Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 İyul

2015
15:51
Qarabağda müharibənin alovlanması Rusiya və ABŞ-ın maraqlarına zərbə vurar

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin srağagün Bakıda verdiyi bir sıra açıqlamalar Azərbayacanda narazılıq doğurur. Onun xüsusən "müharibə dövrü artıq bitib" fikirləri Qarabağ Azadlıq Təşkilatı (QAT) tərəfindən reallıqdan uzaq açıqlama kimi dəyərləndirilir. QAT sədri Akif Nağı  amerikalı həmsədrin açıqlamalarına və son zamanlar Qarabağ ətrafında səsləndirilən iddialara münasibət bildirib. 

   - ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, müharibə dövrü artıq keçib və heç bir tərəf müharibə istəmir. Siz nə fikirdəsiz, müharibə dövrü keçibmi? 

   - Reallıqdan uzaq bir açıqlamadır. Ceyms Uorlik istəklərini dilə gətirib. Amerika da, Avropa ölkələri də, Rusiya da qətiyyən istəmirlər ki, regionda yenidən müharibə alovlansın. Çünki müharibənin alovlanması onların bir sıra maraqlarına zərbə vura bilər. İstədikləri odur. Həm də onların planlarını poza bilər... 

   - Hansı planlarını? 

   - Amerika da, Rusiya da ciddi cəhdlə çalışırlar ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın istəklərinə uyğun olaraq həll olunsun. ABŞ-la Rusiya arasında bəlkə də yeganə məsələdir ki, Dağlıq Qarabağ məsələsində fikir ayrılığı yoxdur. Hər ikisi regionda bir xristian dövlətinin mövqelərinin güclənməsində maraqlıdır. Ona görə də onlar nə qədər də fikirlərini gizlətməyə çalışsalar da, bütün hərəkətləri, mövqeləri ona yönəlib ki, vaxtı uzatsınlar və Azərbaycan, nəhayət ki, "reallıq"la barışsın və ən azından Dağlıq Qarabağı Ermənistana birləşdirsinlər, bununla da Ermənistanın mövqelərinin güclənməsinə nail olsunlar. Açıq-aşkar bu siyasət yeridilir. 

   - Yeri gəlmişkən, amerikalı həmsədr Qarabağ probleminin həllində əsas amil kimi tərəflərin bir-birinə qarşı etimad mühitinin vacibliyindən də danışıb... 

   - Bu da ağlasığan məsələ deyil. Onların siyasətinin ssenarilərindən biri budur ki, Azərbaycanı mövcud reallıqla, işğal faktı ilə barışdırsınlar. Yəni bu şəraitdə onlar etimaddan danışırlar. Azərbaycan işğala məruz qalıb. İşğala məruz qalan ölkə işğalçı ilə nə cür etimad mühitini gücləndirə bilər? Müqayisə üçün, ABŞ İŞİD terror təşkilatı ilə etimad mühitini gücləndirmək istiqamətində addım atarmı? Atsınlar də. İŞİD-lə etimad mühitini gücləndirsinlər ki, gəlin, danışıqlara gedək, bu məsələləri sülh yolu ilə həll edək, bir-birimizə inamımız artsın. Terrorçu ilə bu mümkün deyil. Ermənistan rejimi də İŞİD-dən heç nəylə fərqlənmir. Ermənistan Azərbaycana qarşı İŞİD-in törətdiklərindən də ağır hadisələr törədib. 

   - Həmsədrlərin son açıqlamalrında Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinin vacibliyi barədə məsələ də yer alıb. Sizcə, sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab verirmi? 

   - Sülhməramlı qüvvələrin yerləşdirilməsi Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi dəyərləndirilə bilər. Hələ 15-20 il bundan qabaq olan müzakirələrdə də təklif edilirdi ki, münaqişə nizama salınandan sonra Dağlıq Qarabağ ətrafında sülhməramlı qüvvələr yerləşdirilsin. Biz o vaxt da bildirmişdik ki, Dağlıq Qarabağda, Azərbaycan ərazisində hansısa sülhməramlı qüvvənin yerləşdirilməsi nə məntiqə uyğun gəlir, nə də baş vermiş hadisənin mahiyyətinə. Biz Dağlıq Qarabağla müharibə aparmırıq, Ermənistanla müharibə aparırıq. Azərbaycanın torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi Ermənistan tərəfindən işğal olunub. Əgər bu münaqişə nizama salınacaqsa, əslində Ermənistanla Azərbaycan arasında münaqişə nizama salınacaq və sülhməramlı qüvvələr yerləşdiriləcəksə, Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməlidir ki, təcavüzkar Ermənistan bir daha Azərbaycana qarşı yenidən hansısa bir təcavüzkar, işğalçılıq hərəkəti edə bilməsin. 

   - Son zamanlar 7 rayonun qaytarılması məsələsi yenidən gündəmə gətirilib. Hətta Ermənistan mətbuatı da bu barədə narahatlıqla yazır ki, 7 rayon Azərbaycana qaytarılır və bu məsələdə Rusiyanın da istəyi var. Maraqlıdır ki, rusiyalı politoloqlar da son zamanlar bu mövqedən çıxış edir və bildirirlər ki, bu variant həm Ermənistan, həm də Rusiya üçün qəbuledilən variantdır. Sizcə, bu, baş verə bilərmi? 

   - Ermənistan və Rusiya mətbuatı bununla bağlı müəyyən informasiyalar verir. Ermənilər bir haray salaraq, "Qarabağ artıq Azərbaycana qaytarılır", "Rusiya Ermənistanı satdı" və s. bu kimi ifadələr səsləndirirlər. Rus ekspertlər də ağıllı şəkildə analitik yazılar verirlər ki, həmin bölgə Azərbaycana qaytarılmalıdır və bunsuz Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil. 1995-ci ildə Rusiya tərəfindən "Böyük sülh sazişi" deyilən sənəd layihəsi ortaya atılmışdı. Həmin sənəddə də bu məsələlər qoyulurdu. 1998-99-cu illərdə, 2001-ci ildə də bu məsələlər ortaya atılırdı ki, 5 və ya 7 rayon geri qaytarılacaq. Ancaq bu məsələ real addımlarla möhkəmləndirilmir. Nə Amerika, nə Rusiya bu cür təkliflərin həyata keçirilməsində maraqlı və təşəbbüskar tərəf kimi görünür. Ona görə də mən hesab edirəm ki, həmin dövrdən ortaya atılan bu fikirlər ancaq Azərbaycan cəmiyyətinin arxayınlaşdırılmasına, sakitləşdirilməsinə və vaxtın uzadılmasına xidmət edir. Onlar bu məsələdə obyektiv mövqe tutmurlar. 

   - Ermənistan müdafiə nazirinin müavini bəyan edib ki, "bizi narahat edən məsələ Rusiyanın Azərbaycana hücum silahlarını satmasıdır". Sizcə, bu da hay-həşirdi? 

   - Ermənistanda verilən rəsmi və ya qeyri-rəsmi açıqlamalar hadisələri qabaqlamaq istəyindən irəli gəlir. Balaca bir təhlükə yaranırsa, onu qabaqlamaq üçün hay-küy salırlar. Rusiya buna imkan verməyəcək, Amerika da ona çox böyük həvəs göstərmir ki, Dağlıq Qarabağın ətrafındakı rayonlar Azərbaycana qaytarılsın. Onlar bunu çox gözəl şəkildə bilirlər. Çünki əlaqəli şəkildə fəaliyyət göstərirlər. Sadəcə müəyyən ictimai rəy yaratmaq üçün bu cür açıqlamalar verirlər. Bir tərəfdən Rusiya onları silahlandırır, "İskəndər M" raket kompleksini yerləşdirir, o biri tərəfdən heç kəsə vermədiyi silahları Azərbaycana satır. Bunlar, birincisi, biznesdir, Rusiya hər iki tərəfdən qazanır. İkincisi, Rusiya silah-sursat baxımından paritetin pozulmasını istəmir. Ermənistan Rusiya üçün çox böyük əhəmiyyətli məkandır. Hərdən biz deyirik ki, Azərbaycan Rusiyaya daha çox şey verə bilər. Onsuz da Rusiya Azərbaycandan istədiyini alır. Amma Azərbaycan Rusiya üçün Ermənistan ola bilməz və olmaq da istəmir. Yəni Azərbaycan Rusiyanın köləsi olmaq istəmir. Amma Ermənistan o yolla gedir. Rusiya da bunu çox gözəl başa düşür və həm regionda mövqelərini qoruyub saxlamaq, həm İranla, Türkiyə ilə bağlı siyasətlərini həyata keçirmək üçün Ermənistan Rusiyaya çox lazımlıdır. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
95

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
195

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
135

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
140

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
250

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
335

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
262

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
59

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
76
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 18:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru