Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Sentyabr

2015
10:06
896
Azərbaycana qarşı terroru kim və niyə dəstəkləyir?

"Bu yaxınlarda Dağlıq Qarabağda status-kvo dəyişə bilər. 1994-cü ildə atəşkəs rejimi tətbiq olunandan bu ərazi faktiki olaraq Ermənistanın nəzarətindədir, münaqişə isə dondurulmuş vəziyyətə düşüb. İndisə Dağlıq Qarabağa Rusiyanın sülhməramlı qüvvələri yeridilə bilər", - ABŞ-ın nüfuzlu qurumlarından biri, "kölgə Mərkəzi Kəşfiyyat İdarəsi" sayılan "Stratfor"un açıqlamasında bildirilir.

"Stratfor" analitiklərinin fikrincə, Dağlıq Qarabağa Rusiyanın sülhməramlı qüvvələrinin yeridilməsi həmin ərazilərin faktiki olaraq Azərbaycana qaytarılması deməkdir.

Amerikalılar onu da bildiriblər ki, Rusiyadan tam asılı vəziyyətdə olan Ermənistan nə qədər çalışsa da, Moskvanın planına mane ola bilməyəcək.

"Stratfor"un Dağlıq Qarabağla bağlı mediaya belə sızdırması yenilik deyil və hər "məxfi plan" açıqlamasından sonra bölgədəki vəziyyətə kənar təsirlərin forması ilə gücündə dəyişikliklər başlamışdı.

Qərb, daha doğrusu, ABŞ, deyəsən, Cənubi Qafqazdakı ən təhlükəli münaqişə statusunu itirməmiş Dağlıq Qarabağ probleminin həllində aktivləşmək istəyir.

Amma necə, hansı yolla və ümumiyyətlə, Birləşmiş Ştatların təşəbbüslərinin bir nəticəsi olacaqmı?

Vaşinqton indiyədək həmişə olduğu kimi, tək hərəkət etmir. Onun planlarının avanqardında Avropa Birliyidir.

O Avropa Birliyi ki, Almaniyanın qitədə geosiysi "ağırçəkili" statusu qazanmasına yönəlmiş siyasətinin reallaşması istiqamətində Berlinin postsovet məkanındakı yeni oyunlarını görməzdən gəlir və məhz Almaniyanın ssenarisi əsasında Avropa Parlamentinin Azərbaycanla bağlı marazmatik qətnamə qəbul etməsinə göz yumur.

Bu, illərdən bəri bəhs etdiyimiz, amma əsla dəyişməyən ikili standartlar siyasətinin təzahürlərindən biridir. 

Standartların fərqli olması tək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı durumda əks olunmur: Qərbin ümumilikdə, bütün müsəlman aləminə münasibətində standartların yerlərinin dəyişdirilməsi, fərqi aşkardır.

Sovetlər Birliyi dağılandan sonra parçalanan imperiyanın ərazisində yeni yaranan və ya onilliklər əvvəl qəsb olunmuş dövlətçiliyini bərpa edən ölkələrdə çeşidli məhəlli, etnik münaqişələr alovlandı.

Qərbin həmin münaqişələrə yanaşması, çözüm prosesində iştirakı və konflikt edən tərəflərə təsir metodları fərqli idi.

Dağlıq Qarabağ münaqişəsi istisna olmaqla, bütün münaqişələrdə Qərb birmənalı olaraq ərazi bütövlüyü pozulan və suverenitetinə xələl gələn dövlətləri müdafiə etdi.

Aktiv şəkildə, siyasi, maliyyə və bəzən hərbi-texniki dəstək verməklə.

Yalnız Dağlıq Qarabağ münaqişəsində ABŞ və Avropa Birliyi sözdə Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suverenliyini dəstəklədiklərini bəyan etdilər.

İşdə isə ABŞ Konqresi qarabağlı erməni separatçılarına sürəkli maliyyə yardımları ayırdı və həmin pul axını hələ də kəsilməyib.

1992-ci ildə isə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş bəhs etdiyimiz duruma, yəni ABŞ-ın Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq olunan ikili standartlara ən bariz misallardan biri sayıla bilər.

ABŞ-ın  vitse-prezidenti Cozef Bayden bir neçə dəfə etiraf edib ki, "Azərbaycana qarşı təzyiqlər və pressinq davam etdirilməli, Dağlıq Qarabağ münaqişəsində aşkar şəkildə tərəf tutulmamalıdır".

Cozef Bayden demokrat sayılsa da, Yaxın və Orta Şərqdəki situasiyanın gərginləşməsinə yönəlmiş ssenarinin oyunçularından biridir. Belə ki, 2007-ci ildə ABŞ Senatının qəbul etdiyi, İraqın federativ dövlətə çevrilməsi ideyasını dəstəkləyən qətnamə layihəsinin müəllifi məhz cənab Baydendir.

Amerikalı siyasətçilərin belə, "Cənab ikili standart", "Mister Maska" adlandırdıqları Cozef Bayden Dağlıq Qarabağın da "daha üst səviyyəli müstəqillik statusu" alması ideyasını dəstəkləyir.

Həmin ideya Dağlıq Qarabağın praktiki olaraq Azərbaycandan qoparılmasını, perspektivdə "müstəqil dövlət"ə döndərilməsini nəzərdə tutur.

ABŞ kimi, Avropa Birliyi də onillərdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əməli işlər görmək əvəzinə diplomatik söz yığınından ibarət bəyanatlar verir, konfliktdən Ermənistan və Azərbaycana təsir vasitəsi, daha doğrusu, Bakıya təzyiq rıçaqı kimi istifadə etməyə çalışır.

Rusiyanın quberniyasına çevrilmiş Ermənistandan fərqli olaraq, Azərbaycan müstəqil xarici siyasət yeridir, Avropa Birliyi və Rusiya ilə normal, amma hər iki güc mərkəzi ilə bərabərməsafəli münasibətlər qurmağa çalışır.

Cənubi Qafqazda iqtisadi, hərbi, təbii ehtiyatlar və insan potensialı baxımından ən böyük dövlətin belə kursu isə Qərbi narazı salır, çünki ABŞ və Avropa Birliyi bizdən sözsüz itaət, "demokratiyaya sonsuz sədaqət" tələb edir.

Həmin sədaqətin sxemi çox bəsitdir: Qərbdən alınan bütün göstərişlərə sözsüz əməl olunmalı, Rusiya ilə münasibətləri zəiflətməlidir.

Özü də maksimum dərəcədə.

2008-ci ilin avqustun 8-də Rusiya Gürcüstana qoşun yeridəndə və Abxaziyadakı separatçı rejimi dəstəkləyəndə Qərb birmənalı olaraq Tbilisini dəstəklədi.

Gürcüstana aşkar şəkildə iqtisadi, maliyyə, humanitar yardımlarla yanaşı, gizli hərbi dəstək də verildi.

Həmin dönəmdə Gürcüsitan prezidenti olan Mixeil Saakaşvili təlaşa düşmüşdü, çünki rus tankları Tbilisiyə doğru hərəkət edirdi və Rusiya hərbçiləri Güürcüstanı ikiyə bölmüşdülər.

Gürcüstan qoşunları Abxaziya ilə münaqişə xəttindən sonra ətraf ərazilərdən də geri çəkilmişdilər və rus tankları dayanmadan irəliləyirdilər.

Belə durumda ABŞ ilə Avropa Birliyinin Rusiyaya qarşı çox sərt mövqe tutmaları, Tbilisidəki mərkəzi hakimiyyətə birmənalı və qəti dəstək verməsi Gürcüstan dövlətçiliyini məhvdən, ölkəni də büsbütün işğaldan xilas etdi.

Daha sonra Qərbin Rusiyaya qarşı sanksiyaları başlandı - məhz Abxaziya məsələsinə görə.

Moldovanın şimalındakı Dnestryanı bölgədə separatçılıq baş qaldıranda Qərb birmənalı olaraq rəsmi Kişinyovu dəstəklədi. Tiraspoldakı rejim hələ də az qala yarıterror qruplaşması sayılır və Avropa Birliyi ilə ABŞ-ın heç bir siyasi təşkilatı, qurumu Dnestryanı bölgə ilə əməkdaşlıq etmir. Münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində də ATƏT-in Minsk Qrupundan fərqli olaraq, qərbli diplomatlar "münaqişə tərəflərinin hər ikisini diqqətlə dinləyərək onların mövqelərini anlamağa çalışırıq" demirlər.

Tam əksinə, Tiraspola təzyiqlər edilir və onillərdən bəri pressinq altında olan Dnestryanı bölgə Qərb üçün arzuolunmaz "separatçılar yığını"dır.

Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərində separatçılar mərkəzi hakimiyyətə qarşı silahlı mübarizəyə başlayanda, terrorçuluq alovlananda Qərb yenə də "münaqişə tərəfləri arasında danışıqlar" adlı bitmək bilməyən prosesi dəstəkləmədi, əksinə, Kiyevə qarşı vuruşanları "terrorçular və separatçılar" kimi dəyərləndirdi.

Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə, Donbas və Luqansk - bu separatçı bölgələrdəki rejimlərə qarşı Qərb maksimum dərəcədə sərt sanksiyalar tətbiq edib. Separatçıların liderləri və onların əlaltıları, rejimlərə dəstək verən təşkilatlar və maliyyə strukturlarının istisnasız olaraq hamısının adları "qara siyahı"ya salınıb. Həmin rejimlərin liderlərinin heç birinin ABŞ və ya Avropa Birliyi ölkələrinə ayaq basmaq imkanları yoxdur. 

Fəqət, Dağlıq Qarabağa gələndə Qərbin davranışında köklü fərqlər müşahidə olunur.

25 ildir ki, Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu, bu torpaqlarda "yerli əhalinin özünütəyin hüququndan yararlanmaqla" məşğul olmadığını, Ermənistanın terrorçuluğu dövlət siyasətinə çevirdiyini Qərbə anlatmağa çalışır.

BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə çoxsaylı qətnamələr və qərarlar qəbul ediblər, bəyanatlar veriblər. Ermənilər həmin sənədlərin heç birini eyinlərinə almırlar və Qərb də qərarlarının icrası üçün Yerevana zərrə qədər təzyiq göstərmir. 

Əksinə, Dağlıq Qarabağdakı terrorçu rejimin rəhbərləri ABŞ-a və Avropa Birliyi ölkələrinə rahatlıqla səfər edirlər, orada onlarla müzakirələr aparılır, yardımlar vəd olunur, qərbli diplomatlar Azərbaycanın işğal altında olan ərazilərinə yollanırlar. Bu azmış kimi terrorçu rejim ABŞ-da "daimi nümayəndəlik" yaradandan sonra analoju strukturları Avropa Birliyi ölkələrində də formalaşdırmağa başlayıb. Erməni diasporunun olduğu ölkələrdə Dağlıq Qarabağa yardım məqsədilə xeyriyyə marafonları təşkil olunur.

Halbuki Abxaziya və ya Donetskdəki separatçı rejimlərdən birinin Vaşinqtonda daimi nümayəndəliyinin açılması, yaxud da ABŞ və ya Britaniyada Tiraspoldakı rejimlə Cənubi Osetiyaya yardım marafonunun təşkili Qərb siyasətçiləri üçün yolverilməz hadisə, nonsens sayılır.

Qərb bu minvalla Dağlıq Qarabağ problemini tədricəən siyasi gündəmdən çıxarmağa, Xankəndidəki terrorçu rejimi legitimləşdirməyə can atır. 

Ukraynanın şərqindəki separatçılar hərbi birləşmələrinin yerdəyişmələrinə başlayan kimi ABŞ sanksiyaları gücləndirir. Amma Dağlıq Qarabağdakı terrorçu rejim Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanla birgə hərbi təlimlər keçirir - ABŞ Konqresi, ATƏT, Avropa Parlamenti susur.

İndiyədək susduqları kimi.

ATƏT Minsk qrupunun həmsədrləri işğalçı Ermənistana heç bir təzyiq göstərmir, ondan beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə riayət olunmasını tələb etmirlər, bütün məsələlərin həllini münaqişədə olan dövlətlərin üzərinə atmağa çalışaraq kompromis axtarırlar, Bakını hansısa efemer vədlərlə "güzəştlər"ə razı salmağa çalışırlar.

Bütün bunlar, xüsusilə də dövlət sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü məsələsində ikili standartlar siyasətinin artıq dözülməz həddə çatması, təbii ki, Azərbaycanda Qərblə əməkdaşlığın effektivliyi ilə bağlı müzakirələrin intensivləşməsinə səbəb olur.

Qərb bunu da anlamırsa, deməli, daha bir geosiyasi qarşıdurmada məğlubiyyətə məhkumdur.

Ukraynada, Gürcüstanda, Moldovada, Yaxın Şərqdə olduğu kimi.

Azərbaycan ABŞ və Avropa Birliyi ilə əlaqələrin zəifləməsində yox, daha da inkişaf etməsi, güclənməsində maraqlıdır.

Rəsmi Bakı Avropa Birliyinə qatılmaq istəyir və bu istiqamətdə öhdəsinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır.

Amma bir şərtlə: hərəkət ikitərəfli olmalıdır.

Münasibətlər bir tərəfin digərinin maraqlarını nəzərə almaması bir yana - saxtakarlıq və yalanla məşğul olaraq beynəlxalq hüququn prinsiplərini görməzliyə vurmaq deyil.

Qarşılıqlı əlaqələr Azərbaycana daim barmaq silkələmək, Bakını təhdid etmək, ultimatumlar dili ilə danışmaq da deyil.

Qərb bunu da anlamır?!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

24

Sentyabr
12:40
ÖLKƏ
103

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

24

Sentyabr
11:41
AİLƏ, SAĞLAMLIQ
95

Müflis olmus banklar əmanətləri qaytarcaq

24

Sentyabr
11:00
İQTİSADİYYAT
203

Ermənilərin vurduğu Raminin - Fotoları

24

Sentyabr
10:56
ÖLKƏ
145

Beyin niyə yuxunu "silir"?

24

Sentyabr
10:45
AİLƏ, SAĞLAMLIQ
102

Şamaxıda baş verən yol qəzasında 1 nəfər ölüb

24

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
113

Bakı polisi təlimlərə cəlb olunur

24

Sentyabr
10:07
HÜQUQ,HADİSƏ
129

Sizdə də qanazlığı ola bilər: NƏ ETMƏLİ?

24

Sentyabr
09:58
AİLƏ, SAĞLAMLIQ
167

Xarici valyutaların manata qarşı məzənnələri

24

Sentyabr
09:42
İQTİSADİYYAT
129

24 sentyabr tarixinə olan valyuta məzənnələri

24

Sentyabr
09:30
İQTİSADİYYAT
114
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2019 13:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru