Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2015
14:50
Avropada miqrant dalğası – BUMERANQ GERİ QAYIDIR
Onun yaranmasına, yayılmasına və nəticələrinə görə kimlər günahkardır?

Avropada bir kabus dolaşır – miqrant kabusu… Əgər Karl Marks adlı yəhudi əsilli alman filosofu XXI əsrin 15-ci ilində yaşasaydı, mütləq məşhur deyimindəki inqilab kəlməsini miqrant sözüylə əvəzləyib belə deyərdi. Çünki indi XIX yüzilliyin ikinci yarısında olduğu təki “qoca qitə”ni, burada yerləşən ayrı-ayrı ölkələri hər hansı proqramlaşdırılmış inqilab-filan yox, iqtisadi tənəzzül və çağırılmamış qonaqların kütləvi axını təhdid edir. Bəli, bu gün beynəlxalq dəmiryolu və dəniz vağzallarına yan alan, içərisi vətənlərindəki münaqişədən, qandan, aclıqdan, səfalətdən, işgəncədən canını götürüb qaçan insanlarla dolu nəqliyyat vasitələri doğrudan da avropalı liderlərin qorxulu yuxularına çevrilib. Həmin dəhşətli köçün qarşısını almaqdan ötrü bir dövlət sərhədə əsgər düzür, digəri divar hörməyi planlaşdırır, üçüncüsü polisin gücündən bəhrələnir, o biri də bərabər bölgüyə ümid bəsləyərək sığınacaqlar yaradır və sair.

Didərginlər Qərbə, Avropaya bir ümid, xilas yeri kimi baxır - bu, son vaxtların təbii mənzərəsidir - hətta mindikləri adi rezin qayıqlarda hər an addım-addım izləndikləri ölüm təhlükəsinə belə əhəmiyyət vermədən uzaq sahillərə üz tuturlar. Ötən 8 ayın faciəli statistikasına görə, 2800 insan mənzilbaşına salamat çata bilməyib, dənizdə batıb. Günümüzün daha acı həqiqəti isə qırx faizini suriyalıların təşkil etdiyi qaçqın ordusundan kimsənin 23 dövlətdən ibarət ərəb dünyasına pənah aparmamasıdır. Əsas səbəblərdən birincisi, yəqin ki, Allahın verdiyi karbohidrogen ehtiyatlarından hədsiz varlanmış, topladıqları sərvəti boş əyləncələrə xərcləyən harınlamış kral və şeyxlərin öz soydaşlarına qənim kəsilmələridir. Altmış ildən çoxdur mason lojasının və beynəlxalq banklardakı hesablarının qorxusundan  dinc fələstinlilərin qırğınına göz yuman, radikal vəhabi ideologiyasını Suriyanın, İraqın canına daraşdırıb əraziləri və xalqları neçə yerə parçalayaraq bir-birinin üstünə qaldıran, Bəhreyndən, Livandan ucalan fəryadları eşitməməzliyə vuran, bir ilə yaxındır hansısa diktatorun xilası naminə Yəməndə daşı daş üstdə qoymayan “qardaş”a necə etimad göstərməli?

Miqrantların başı həyat uğrunda mücadiləyə qarışıb - siasətlə məşğul olmağa nə vaxtları var, nə də həvəsləri – amma obyektiv beynəlxalq təhlilçilər, dünyanın mütərəqqi beyin mərkəzləri, hələ bu cür kritik duruma (Allah eləməmiş) düşməyən qövmlərin başbilənləri, öndəgedənləri böyük ehtimalla, problemin kökündə nələrin dayandığını bilməmiş deyillər; görünən dağa nə bələdçi..? Yəqin çoxdan fərqinə varılıb ki, yüz minlərin, milyonların taleyi ilə belə iyrənc şəkildə alış-verişin, yerli əhali, qara camaat halal torpaqlarındakı təbii sərvətlərin talanıb aparılması müqabilində cüzi pay umarkən zaman-zaman onlara göstərilən üç barmağın konfiqurasiyasına baxaraq dişlərinin dibini sormalarının, doğma dədə-baba yurd-yuvalarında ən adi insani haqlardan məhrumluqlarının bünövrəsini imperiya maraqlarından doğan təcavüzkarlıq, müstəmləkəçilik təşkil edir. Dövran dəyişdikcə ilhaq siyasəti modernləşir, işğala daha az maliyyə, silah-sursat və canlı qüvvə sərf olunur; istehsal vasitələri üzərində münasibətlər, istismar qaydaları yenilənir. İndi uzaq qitələrə, məmləkətlərə qoşun-ləşkər yeridilməsinə elə kəskin ehtiyac duyulmur. Bir atasından bixəbər vələdüzinanı 20-30 nəfər anasının əmcəyini kəsən manqurtlardan ibarət komandası ilə taxta çıxardıb marionet hökumət qur, yeddi-səkkiz ildən guya demokratik dəyərləri tapdalayır, hüquq və azadlıqları boğur deyə rəngli inqilablar vasitəsilə hakimiyyətdən uzaqlaşdırıb dar ağacına çək, getsin işinin-gücünün dalınca, vəssalam. Deyilənlərin təsdiqi üçün kifayət qədər faktlar var və heç də tarixin dərin qatlarına baş vurmağa lüzum yoxdur. Təzəcə Pəhləviləri (şah üsul-idarəsiylə birgə xarici müdaxiləçilərin ölkəyə sahiblənmək planlarını da) yenib İslam Respublikası quran şəhidpərvər İran xalqını müharibəyə cəlb etmək lazım gələndə Səddam Hüseyn “yaxşı oğlanlar”dan idi, Vaşinqtonun Küveytdə, ümumiyyətlə Fars körfəzində mənafeyinə toxunan anda dönüb oldu yaman… Yaxud Liviyanın neftini, qazını supergüclərə səxavətlə paylayanda, Fransa prezidenti sarkozinin seçki kampaniyasını maliyyələşdirəndə, nə bilim, ABŞ dövlət katibi xanım Raysla şəkil çəkdirəndə Müəmmar Qəzzafini sadə xalq seçmişdi, azacıq xəsisləşəndə, əmrlərə tabeçilik göstərməyəndə müstəbidə, Tirana, qaniçənə çevrildi və sair. Siyahını oxşar faktlarla nə boyda desən uzatmaq mümkündür: məgər bu gün Afrikanın helikopterdən ərzaq bağlamaları, içməli su atılan, dəhşətli epidemiyaların meydan suladığı bölgələrində dünən qiymətli daş-qaş - qızıl, brilliant, almaz hasil edilmirdimi? Deməli, bağdan ərik qurtardı, salam-əleyk qurtardı? 

Elə son hadisələri də dollardan imtina, avrozona həmrəiliyi, məxsusi valyutaya keçid mövzusunda xəyallar quran avropalılara okeanın o tayından bir mesaj, test saymaq olar.  Bir güllə atmadan, əsgər göndərmədən, yalnız miqrant sunamisi ilə bütöv Avropanı sarsıtdı, düşünməyə vadar etdi ABŞ strateqləri. 

Doğma Azərbaycanımız isə hökm sürən belə acı reallıqlar müqabilində həm ibrət alan, həm ibrət alınan məqamındadır. Ona görə dərs almalı, nəticə çıxarmalıdır ki, özü də zəngin karbohidrogen ehtiyatlarına malikdir və onun ixracı ilə məşğuldur; obrazlı desək, istisinə qızınmadığımızın tüstüsünə kor olmaqdayıq. 

25 ildir həm ərazisinin 20 faizi işğala məruz qalıb, həm də yaralı köksünün digər 80 faiz hissəsində milyondan çox məcburi köçkünə, əziz soydaşlarımıza həyat şəraiti yaradıb – bax, bu səbəbdən sərhədlərinə tikanlı məftillər çəkən, uca divarlar hörən demokratik, humanist Avropaya nümunə sayıla bilər.

P. S. Yenidən əsas mətləbə - “qoca qitə”yə uzanan böyük köçün üzərinə qayıdınca, əlbəttə baş verənlər dəhşətdir, üzücüdür. Amma Allah-təalanın sonuncu və ən mütərəqqi dinini Qiyamətə qədər qoruyacağı, bütün kainatın islamlaşacağı vədini xatırladıqda düşünürsən ki, bəlkə bu da həmin prosesin Avropadan başlanmasından ötrü bir vasitədir…     

    

Qurban Cəbrayıl

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
202

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
213

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
333

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
327

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
294
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 01:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru