Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2016
10:08
Ağ qızılın qara tarixçəsi…

Ölkə prezidenti 2016-cı ilin ilk rübünün iqtisadi yekunları ilə bağlı keçirdiyi müşavirədə təcili olaraq ölkədə pambıq əkinlərinin sahəsini təxminən 3 dəfə (18 min hektardan 50 min hektara) artırmağın vacib olduğunu söyləyib. Hökumət əmindir ki, hökumət 2016-cı ildə bu vəzifəni yerinə yetirə bilsə, pambıq istehsalının həcmini 35 min tondan 100 min tona artırmaq problem olmayacaq. 

Rəsmi əsaslandırma budur ki, pambığın dünya bazarında həmişə alıcısı var və problemsiz özünə müştəri tapan bu məhsul ölkənin itirdiyi petro-dollarların bir hissəsini kompensasiya etməkdə yardım edəcək. 

Neft gəlirlərinin azaldığı hazırkı mərhələdə qeyri-neft ixracının artırılması istiqamətində axtarışlar anlaşılandır. Amma bir neçə sual var ki, ona hökumətin cavablarını görmək çox yaxşı olardı :

1) Dünyada pambığın ən böyük istehsalçısı olan Çin, Pakistan, Hindistan və Özbəkistan kimi ölkələri göz önünə alaraq “daxili resurs dəyəri” əsasında pambıqçılıq sektorunda müqayisəli üstünlük imkanlarımız qiymətləndirilibmi? Sahənin inkişafı ilə bağlı master-plan hazırlanıbmı, həmin planda sahənin inkişafı ilə bağlı üstünlüklərimiz, sahəni inkişafdan saxlayan problemlər və risklər, onların önlənməsi və aradan qaldırılması üçün mexanizmlər müəyyən olunubmu? Belə dəyərləndirmə son dərəcə vacibdir.  

2) Pambığın yalnız xammal kimi ixracı nəzərdə tutulurmu? Əgər belədirsə, pambıqdan böyük qazanclar gözləməyə dəyməz. Dünyada pambığın ən böyük istehsalçısı olan Çin, Pakistan və Hindistan istehsal imkanlarını məhz öz daxili istehlaklarını qarşılamağa yönəldirlər. Hazırda dünya üzrə illik 25-26 milyon ton pambıq istehlakının 60%-dən çoxu bu ölkələrin payına düşür. Mütəxəssislərin dediyinə görə, ayrı-ayrı ölkələrdə pambığın mahlıc çıxımı 35-40% intervalında dəyişir – yəni hər 1 ton pambıqdan təxminən 350-400 kq mahlıc alınır. Yerdə qalan 600-650 kiloqram tullantıdan dünyada bir neçə məhsul alınır: heyvandarlıq üçün yağlı yem, tibb sənayesi üçün qliserin, qida sənayesi üçün yağ. Yəni, göründüyü kimi əgər pambıq yerli sənaye üçün xammal kimi istifadəyə yönəldilsə, iqtisadi diversifikasiyada mühüm rol oynaya, kənd təsərrüfatı ilə yanaşı sənaye sferasında da yeni iş yerlərinin yaradılması üçün baza ola bilər. Eyni zamanda, pambıq xam formada ixrac edilmədən birbaşa emal zəncirinə daxil olduqda daha yüksək gəlir gətirir. Məsələn, mütəxəssis qiymətləndirməsinə görə, 1 ton pambıq mahlıc ölçüsündən asılı olaraq təxminən 1500-2000 ədəd qısaqol kişi idman köynəyinin istehsalı üçün parçanın xammalıdır. Ən ucuz topdansatış qiyməti ilə (məsələn, 2.5-3 dollar) bu 2500-3000 dollara bərabərdir. Halbuki son illər dünya birjalarında 1 ton mahlıcın qiyməti 1300-1600 dollar intervalında olub. Amma köynək istehsalına qədər pambıq iplik və parça üçün də emal zəncirindən keçməlidir. Bir sözlə, xam pambıq ölkə daxilində istifadə edilsə, ən azından 3-4 dəyər zəncirindən keçmək, hər zəncirdə işçi çalışdırmaq, əlavə dəyər yaratmaq potensialına malikdir.         

3) Pambıq hansı torpaqlarda əkiləcək və onu kim əkəcək? Bu sual ilk baxışdan yersiz görünə bilər. Amma cavabı mütləq verilməlidir. Əvvəla ona görə ki, Azərbaycanda özəl sektorun əlində olan əkinəyararlı torpaq fondu böyük deyil. Ölkə üzrə əkinəyararlı təxminən 1.7 milyon hektar torpağın 1.3 milyon hektarı özəl əllərdədir. Əkinəyararlı özəl torpaqların adambaşına həcmi cəmi 0.13 hektardır. Həmin torpaqlar yalnız ölkənin ən zəruri torpaq məhsullarının - dənli bitkilərin, meyvə-giləmeyvənin, tərəvəz-bostan məhsullarının, heyvandarlıq üçün yem tədarükünün, qida sənayesi üçün yağlı və texniki bitkilərin becərilməsi üçün yetərli ola bilər. Ona görə çox güman ki, hökumət dövlət ehtiyat fondu torpaqlarında zəruri irriqasiya işləri aparmaqla həmin torpaq resurslarından istifadə etməyi düşünür. Hazırda bələdiyyələrin və hökumətin sərəncamında 3.5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq fondu var. Bu, özəl fonddan az qala 3 dəfə çoxdur. Artıq bununla bağlı təcrübələr də var - son illər iri fermer təsərrüfatı yaratmaqla buğda əkinlərinin xeyli hissəsi məhz həmin torpaqlarda aparılıb. Amma burda narahatlıq doğuran problem resurslardan qeyri-bərabər və qeyri-şəffaf istifadədir. İctimai torpaqların hərraclar vasitəsilə istənilə şəxs tərəfindən icarəyə və istifadəyə götürülməsi mexanizmləri çalışmır, siyasi hakimiyyətə bağlılığı olmayan iqtisadi qruplar və ya şəxslər həmin torpaqlarda fermer təsərrüfatları yaratmaq, bu təsərrüfatlar üçün Sahibkarlığa Kömək Milli Fondundan kredit resursları cəlb etmək şansına malik deyillər.

4) Pambıq əkməyi təklif edənlər kəndli üçün alternativ gəlirləri qiymətləndiribmi? Pambıq keyfiyyətli və suvarma imkanı olan torpaq tələb edir. Fermerlər hazırda belə torpaqlarda bostan-tərəvəz məhsulları, üzüm-meyvə əkəndə bütün xərclərini çıxmaqla 1500-2000 manatdan 3000-4000 manata qədər pul qazana bilir. Ən az gəlir gətirən heyvandarlıq üçün otun becərilməsidir – bütün xərclər çıxılmaqla indiki qiymətlərlə fermer hər hektar suvarılan torpaqdan azı 700-800 manat qazanc götürə bilir və bu təsərrüfatda bütün işləri texnika həyata keçirdiyi üçün kəndlidən əziyyət də tələb olunmur. Amma ötən il orta məhsuldarlığın 2.5 ton olduğu şəraitdə fermer 1 hektar pambıq əkinindən bütün xərcləri çıxmaqla maksimum 600-650 manat gəlir əldə edə bilib. İndi pambıqla müqayisədə meyvə-tərəvəzdən ən azı 3-4 dəfə artıq gəlir götürə bildiyi halda fermeri pambıq əkməyə hansı səbəb cəlb edə bilər?

Azərbaycanda pambıq emalının inhisarda olması (səhv etmirəmsə bütün emal cəmi 2 şirkətin əlində cəmlənib) bu sahə üçün rəqabətli gələcək də vəd etmir. Burda çıxış yolu hökumətin təklif edəcəyi təşviq tədbirlərinə ümid qalır.

Yeri gəlmişkən, bizim ictimai rəydə pambıq bir məhsul kimi qara xatirələrlə ilişib qalıb. Sovetlər dönəmində əyalətlərdə bütün orta məktəb şagirdləri, institut tələbələri tədris ilinin ən azı 2-3 ayını pambıq tarlalarında keçirirdilər. Özüm orta məktəbdə oxuyarkən 1984-1988-ci illərdə pambıq yığımında iştirak etmişəm. Yalnız Vəzirovun Mərkəzi Komitənin 1-ci katibi təyin edilməsi ilə təhsil müəssisələrinin pambıqçılığa cəlb edilməsi qadağan olundu.

Bəlkə buna görə də ağ qızıl yaddaşımda qara tarixçə kimi ilişib qalır.

Və bu da faktdır ki, ABŞ və Avstraliya istisna olmaqla dünyanın ən 10 iri pambıq istehsalçısı arasında yüksək inkişaf etmiş ölkənin adı yoxdur...

Rövşən Ağayev / iqtisadçı ekspert

Məqalədə : Ağ qızıl pambıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
202

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
185

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
176

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
200

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
197

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
311

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
306

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
313

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 21:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru