Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Avqust

2015
11:38
“Ehsan qadağası”nın 1 ili: Şeyx nə məğlubdur, nə qalib...

Azərbaycanda “ehsan qadağası”nın bir ili tamam oldu. Ötən il avqustun sonlarında hökumət ölkə ərazisində yas mərasimlərində yeməkli ehsan süfrələrini qadağan edən qərar verdi. Doğrudur, rəsmi qurumlardan belə bir qərar olmasa da, ölkə boyunca hökumət qurumları ehsan məclislərini qadağan edirdilər. Əvvəlcə rayon icra qurumları və din xadimlərinə ehsan süfrələrinin qadağan edilməsi ilə bağlı tapşırıq verildi. Bundan sonra isə qadağaya əməl etməyən yas sahibləri cəzalandırıldı, hətta bəzi rayonlarda yemək qazanları yığışdırıldı.

Ancaq az sonra məlum oldu ki, ölkənin qeyri-rəsmi əsas dini qurumu olan Qafqaz Müsəlmanları İdarəsi bu qadağaya əməl etmir. Doğrudur, QMİ formal olaraq 2011-ci ildə Qazılar Şurasının əhaliyə ehsan süfrələrində israfa yol verməməklə bağlı müraciətini bir daha yayaraq dəbdəbəli ehsan süfrələrini tövsiyə etmədiyini bəyan etdi. Ancaq faktiki olaraq QMİ-nin mərkəzi ofisinin yerləşdiyi Təzə pir məscidindəki mərasim zallarında və idarəyə məxsus digər zallarda ehsan verilməsi davam etdi. 

Qadağa əsasən rayonlarda tətbiq edildi. Qeyd edək ki, artıq bir neçə ildir bir sıra bölgələrdə, o cümlədən Naxçıvanda və bəzi rayonlarda yeməkli dəbdəbəli ehsan süfrələri açılmır.

 Naxçıvanda bu qadağanı Vasif Talıbov tətbiq edir. Rayonlarda və bəzi kəndlərdə isə bunu yerli əhali öz təşəbbüsləri ilə edir. Ötən il qadağa tətbiq edildikdən sonra ehsan süfrələrindən imtina edən bölgələrin sayı artıb. O cümlədən qərb bölgəsində rayonlarda yas mərasimlərində ehsan süfrələri yığışdırılıb. 

Ancaq Bakıda və eləcə də əksər rayonlarda hələ də yeməkli ehsan süfrələri açılır. Yeri gəlmişkən, artıq Bakıda da bir sıra mərasim zalları yeməkdən imtina edib. Ötən gün əməkdaşımız paytaxtda fəaliyyət göstərən bir neçə mərasim zallarında yemək verilmədiyini əks etdirən elanlarla rastlaşıb. Bunların arasında SOCAR-ın tikdirdiyi mərasim zalları da var. 

Azərbaycanda ehsan qadağasının bütün ölkə boyunca tətbiqinin baş tutmamasının əsas səbəbi QMİ sədrinin bu qadağaya qarşı olması göstərilir. Məsələ burasındadır ki, QMİ rəhbəri açıq şəkildə münasibət bildirməsə də, onun birbaşa nəzarətində olan mərasim zallarında ehsanların verilməkdə davam etməsi, həmçinin Şeyxin qardaşı, deputat Cavanşir Paşazadə və qudası, deputat Qalib Salahzadə qadağaya qarşı çıxıb.

Şeyxin ehsan qadağasına müqavimət göstərməsi mərasim zallarından şeyxülislamın qazanc güdməsi, zalların bir çoxunun birbaşa Şeyxə və ya yaxın ətrafına məxsus olması ilə izah edilsə də, o zaman mətbuatda digər versiyalar da gündəmə gəlmişdi. Çünki aydın məsələdir ki, bütün mərasim zalları və ya ehsan mərasimlərinin təşkili Şeyxin monopoliyasında deyil, hətta olsa belə ordan gələn gəlir QMİ sədrini siyasi hakimiyyətə, onun verdiyi qərara qarşı çıxmağa vadar edə bilməzdi. Şeyx uzun illər çoxlu sayda siyasi hakimiyyətlərlə işləyib və çox ehtiyatlı və təcrübəli biridir. Bu səbəbdən QMİ sədrinin bir neçə mərasim zalında yeməkli ehsan vermək üçün hökumətin qərarına müxaliflik etməsi inandırıcı görünmür. Ortada başqa mətləblərin olduğu dəqiqdir. 

Bu mətləb isə Şeyxin hakimiyyət içərisindəki rəqibləridir. Məsələ burasındadır ki, son illər hakimiyyət daxilində Şeyxə qarşı ciddi “cəbhə” yaranıb. Bunu QMİ-yə qarşı münasibətdə də hiss etmək olur. Məsələn, son illərdə Şeyxin dini sahədə avtoriteti zəiflədilib. Hökumət daha əvvəl QMİ-nin səlahiyyətində olan dini maarifçilik işini yeni qurumlara tapşırdı. Ötən il  millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi yaradıldı və Kamal Abdulla qurumun rəhbəri, həmçinin prezidentin müşaviri təyin olundu. Bundan başqa, uzun illər yalnız dini qurumların qeydiyyatı və nəzarətini həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə əlavə səlahiyyətlər, ən mühüm dini maarifçilik səlahiyyəti verildi, idarənin ştat vahidi artırıldı, hər bir rayonda şöbələri yaradıldı. Bundan başqa, daha əvvəl QMİ-yə verilən müsəlman dini icmalarına dövlət yardımı ötən ildən DQİDK-ya verildi.

İlk baxışdan adi bürokratik və idarəçilikdə təkmilləşmə kimi görünsə də, bu addımların hər biri Şeyxin din sahəsində avtoritetini azaldır, QMİ-nin dominant rolunu məhdudlaşdırır. Bizə çatan məlumata görə, hökumətin ehsan qadağasının müəllifi də məhz Şeyxə qarşı olan şəxs və qurumlar olub. Bu səbəbdən də Şeyx ehsan qadağası kimi birbaşa onun nəzarətində olan sahəyə hökumət müdaxiləsinə müqavimət göstərib və göstərməkdə davam edir. Bununla da QMİ sədri din sahəsində əsas söz sahibinin özü olduğunu demək istəyib. 

Lakin son olaraq Bakıda bir sıra mərasim zallarının ehsandan imtina etməsi, həmçinin yeni tikilmiş “Heydər” məscidinin idarəçiliyinin (bu məsciddə 3 mərtəbəli binada 10-dn artıq mərasim zalı var - K.R.) QMİ-yə deyil, BŞİH-ə verilməsi göstərdi ki, hökumət içində Şeyxin müxalifləri ona qarşı mübarizəni davam etdirirlər və geri çəkilmək fikirləri yoxdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gədəbəy və Şamaxıya dolu yağıb

19

Oktyabr
14:25
ÖLKƏ
207

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
218

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
338

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
332

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
294
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 02:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru