Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 İyul

2015
13:19
İmtahanda zəif nəticə göstərən abituriyentlərin intiharının səbəbi nədir? - ARAŞDIRMA

Artıq bir neçə gündür ki, ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb. Buna baxmayaraq, bəzi nüanslar hələ də müzakirə olunur. İmtahanlarda ən yüksək bal toplayanların sayı 20-yə yaxındır. Aşağı nəticə göstərib ali məktəbə girə bilməyənlər də kifayət qədərdir. Mətbuatda yer alan iddialara görə, universitet arzusuna çatmayan iki gənc çıxış yolunu intihar etməkdə görüb. İmtahanlardan sonra intihar faktları əvvəlki illərdə də eydə alınıb. Bəs, həmin gəncləri bu addımı atmağa sövq edən məqamlar nədir? Ailə basqısı, yoxsa psixoloji sarsıntılar?

İntihar edən gənclərin valideynləri isə əsas səbəb kimi Tələbə Qəbulu üzrə Komissiyanın (TQDK) müsabiqədə iştirak etmək üçün nəzərdə tutulan keçid balının yüksək olmasını göstərirlər. Lakin mütəxəssislər bunun tam əksini iddia edirlər. Onlar bildirirlər ki, digər ölkələrlə müqayisədə Azərbaycanda keçid balları kifayət qədər aşağıdır.

FaktXəbər-in məlumatına görə, "Report" sadalanan məsələlərlə bağlıTQDK-nın münasibətini öyrənib, həm də ekspertlərə müraciət edib.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib ki, qəbul imtahanlarında yüksək və ya zəif nəticə göstərmək təhsillə bağlıdır, lakin abituriyentlərin intihara meyilli olmağı başqa məsələdir: "Bu, insanın xarakteri, özünün psixoloji cəhətdən zəif olması ilə əlaqəlidir. Eyni zamanda, gəncin yaşadığı şəraitin psixoloji amilləri də burada əsas məqam ola bilər. Ümumtəhsil məktəblərində tədrisin səviyyəsi aşağı olduğu üçün valideynlər övladının universitetə daxil olması üçün repetitor yanına məcburi göndərirlər. Əvvəllər hazırlıqlar 10-11-ci sinfi əhatə edirdisə, indi bu müddət 9-cu sinifdən başlayır. Həmin uşaq da imtahanda müvafiq balı yığa bilmir. Valideyn də 3 illik vaxtda xərclədiyi pulun acığını övladından çıxır.

Nəzərə almaq lazımdır ki, uşaqda bir tərəfdən imtahanın sıxıntısı, digər tərəfdən özünün gərginliyi, eyni zamanda valideynlərin basqısı üst-üstə gəldikdə, o da yaşamaq istəmir. Dəfələrlə qeyd etmişəm ki, gəncləri imtahan xofundan azad etmək lazımdır. İndiki gənclər keçmiş dövrün gəncləri kimi deyil.

Bugünkü dövrdə I sinfə qəbul, IV sinifdə, IX sinifdə imtahan, XI sinifdə buraxılış imtahanı, hətta arada sınaq imtahanları da olur. Bu qədər imtahan olar? Bunun psixoloji tərəfdən mənfi təsirlərini də nəzərə almaq lazımdır.

Təhsildə çatışmayan cəhət odur ki, təhsil sistemində nə psixologiya üzrə Elmi tədqiqat institutu, nə də yaş fiziologiyası üzrə institut var. Hər iki institut olmalı və əldə olunan elmi nəticələr təhsil sistemində nəzərə alınmalıdır.

Başqa məsələ də odur ki, TQDK istədiyi vaxt fənlərin sayını azaldır, istədiyi vaxt da çoxaldır. Digər tərəfdən, ümumtəhsil məktəblərində insanların bir-birinə qarşı kobudluğu hiss olunur. Son zamanlar insanlarda aqressiya güclənib. Cəmiyyətdə olan aqressiv münasibət uşaqlara daha tez təsir edir. Belə olan halda da intihar və digər hallar baş verir. Ona görə də ilk növbədə valideynlər evdə övladlarının qayğısına qalmalıdır.

İmtahanlarda uğur qazanmamaq normal haldır. Biri qazanar, digəri məğlub olar. İmtahanlar tək bir il üçün nəzərdə tutulmayıb. Bunun növbəti illəri çoxdur.

Ekspert bildirib ki, TQDK-nın ixtisas qrupları üzrə təyin etdiyi keçid balları qənaətbəxş deyil: "Çünki 700 balın qarşısında 200 bal 2 almaq kimi bir şeydir. Aşağı səviyyə ilə çox güman ki, ödənişli təhsillə pulunu verərək təhsili birtəhər başa vurub diplomunu alır. Lakin o, gələcəkdə mütəxəssis olmayacaq. Ona görə də ilk növbədə ümumtəhsil müəssisələrinin səviyyəsini artırmaq lazımdır. Çünki qəbul olanların böyük əksəriyyəti repetitorların hesabına yüksək nəticə toplayırlar.

Repetitor isə sadəcə, abituriyentlərin yaddaşını TQDK-nın tələblərinə uyğun səviyyədə formalaşdırır. Lakin məktəb vətəndaş hazırlamalıdır. Məktəblərə nəzarət edən yoxdur. Buna görə də şəraitə uyğun olaraq, keçid balları aşağı salınır. Ancaq ümumilikdə götürdükdə ən aşağı keçid balı 350-400 olmalıdır. Səviyyə aşağıdır. Ali məktəblərdə boş qalmaması üçün ballar aşağıdır.

Bu il 700 bal toplayan abituriyentlərin sayı keçən ildəkilərə nisbətən çoxdur. Ancaq 100 minə yaxın abituriyentin içərisində 15-20 nəfərin olması ürəkaçan deyil. Qızıl medal alanların sayı qədər 700 bal yığanlar olmalıdır".

Keçid ballarının təyin edilməsində səlahiyyətli qurum olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib ki, müsabiqədə iştirak etmək üçün lazım olan keçid ballarının aşağı salınması nəzərdə tutulmayıb: "Qəbul imtahanlarında aşağı nəticə göstərən abituriyentlərin intihar etməsi faktları var və bu ürəkaçan deyil. İstəməzdik ki, bu kimi hallar olsun.

Lakin qəbul imtahanlarında iştirak edən bütün abituriyentlər çalışmalıdır ki, yüksək nəticə toplasın. Aydın məsələdir ki, qəbul planı və abituriyent sayı artır. Bu da o deməkdir ki, qəbul olanlarla yanaşı, kifayət qədər qəbul olmayanlar da olacaq. Əgər abituriyent zəif nəticə göstərirsə, valideynlər və ya qohumların gəncə təzyiq etməsi heç də düzgün deyil".

Psixoloq Elnur Rüstəmov isə bildirib ki, ali məktəbə daxil ola bilməyən bütün abituriyentlərin heç də hamısı intihara cəhd etmirlər: "Gəncləri intihara sövq edən amillərdən biri cəmiyyətin müəyyən basqılarıdır. Bu da özünü gözləntilər formasında büruzə verir. Çünki gənclər ailə himayəsində olurlar. Yaxud da yeniyetmənin özünün də daxili problemləri və gərginliyi olsun. Həmin gənc də imtahanlarda yetəri qədər bal toplaya bilməyəndə, bu kimi hallar psixoloji problemlərə təkan verir. Hər zaman qeyd edirik ki, qəbul imtahanlarında valideynlər övladlarına qarşı çox diqqətli olmalıdırlar. Çalışmaq lazımdır ki, övladlarına bir insan kimi yanaşsınlar. Bu il qəbul olmadısa gələn il qəbul olmaq şansı var.

Bizim ailələrin övladlara müdaxiləsi hər zaman olub, bundan sonra da olacaq. Hətta indi müdaxilə daha çoxdur. Bu ya ixtisas seçimi, ya da oxumaq prosesində özünü büruzə verir.

Digər tərəfdən bu məsələdə valideyni də çox günahlandırmaq olmur. Çünki valideynlə danışanda deyir ki, sən mənim övladımı məndən çox istəyə bilməzsən. Yəni valideyn istəmədən övladına münasibətdə yanlışlığa yol verir. İntihar edən gənclərin ölümündən ən çox acı çəkəni də, məhz həmin valideynlər olur. Bütün bu kimi hallar övlad valideyn münasibətinin yaxşı qurulmasını ortaya qoyur.

Valideynlər universitetə qəbul ola bilməyən övladları ilə normal şəkildə doğru istiqamətdə söhbət etməli, lazım olduqda mütəxəssisə müraciət etməlidirlər ki, abituriyentlər gələn il üçün də qəbul imtahanlarında rahat şəkildə iştirak edə bilsinlər. Əgər abituriyent bu il universitetə qəbul ola bilməyibsə, bəlkə də belə məsləhətidir. Məsələyə bir də bu tərəfdən baxmaq lazımdır. Qəbul imtahanlarını keçməmək dünyanın sonu deyil. Növbəti il üçün daha yaxşı hazırlaşıb yüksək nəticə toplamaq mümkündür. Sadəcə, valideynlər bu istiqamətdə övladlarına kömək etməlidirlər.

Keçid balını 50-yə endirsələr də, bəzi valideynlər deyəcək ki, bunu 49-a salsaydılar daha yaxşı olardı. İmtahanların test üsulu ilə aparılmasının 20 illik tarixi var, lakin hələ də keçid balları qalxmayıb.

Valideynlər bu məsələdə repetitordan da narazılıq edəcək, keçid balından, hətta imtahan vaxtı da havaların isti olmasını da bəhanə gətirəcəklər. Bir müddətlik gərginlikdən müəyyən əsaslar gətirə bilər. Əksinə, "uşağım çox yaxşı oxuyurdu, amma zəif nəticə göstərdi" deməyəcəklər.

Valideynlər bu məsələdə övladlarına daha çox həssaslıqla yanaşmalıdırlar. Onlar uşaq az nəticə göstərəndə "səni istəmirəm, ancaq yüksək nəticə qazananda səni çox istəyirəm" deməli deyil. Valideyn övladını sırf övladımsan deyə istəməlidir. Bu yanaşma olmalıdır".

Xatırladaq ki, bu il üçün I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, dövlət sifarişli yerlərdə 250-dən, II qrupda 200-dən, dövlət sifarişli 300-dən, III qrupda 200-dən, dövlət sifarişində 300-dən, IV qrupda isə ümumi balı 200-dən, dövlət sifarişi əsasında ayrılan yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43059

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41378

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42942

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42447

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47983

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42394

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42793
Şərhlər
elvina eliyeva tərəfindən 02-08-2015 11:47:18 tarixində yazıldı
intihara sebeb
bezen de abituryentlerin aileleri repitetor yanina qoymadiqda orta mekteb daxilinde oyrendikleri ile imtahana girir ve az bal topayirlar.oxumaq istemeklerine regmen cox calissalar bele qebul ola bilmirler
veli veliyev tərəfindən 04-08-2015 04:11:12 tarixində yazıldı
İntihar etmənin səbəbləri
Qünahı imtahanlarda axtarmaq lazım deyildir. Bu anlayışı hər bir valideyn qəbul etməlidir ki, "hər bir oxuyan MOLLA PƏNAH olmur". Oxuya bilməyən şagirdi zorla hazırlıqlara qoyub pul xərcləməkdənsə aşağı siniflərdən zəif nəticə göstərən şagirdləri sənət-peşə ixtisaslarına cəlb etmək lazımdır. Tarix boyunca lazım olan qədər insanlar ali məktəblərə qəbul olunublar. Həmişədə müsabiqədən kənarda qalanlar olmuşdur. Sadəcə olaraq indi dolayı yolla ali məktəblərə qəbul olunmaq TQDK tərəfindən ləğv olunmuşdur. Həmin valideynlər hazırlıqlara xərclədiyi pulların haqq hesabını uşaqları ilə çəkəndə, bəzən uşağın özüdə utanır ki, bu müddətdə hazırlığa gedib onunda nəticəsi olmayıb. İradəsi zəif olanlar çıxış yolu isə intihar olur. Ona görə də oxumaq istəməyənləri zorla oxutdurmaq lazım deyildir.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 00:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru