Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2015
12:20
430
Bəlkə kimsə, nə vaxtsa, nəsə əxz etdi ?!

“Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir.”    

Korneli Tasit

“ Zamanın yeganə meyarı yaddaşdır”, ”Yaddaş xatirələr xəzınəsidir”, “Yaddaşımız puç olmuş arzularımızı bizə xatırladır”- deyib müdriklər. Bu mənada hər dövrün öz ənənəsi, öz xatirəsi, yaddaşı var. Məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, bəzən də qayğılı, acılı-şirinli keçən illərinə dair bəzi xatirələrimi bölüşərkən xüsusi olaraq vurğulamaq istərdim  ki, nə yazıq, müəyyən bir müddət kəsiyində uzun illərdən bəri oturuşmuş təhsil sisteminin ən yaxşı ənənələrini unutduq, yenilikçilik həvəsilə ciddi səylər və böyük zəhmət hesabına əldə etdiklərimizə biganəlik göstərdik və nəzərə almadıq ki, keçmiş ənənələrimizə bağlılıq, onları yaşatmaq gələcəyimizi qurmaqda ən təsirli stimul və sınanmış örnəkdir, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq insan psixologiyasında silinməz iz buraxıb. 

Əvvələr bilik əldə etmək üçün kitab, qazet, jurnallar var idi. İndi yüksək sürətli internet, çoxsaylı sosial şəbəkələr var. Əvvəllər insani münasibətlər canlı ünsiyyət vasitəsi ilə həll olunardı. İndi virtual, vizual, verbal vasitələr reallığa çevrilib. Skupe telefon zəngini sıxışdırır, danışıq SMS-lə, münasibətlər Facebokla, xatirələr, vinetkalar instoqramla, sevgi, məhəbbət “Odnoklassnik”lə, imtahan kompyuterlə, kağız dərsliklər elektron daşıyıcılar, planşetlərlə əvəzlənıb.  Bir sözlə getdikcə elmi-texnıki tərəqqinin əsirinə çevrililməkdə davam edirik. Sanki, Albert Eynşteynin “Qorxuram bir gün texnologiya insanlararası ünsiyyətin önünə keçəcək və axmaq bir nəsil meydana gəlməyə başlayacaq” erasının başlanğıcındayıq. Nə demək olar, zəmanə dəyişıb.Bununla belə zamanın cilovu da insan övladının əlindədir. Elə Eynşteyndən söz düşmüşkən, elə onun özünün bir etirafını da xatırlatmaq yerinə düşərdi: “Mən atomu insanlığa xidmət etmək üçün kəşf etdim, onlar bomba edib bir-birilərini yox etdilər.“ Hər halda bunun özü də bir xatirədir, özü də ibrətamiz bir xatirə. 

Təhsil tələskənliyi, radikallığı, inqilabi sıçrayışları qəbul etmir. Təhsil bir sistemdir və bu sistem oturuşmalıdır. Təhsil elm və təcrübənın vəhdətinə, pedaqogika, psixologiya, fiziologiya və metodologiyanın, onilliklərdən, yüzilliklərdən bəri bəhrələnmış qaynaqlarına, toplannmış potensialına əsaslanır, təkamül yolu ilə inkışafı tərciyə edir, milli-mənəvi və ümumbəşəri dəyərlərə, nəzəri biliklərə və praktik vərdişlərə yiyələnən vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsi daşıyır.Bir vaxtlar bütün bu prinsiplər gözlənilərdi. 

Məktəbın məqsədi və məramı oxutmaq, məktəblinin vəzifəsi isə yalnız oxumaq idi. Kiçiklərin özlərinə fəxri baba, böyüklərin dahi rəhbər hesab etdikləri proletariatın banısinin ”Oxumaq, oxumaq, yenə də oxumaq! “ və “Bizdə müəllim bu vaxta qədər heç bir burjua cəmiyyətində durmamış olduğu, durmadığı və dura bilməyəcəyi bir səviyyəyə qaldırilmalıdır “ kimi atributa çevrilmış kəlamları bütün təhsil müəssisələrinin foyelərini və dəhlizlərini bəzəyərdi. Bəlkə də o dövrün şagirdlərinin oxumaq fanatizmı, müəllimlərinin yüksək nüfuz sahibinə çevrilməsi, elə bu gerçəkliyə səsləyən şüarlardan qaynaqlanırdı? 

Sözün bütün mənalarında oxumaq, nəyisə öyrənməyə can atmaq yeganə amalımız idi. Sinfin yarıdan çoxu “əlaçı” və “zərbəçi” olardı. Nisbətən zəif oxuyanlar zərbəçı olmaq, zərbəçilər isə əlaçı olmaq uğrunda bir-biriləri ilə yarışa qoşulardı. Hamı, nəsə bir “vəzifə” daşıyardı. Kimi sinifkom, kimi təmizkom, kimi sinif, kimi məktəb divar qəzetinin redaktoru, kimisi də “redkollegiyanın” üzvü olardı. İndikilərə nə qədər sadə və primitiv görünsə belə bütün bunlar hər birimizdə kollektivçilik, yaradıcılıq vərdişləri, tapşırılan işə görə cavabdehlık, məsuliyyət hissləri formalaşdırardı. 

Kitabsız məktəb həyatımızı, məişət güzaranımızı təsəvvür edə bilməzdik. Böyük tənəffüs zamanı məktəb bufetindən nəsə almaq üçün evdən verilən beş-on qəpiyə qənaət edib, onu kitaba verərdik. Hər bir evdə “Etajerka” adlanan kitab rəfindən ibarət kiçik şəxsı kitabxanamız olardı. Məktəb kitabxanasındakı bütün kitabları oxuduğumuzdan mərkəzı kitabxanalara üzv yazılardıq. 5-ci sinfə qədər Canni Rodarinin, Andersonun, Qrim qardaşlarının nağıl və hekayələrini, 5-8-ci siniflərdə Daniel Defonun, Conatan Sviftin, Mayn Ridin roman və povestlərini, 9-10-cu siniflərdə isə artıq Cek Londonu, Konan Doylu, Teodor Drayzeri və onların əsərlərini tanımış olardıq.

Aşağı siniflərdən “Göyərçin”, “Azərbaycan pioneri”, yuxarı siniflərdə isə “Azərbaycan gəncləri”, “Elm və həyat” kimi qəzet və jurnallara abunə yazılardıq. Məktəbdən gələn kimi səbirsizliklə həmin nəşrləri gətirməli olan poçtalyonu gözləyərdik. Qəzet və jurnalları oxuduqdan sonra oradakı ən maraqlı və lazım bildiyimiz rəqəm və faktları kəsib saxlayardıq. Nədənsə, birdən sistemə acıq edib, hərfi mənasına belə varmadan “pioner” sözündən incik düşdük, minlərlə məktəblinin asudə vaxtlarının şən və maraqlı təşkilinə xidmət edən “Pioner düşərgəsi” adlanan, rayonlarımızın füsunkar guşələrində yerləşən yay-istirahət məkanlarını balalarımızın üzünə bağladıq.

Əsas bilik mənbəyimiz dərsliklər olardı. Ensiklopediya sözünün mənasını düz-əməlli başa düşməsək də dərsliyə mötəbər mənbə kimi baxardıq. İki nəfər arasında hər hansı bir faktla bağlı mübahisə yarananda, ona ilk növbədə dərsliyi açıb baxmaq məsləhət görülərdi.Dərsliklər tərtib edilərkən faktiki materialın seçilməsi ilə yanaşı həm də onun tərbiyəvi aspektlərinə xüsusi diqqət yetirilərdi. Tarix kurslarında “Böyük Vətən müharibəsi” ilə bağlı mövzulara alman faşistləri  tərəfindən general Karbışevin   40 dərəcəlik şaxtada  soyuq su şırnağına tutulub dondurulması, lakin onun əqidəsindən dönməməsi, Leninqradın mühasirəsi zamanı “qana bulaşmış və barıt qoxusu gələn mühasrə çörəyi” üçün növbəyə durmuş ac və yalavac kütlənin buzda aşıb çevrilən çörək maşınından dağılan bərəkəti necə mütəşəkilliklə yığıb, yenidən maşına yükləməsi barədə  emosional mətnlər xalqın mətnlıyinə, dözümlülüyünə, ümidliliyinə, mütəşəkkilliyinə inamlılığına ən başlıcası isə vətənpərvərliyinə heç kəsi biganə qoya bilməzdi. 

Məktəblərdə stimullaşdırma prinsipinə və peşəyönümü işinə xüsusi önəm verilərdi. Bilik səviyyəmiz, seçdiyimiz ixtisasa  marağ və düşüncələrimiz nəzərə alınmaqla ali məktəbə sənəd verib-verməməyimizi qabaqcadan qərarlaşdırardıq. Özünə güvəni olmayanlar o zamanlar geniş şəbəkəyə malik texniki-peşə məktəblərinə üz tutub, müvafiq peşələrə yiyələnərdilər. Bir neçə ali məktəb, bir neçə itisas seçib, hüquqşünas olmaq istəyənin tarixçi, tarixçi olmaq istəyənin kitabxanaçı, həkim olmaq istəyənin əzcazçı və ya bioloq olmaq ehtimalı və narahatçılığı yox idi. 

Al məktəbi bitirdikdən sonra ixtisasımıza uğun işlə təmin olunmaq, “indiki dildə” desək özümüzə karyera qurmaq qayğılarından azad idik. Əmək fəaliyyətinə başlamaq üçün haralarasa CV göndərmək, ümidsizliyə qapılıb, intizarla cavab gözləmək, bəxtimiz üzümüzə gülən təqdirdə  belə hansısa əlavə kurslara cəlb olunmaq, çoxpilləli və formal xarakterli imtahan, müsabiqə, müsahibə prosedurları ilə qayğılanmazdıq. Çünki, orta məktəbdəki təməl biliklərimiz və ali məktəbdə yiyələndiyimiz əlavə bilik bacarıq və vərdişlər ixtisaslı bir mütəxəssis kimi fəaliyyət göstərməyimizə əsas verirdi.  Bir başa təyinat alıb, iş-gücümüzlə məşğul olardıq. Təyinat müddəti bitdikdən sonra, vəziyyətə uyğun iş yerini seçməkdə sərbəst idik. 

SSRİ Maarif Nazirliyi və SSRİ Müdafiə Nazirliyinin avqust 1973-cü il tarixli birgə əmrinə əsasən kənd müəllimləri kəndlərdə işlədiyi müddətdə hərbi xidmətdən azad edilirdi. Bu əmrin gənc kadrların kəndlərə kütləvi axınını gücləndirməklə yanaşı, kənd məktəblərinin xeyli dirçəlməsində, ucqar regionlarda təhsilin canlanmasında əvəzsiz rolu var idi. Aspirantlar da təhsil aldıqları müddətdə hərbi xidmətdən azad olunurdular. Bu isə gənclərin elmə maraqlarını xeyli stimullaşdırırdı.Halbuki, artıq 7 ildən çoxdur ki, “Elm siyasəti haqqında” müfəssəl bir  Qanun qəbul edib, maqistrlara hərbi xidmətlə bağlı möhlət hüququ verilib-verilməməsi barədə baş sındırırıq. 

Biz  bir çox halda təhsilə verilən müasir tələbləri müasir təhsilə verilən tələblər kimi başa düşüb, qiymətləndirmişık. Halbuki, təhsilin tələbləri bütün dövrlər üçün eynı səciyyə daşıyıb-təhsil alanları lazımı bilik, bacarıq və vərdişlərlə silahlandırmaq.Təhsildə müasirlik heç də o anlama gəlmir ki, təhsil sahəsində uzun illərdən bəri qazanılmış mütərəqqi ənənələrdən imtina edilsin, qazanılan nə varsa, aid olduğu sistemlə birgə dəfn edilsin.

Bəli, biz belə oxuduq, belə təhsil aldıq, belə boya-başa çatdıq, bilik səviyyəmizə, bacarıq və qabiliyyətimizə uyğun həyatda müəyyən mövqeyə və nüfuza sahibləndik. Nə oxuduqsa, kitabdan, dərslikdən, qazet və jurnallardan oxuduq, nə öyrəndiksə məktəb və ailə tərbiyəsidən öyrəndik. Bizi məktəb və ailə mühiti yetişdirdi. O zamanlar kompüterin nə olduğunu belə bilmirdik. 

“Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edin bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər”  Bu da müasir dövrün nəhəng mütəfəkkirlərindən biri sayilan Umberto Ekodan bir xatirə. 

Kim bilir, bəlkə də, nə vaxtsa, kimlərsə, kiminsə, hansısa xatirələrindən nəsə əxz edib, hansısa bir nətıcə çıxardı. Necə deyərlər, keçmış xatirələrimiz yeni ümidlərimizdir.

Nadir İsrafilov

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
240

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
965

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
176

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
342

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
209

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
263
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 06:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru