Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2015
20:47
Azərbaycanda boşanmaların sayı niyə artıb?

“Boşanmaların əksəriyyəti evliliyin ilk beş ilində və uşaqsız ailələrdə baş verir”

“Bu gün Azərbaycanda boşanmaların artması qloballaşma prosesi çərçivəsində normal artımdır”.

“Natamam ailələrdə böyüyən uşaqlarda gələcəkdə ciddi psixoloji problemlər yaranır”.

“Boşanmalarda əksər hallarda təşəbbüskar tərəf qadınlardır, ailənin saxlanmasında da əsas ağırlıq qadının üzərinə düşür”.

Bu fikirlər APA TV-də yayımlanan “Sosium” proqramında səsləndirilib.

Proqramda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azərbaycanda boşanmaların digər dövlətlərlə müqayisədə o qədər də çox olmadığını deyib: “Hər il Azərbaycanda nikahların 12-13 faizi boşanma ilə nəticələnir. Avropa dövlətlərində bu rəqəm 35-45 faizdir. ABŞ-ın bəzi ştatlarında boşanmalar 70 faiz, bəzilərində isə 45-50 faizdir. Ölkəmizdə hər il təxminən 170 min əhali doğulur, 80 min nikah bağlanır və təxminən 12 min boşanma faktı baş verir. Lakin Azərbaycanda boşanmaların səbəblərinə diqqət yetirsək görərik ki, bu səbəblər gələcəkdə aktual problemə çevrilə bilər”.

Verilişin qonağı psixoloq Narınc Rüstəmova ailə institutlarının formalaşmasına böyük ehtiyac olduğunu qeyd edib: “Bu gün ailə cütlüyü sadəcə toya qədər olan prosesi fikirləşir, sanki ondan sonrakı proses sanki ailə həyatına daxil deyil. Ailənin ilk illərində adaptasiya dövrü yaşanır. Evliliyə qədərki müddətdə bəzi xüsusiyyətləri gizlətmək mümkündür, lakin ilk üç ildə münasibətlərin görünməyən tərəfləri də ortaya çıxır. Evliliyin 3-cü və 7-ci ili böhran dövrü hesab olunur və burada ailə institutlarının əhəmiyyəti önəmlidir. Boşanmalara təsir edən əsas faktorlardan biri də müasir ailələrdə uşağın sayının az olmasıdır. Hal-hazırda bizim ailələrdə ən çoxu 3 uşaq olur, bir, yaxud iki uşaqla kifayətlənirlər. Təbii ki, bir və ya iki uşaqdan gözləntilər də artır və valideynlər daha cəsarətli olur və övladının elə ilk problemində onu ürəkləndirir. Burada oğlanın ailəsindən çox, xanımların ailəsi tərəfindən müdaxilə önəmlidir. Çünki qadın ailədə baş verən problemləri öz ailəsinə bildirir”.

Narınc Rüstəmova boşanmağın son çarə olmadığını və gəncin quracağı ikinci ailədə də eyni problemin yaranacağını deyib: “Bu o demək deyil ki, qadın şiddətə qarşı mübarizə aparmasın, kölə olsun, amma problem ciddi deyilsə, bunu həll etmək lazımdır. Ailə böyüklərinə və ya psixoloqlara müraciət olunmalıdır. Heç kim zəmanət vermir ki ikinci quracağı ailədə bu problemlərlə rastlaşmayacaq. Hər kəs ayrı-ayrı ailə modellərində yaşayıb, yeni ailə qarışıq model olmalıdır. Tək uşaqlı ailələrdə bu problemi daha çox müşahidə edirik. Valideyn fikirləşir ki, övladım əziyyət çəkməməlidir, problem varsa, mən həll edərəm, yanıma gəlsin”.

“Sosium” proqramında iştirak edən hüquqşünas Rəsul Yusifbəyli dövlətin rüşeymi olan ailənin dağılmasının dövlətə də hər bir halda pis təsir etdiyini deyib: “Boşanmaların əsas səbəblərindən biri ailə quranların çoxunun ailə həyatına hazır olmamasıdır. Burada söhbət fiziki, maddi, mənəvi, psixoloji hazırlıqdan gedir. İnsanların maddi durumu təsir edir. Ailə quranların ayrıca yaşayış yerinin, daimi qazanc yerlərinin olmaması da boşanmalara təsir edir. Boşanmaların təşəbbüskarlarının 60 faizi qadınlardır. Ailə deyəndə daha çox qadın başa düşürük, ailədə yükün çoxu qadınların üzərinə düşür. Boşanmalar zamanı ən böyük zərbə uşağa dəyir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi boşanmaların səbəbi ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb: “Rəsmi olaraq boşanmalar zamanı 70-80 faiz hallarda əsas səbəb tərəflər arasında anlaşılmazlıq, xasiyyətin uyğun gəlməməsi göstərilir. Bundan sonrakı yerlərdə xəstəliklər, ailə münaqişələri, sonsuzluq gəlir. Lakin araşdırmalara əsasən, boşanmaların qeyri-rəsmi səbəbləri arasında ilk yerdə sonsuzluq durur. İl ərzində baş verən 12 min boşanma faktından 7-8 minində ailələrdə uşaq yoxdur. Son 5 il ərzində həm rəsmi, həm də qeyri-rəsmi statistikada sonsuzluğun artması qeydə alınıb”.

Narınc Rüstəmova natamam ailələrdə böyüyən uşaqların gələcəkdə hansı problemlərlə üzləşməsindən danışıb: “Belə hallarda yetkinlik yaşına çatana qədər uşaq ananın himayəsində qalır və çox zaman ailələr öz problemlərini uşaq üzərində həll etməyə başlayır, atanı uşaqla görüşdürməməklə cəzalandırırlar, bu da uşağın psixikasına təsir edir. Belə uşaqlar cəmiyyətdə özünü tapmaqda çətinlik çəkirlər, iki ev arasında qalırlar. Boşanma 6 yaşa qədər olan uşaqlarda problem çox ciddidir. Bəzən atalar da görüşə gəlmir, anaya olan incikliyi uşağa göstərir, bu hallarda uşaqlarda məktəb vaxtı sinfə uyğunlaşa bilməmək, özünə qapanmaq baş verir. Yeniyetməlik dövründə narkotiklərdən istifadə, tüfeyli həyata, zərərli vərdişlərə meyl edən gənclərin əksəriyyəti ailədaxili konflikt yaşayalar arasında olur. Bəzən rəsmi boşanma olmasa da, ailələr bir yerdə yaşamır, bu ailədə uşaqlar da özünü cəzalandırmağa başlayır, ata və anasına gücü çatmadığı üçün problemi özünə yönəldir”.

Psixoloq yaş artdıqca psixoloji problemlərin həllinin daha çətin olduğunu deyib: “Yaxşı olar ki, boşanma zamanı uşaqlar psixoloji dəstək alsın, prosesdən sonra uşaqlar da bir iki il ərzində müşahidə olunmalıdırlar. 12 yaşdan sonrakı korreksiya çox əziyyətlidir, amma mümkünsüz deyil. Natamam ailələrdə uşaqlar gələcəkdə özləri də ailə qurmaqdan qaçırlar. Sonsuzluq problemi hər zaman var indi, amma indi ailələr da ha davamsızdırlar. Bəzən səbəbi olmayan sonsuzluqlar da müşahidə olunur, burda stress faktoru var”.

Hüquqşünas Rəsul Yusifbəyli məhkəmə müddətinin uzadılmasının da boşanma qərarının dəyişdirilməsinə təsir etdiyini deyib: “Hər bir boşanmaya fərdi yanaşmaq lazımdır. Boşanmaq üçün məhkəməyə müraciət edənlərə çox həssaslıqla yanaşmaq lazımdır. Ailə məcəlləsinə görə, əgər tərəflər arasında əmlak mübahisəsi yoxdursa, uşaqları yoxdursa, yerli icra orqanına boşanmaq barədə ərizə verdikdən bir ay ərzində boşanma gerçəkləşir. Amma tərəflər arasında əmlak mübahisəsi və uşaq varsa, razılığa gəldikləri halda bir aya boşanırlar, razılıq əldə edilmirsə, məhkəmə onlara barışıq üçün 3 ay möhlət verir”.

Ekspert Elgün Səfərov son illər boşanmaların birdən-birə artmasına təsir edən faktorlardan danışıb: “2006-2007-ci ildə Azərbaycanda boşanmaların sayında birdən-birə artım oldu, bu faiz 12-13-ə qədər çatdı. Müşahidələr göstərir ki, 2000-ci illərə qədər ailələrin 70-80 faizi baba-nənə ilə birlikdə yaşayırdı, uşaqlar böyük ailədə tərbiyə alırdılar. Lakin indi proses dəyişib, ailələr daha çox müstəqil yaşayır. Qızlar, gəlinlər valideynlərlə birlikdə yaşamaq istəmirlər. Qadınlara bərabər hüquqların verilməsi onların öz hüquqlarını qorumasına imkan yaradır. Gündəlik məişət zorakılığına məruz qalan qadın boşanıb müstəqil şəkildə öz həyatına davam etməyə üstünlük verir”.

AQUPDK rəsmisi ailələrlə aparılan maarifləndirmə işinin əhəmiyyətini xüsusi vurğulayıb: “Çox nadir hallarda da olsa, bəzi vəkillər məsələni uzaqlaşdırırlar, hər iddiadan əmək haqqı aldıqları üçün. Azərbaycanda maariflənmə işi gücləndirilməlidir, risk altında olan, yəni zorakılıq faktı baş verən ailələr diqqət mərkəzində olmalıdır. Qanunvericilikdə də təkmilləşdirmə işi aparılmalıdır. bizim komitə tərəfindən ailə strategiyasının ilkin layihəsi hazırlanır. Bundan əlavə, uşaqlarla bağlı layihə də hazırlanır, burada uşaq məcəlləsində uşaqların hüquqlarının müdafiə edilməsi kimi sənədlər təkmilləşdirilir. Əsas məqsədimiz zorakılıq, erkən nikah faktları, təhsildə yayınma faktlarının qarşısını almaqdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
182

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
192

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
308

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
292

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
269
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 01:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru