Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Noyabr

2015
14:05
359
Fitə basıb təhqir etdiyimiz Azərbaycanlılar... niyə onlar fərqli seçim etdi?

Ramil Şeydayev azərbaycanlıdır. 19 yaşı var. Rusiya milli komandasında oynayır (əvvəl U-19, hal-hazırda U-21).

Azərbaycanın U-19 millisinə cəlb olunan 18 oyunçudan 17-si də azərbaycanlıdır. Əgər “lipa” deyillərsə, onların da 19 yaşı var.

Ramil Şeydayev U-19-lar arasında “Avro-2015”in seçmə və final mərhələsində təkbaşına üst-üstə 12 qol vurub!

Bizimkilərin topası isə elə həmin yarışda (seçmə və elit mərhələ) cəmi 5 qol vurub!

Hə, Ramil Şeydayev bir mövsümə 12 qol vurub!

Bizim U-19 millisində son 5 Avropa çempionatında (2011-2015-ci illərdə) oynamış ən azı 50-dən çox futbolçunun hamısı isə üst-üstə cəmi 15 qol vurub! Özü də... 23 oyunda!

Şeydayevin qazandığı Avropa çempionatının bombardiri adı və Avropanın vitse-çempionluğu olub.

Bizimkilərin “qazandığı” isə söyüş olub.

Şeydayev 12 qol vurub sadəliyini, təvazökarlığını qoruyub.

Bizimkilər bir qələt eləməyib, amma başları indidən havalanıb.

Şeydayevi U-19-dan U-21-ə yüksəldirlər.

Bizimkini qovub gəldiyi kluba göndərirlər.

Şeydayev Rusiyanın U-21 millisində qollar vurub komandasına uğur qazandırır.

Bizimki mühüm oyunda hikkəsindən qırmızı alır.

Və... Ortada bir gerçəklik var: qol vurub uğura gedən də azərbaycanlıdır, qırmızı alıb meydandan, intizamsızlıq edib komandadan qovulan da.

Amma biz həmişə bu ölkənin adını batıran azərbaycanlını başqa bir azərbaycanlıdan - uğura gedən, futbolun zirvəsinə doğru addımlayan azərbaycanlıdan daha çox istəyəcəyik, daha çox hörmət edəcəyik.

Əmin ola bilərsiz, bu millət Şeydayevə həmişə xain, satqın gözüylə baxacaq, onu stadionda görəndə fitə basacaq.

Çünki o, Azərbaycan millisini deyil, doğulub boya-başa çatdığı Rusiyanı seçib.

Hə, bir patriot kimi davranmayıb. Amma peşəkar kimi davranıb.

Bizim millət sevir axı belə şeyləri, hamı patriot olmalıdı. Bəli, başqa cür olmamalıdır da: vətəni, dövləti, bayrağı sevməliyik. Amma öz işimizi də sevməli, öz peşəmizə də hörmət eləməliyik, axı.

Hörmət edirik özümüzə?

Ya da sualın qoyuluşunu dəyişək: özünə, peşəsinə, və nəhayət, sənə, əziz futbol azarkeşi, sənə, sənin ölkənə hörmət edirmi sənin futbolçun?

Bugünlərdə keçirilən U-19-lar arasında Avropa çempionatının seçmə mərhələsində hər cür intizamsızlıq edən məgər Ramil Şeydayev idi?

Məgər, on illərdir səni, sənin ölkəni futbol dünyasında rəzil edən Ramil Şeydayevdir?

Ramili fitə basaq, ondan əvvəl isə Rusiya millisini seçən Aleksandr Səmədovu fitə basaq.

Amma gəlin, soyuq başla onu da fikirləşək: Səmədov (gələcəkdə Şeydayev) bizim millimizi seçsəydi, nə qazanacaqdı? Adam bizim millidə heç bir perspektiv görməyib Rusiyanı seçdi, pis-yaxşı dünya çempionatının final mərhələsi kimi nəhəng bir yarışda oynadı.

Yaxşı, lap deyək ki, Səmədov da qəbahət edib, Şeydayev də... Onların qəbahəti yalnız Rusiyanı seçməkdisə, bəs onda bizim, Rusiyanın yox a, məhz bizim öz bayrağımız altında meydana çıxıb belə məsuliyyətsizlik edib ölkənin nüfuzuna zərər vuranların qəbahəti nə boydadır?

Suallar çoxdu, həddən artıq çoxdu... Və kimsə, kimlərsə o suallara cavab verməlidir... Şeydayevi az qala dar ağacından asanlar belə...

Amma asmaqla, öldürməklə iş bitmir.

Biz yetişdirməli və yaşatmalıyıq... Ən azı Səmədov, Şeydayev səviyyəsində futbolçular yetişdirib onları qorumalı, inkişaf etdirməliyik.

Təbii ki, ruslar kimi bacarırıqsa.

Bacaracağıq, bacarmayacağıq, zaman göstərəcək.

Amma bu ölkənin U-19 millisində oynayan futbolçusunun Şeydayevdən örnək götürməsi çox yaxşı olardı...

Özü də utanmağa gərək yoxdu, Şeydayev özümüzünküdü, erməni Mxitaryan deyil...

AYDIN BAĞIROV

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3383

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1620

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2731

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1069

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1102

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1525
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 18:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru