər qəzalı mənzillərdən köçürüləcəkləri günü gözləyənləri sevindirməyib. Səbəb kompensasiyanın azlığıdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 14 aprel 2016-cı il tarixli, 217 saylı sərancamında Xətai rayonu, Cavanşir küçəsi, 10 və 14-də yerləşən yataqxanalarının sökülməsi, burda yaşayan ailələrin hər birinə dövlət hesabına 45 min manat verilməsi nəzərdə tutulub.

Virtualaz.org saytının əməkdaşları həmin yataqxanalarda yaşayan sakinlərlə görüşüb, köçürülmə prosesi ilə maraqlanıblar.

Köç başlayıb…

“Artıq 15-dən çox ailəyə pul verilib. Kompensasiyanı alan ailələrdən 10 gün ərzində mənzilini boşaltmaq tələb edilir”. Bunu yataqxana sakini Arif Məmmədov deyir.

Onun sözlərinə görə, bəziləri ev tapa bilmədiyindən müraciət etməyə tələsmir. “Qonşuların bir neçəsi Hövsan kəndində sənədsiz həyət evi alıb. 45 min manata ya Hövsanda, ya da Binəqədidə sənədsiz ev tapmaq mümkündür. Buna görə də, məbləğin artırılması üçün Nazirlər Kabinetinə, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətindən dedilər ki, narazı sakinlərin mənzilləri hesablanacaq, otağın ümumi sahəsinə görə 1500 manat ödəniləcək. Belə olanda isə heç 25-30 min manat ala bilməyəcəkdik. Biz də susmağa məcbur olduq”.

Kənarda dayanan sakinlər də söhbətə qoşulurlar: “45 min manatı alanlara mənzili boşaltmaq üçün xəbərdarlıq edilir. İcra hakimiyyətindən deyirlər ki, siz köçmək üçün bizi tələsdirirdiniz, indi də biz sizi tələsdiririk. Onlar üçün bizim küçədə və ya kirayədə qalacağımız əhəmiyyətli deyil”.

Boşalan mənzillər…

30 ildən çoxdur bu yataqxanada yaşayan Əliyevlər ailəsi də köçməyə hazırlaşanlar arasındadır. Mənzildən boşaldılan əşyalar yük maşınına yığılır. Ailənin xanımı deyir ki, Hövsanda aldıqları evə köçürlər: “Hövsanda həyət evi almışıq. Yol uzaq olsa da, başqa əlacımız yoxdur. 45 min manatla yalnız Bakıətrafı kənd və qəsəbələrdən ev tapmaq mümkündür”.

Ailənin boşaltdığı mənzilə baxırıq. Döşəmənin dağılmış yerlərinə taxta vurulub, tavan isə bir neçə yerdən uçub. Yuxarı mərtəbədən axıdılan çirkab su iz buraxıb.

Qeyd edək ki, ötən ilin martın 17-də yataqxananın 3-cü və 4-cü mərtəbəsində uçqun olmuşdu. Uçqun nəticəsində həm mətbəx, həm də tualet yararsız hala düşüb. Hələlik kompensasiya almayan sakinlər qapının yanında masa qoyaraq növbə ilə yemək hazırlayırlar. 200-dən çox sakinin hamam kimi istifadə etdiyi kiçicik otaqlar isə dağılıb.

Yataqxananın digər sakini isə deyir ki, ötən il baş verən uçqundan sonra çoxları xəstəlik tapıb: “Bu binada 96 ailə yaşayırdı. Bəzən gecələr növbə ilə yatırdıq ki, uçqun olsa uşaqları xilas edə bilək. Uşaqlarımız bu şəraitdə böyüdülər. Çoxları şərait olmadığından evlənə bilmədi. İndi də verilən pula geniş ev ala bilmədik”.

Ev elanları…

Yataqxananın divarlarına ev satışı ilə bağlı elanlar yapışdırılıb.

Nərgiz adlı sakin deyir ki, qərar çıxan gündən ev satanlar yataqxanalara axışır: “Bəzən bir gündə 4-5 makler gəlir, qapını döyüb evlər haqqında məlumat verirlər. Evlərin əksəriyyəti sənədsizdir. Çoxu sakinlərin çarəsizliyindən istifadə edir. Baxın, son 5 gündə divarlar elanla dolub”.

…Daha bir ailə köçməyə hazırlaşır. Lazımsız əşyalar uçub-dağılan boş otaqlara atılır…

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47982

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46052

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47710

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47291

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52853

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46893

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47330
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 10:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru