Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2015
10:39
Mənəvi immunitetlər qazanmaq fürsəti
Hacı İlqar İbrahimoğlu: "Mübarək Ramazan ayının gəlişi dünyanın qəflət quruluşuna zəlzələ kimi zərbə vurur"

Bismilləhir-Rahmənir-Rahim! 

Artıq mübarək Ramazan ayının daxil olmasına sayılı günlər qalıb. Bu zaman insanı ən çox düşündürən suallar: “Mən bu aydan nə götürməliyəm?”, “Bu ayda ən çox nələrə diqqət etməliyəm?”, “Mübarək Ramazan ayının potensialında hansı nemətlər vardır?” kimi ayıldıcı tutumu olan məsələlər olmalıdır. Mübarək ayda həqiqi oruc tutanların orucunu tutmağı bizlərə nəsib etməsini Uca Allahdan diləyirik. 

Ramazan ayında halal olan nemətlərdən pəhriz etmənin mənası

Ramazan ayının hər gününün öz duası olsa da, bir neçə gündən sonra daxil olacaq bu mübarək ayda Rəbbimizdən orucla bağlı tofiqatını nəsib etməsini diləyirik. Bu ayda tutulan orucun mahiyyət etibarilə vacibliyi və əhəmiyyəti onunla bağlıdır ki, bizlər öz nəfs və istəklərimizi nəzarətdə saxlaya bilək. Bu ayda hətta digər vaxtlarda bizə halal olan başqa məsələlərindən belə, günün müəyyən hissəsində pəhriz edirik. Halal ruzidən hər zaman istifadə edə bilərik. Amma bu İlahi ziyafətdə günün böyük bir hissəsini həmişə bizə halal olan qidadan çəkinirik. Məqsəd isə budur ki, bizlər istəklərimizi nəzarətdə saxlaya bilək. Bizləri bizdən daha yaxşı tanıyan, bütün imkanlarımızı bilən Allah Təala bunu vacib bilib ki, digər aylarda halal olan nemətlərdən də belə, bu ayda pəhriz edək. Mahiyyət isə bundan ibarətdir ki, bir ay ərzində Allahın halal nemətlərindən də pəhriz etməyə öyrəşən bir kəs, digər aylarda haramlardan daha yaxşı çəkinmə qabiliyyəti qazanmış olar.

İradəvi olaraq günahlardan çəkinməyi öyrənmək

Mübarək Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində görürük ki, Allah Təala tərəfindən bizlərə açıq-aydın bir əmr var. “Ey iman gətirənlər! Sizlər üçün oruc yazıldı və qərar verildi, necə ki, sizlərdən öncəkilərə vacib yazılmışdı. Ola bilsin ki, təqvalı olasınız”. Uca Allah aydın bir işarə ilə orucun vacib olmasının səbəbini açıqlayır - bizlər təqvaya yetişək. Təqva - insanın özünü nəzarətdə saxlamasıdır. Təqvalı insan imkan baxımından günah edə bilər, amma bunu iradəvi olaraq etmir. Təqva - əqlin və iradənin bazasında formalaşan mənəvi immunitetdir ki, insan onun sayəsində iradəvi surətdə günahlardan çəkinir. Bəzi insanlar var ki, onlar onsuz da müəyyən günahları edə bilmir. Bu insana təqvalı insan deyilməz. Amma bir insan da var ki, onun günah etməyə gücü çatır, amma etmir. İradəvi surətdə günahlardan çəkinmək təqva adlanır. Mübarək Ramazan ayında Rəbbimiz oruc tutmağımızın səbəbini onunla açıqlayır ki, bizlər bununla təqvaya çata bilərik.

Həddini aşanda bədbəxtliyə aparan iki qüvvə

Qeyd edək ki, insanın günah etməsinin iki çox ciddi başlanğıcı var. İnsanın etdiyi günahların əksəriyyəti öz başlanğıcını bu iki məsələdən götürür. Bunlar - qəzəb və şəhvət qüvvəsidir. İnsanın etdiyi günahları sistemləşdirsək, görəcəyik ki, onların böyük əksəriyyəti qəzəb və şəhvət qüvvəsinin həddini aşmasından irəli gəlib. Mübarək Ramazan ayı qəzəb və şəhvət qüvvəsini nəzarətə almaq imkanını verir. Allah Təalanın bizlərdə qəzəb və şəhvət qüvvəsini qoymasının səbəbi və hikməti var. Əgər bu iki qüvvə yerində istifadə olunarsa, insanın kamalına vasitə olar. Amma onlar həddini aşanda insanı bədbəxtliyə aparır. Ramazan ayının ən mühüm əhəmiyyətlərindən biri budur ki, qəzəb və şəhvəti nəzarətə almaq digər aylarla müqayisədə olduqca asandır. Bu ayda bunun üçün zəmin yaranıb. Nəzərə alsaq ki, Ramazan ayı şeytanın (lən) əl-qolunun bağlı olduğu bir aydır, bu zaman bizim bəhanələrimizə də yer qalmır. Bu da bizə həmin iki qüvvəni nəzarətə almaq üçün fövqəladə fürsət yaradır.

Bu ayda qəzəblər mərhəmət ilə əvəz olar

Nəzarətə alınmayan qəzəb qüvvəsi - insanı məhvə doğru aparan əsas amillərdən biridir. Qəzəb qüvvəsini nəzarətə almamağın cəzası olduqca böyük olduğu kimi, onu nəzarətə almağın da bir o qədər əcri və mükafatı var. İmam Baqir (ə) buyurur: “Kim qəzəbini soyuda bilsə və onu udsa, Allah Qiyamət günündə onun qəlbini iman və rahatlıqla aşırıb-daşırar”. Mübarək Ramazan ayı qəzəbi soyutmaq, onu udmaq üçün ən gözəl fürsətdir. İnsanda əmələ gələn mənəvi hal Ramazan ayında qəzəbi yaxına buraxmaz. Qəzəb hissi, əksinə olaraq mərhəmət hissi ilə əvəzlənər. Bu ay ərzində iradəvi olaraq qəzəbi nəzarətdə saxlamağı öyrənsək, digər aylar üçün də bunu mələkə halına keçirə bilərik. Bu zaman Allah Təbarəkə və Təala Qiyamət günü qəlbimizi iman nuru ilə aşırıb-daşırar. Ramazan ayı bizə Qiyamət üçün azuqə qazanmağa imkan verir.

Yerində edilmiş xatırlama

İmam Səccadın (ə) kənizlərindən biri onun əlinə su tökürdü. Qab onun əlindən düşür və Həzrətin (ə) üzünü yaralayır. İmam Səccad (ə) başını ona tərəf qaldırır. Bu zaman kəniz söyləyir: “Allah Təala buyurur: ”Qəzəbini udanlar..."" Elə bu buyuruşun əvvəlini deyən zaman İmam (ə) buyurur: “Qəzəbimi uddum”. Kəniz deyir: “İnsanların günahlarından keçən...”. Elə bu İlahi buyuruşu kəniz dilinə gətirmişdi ki, Həzrət (ə) buyurur: “Səni bağışladım”. Kəniz deyir: “Allah yaxşılıq edənləri sevər”. İmam (ə) buyurur: “Get, səni Allah yolunda azad etdim”. Yəni bir bilikli, mərifətli insanın yerində məsələləri xatırlatması, azad olmasına səbəb olur.

Nəfsi istəklərinin ardınca gedənin aqibəti

Bu ayın içərisində insanın diqqət etməli olduğu məsələlərdən biri də istəklərini nəzarətə almasıdır. İstəklər insanı məhvə apara bilər. Şəhvət qüvvəsi və bunun kökündə dayanan istəklər insanı o qədər bədbəxt edər ki, insan özü də təsəvvür etmədiyi səviyyəyə enər. Ramazan ayı istəkləri nəzarətə almaq ayıdır. Həzrət Əmirəlmöminin (ə) bizləri xəbərdar edirərək, buyurur: “Hər hansı bir eybdən pak və uzaq olmaq, şəhvət və nəfsi istəklərə hakim olmaqla mümkündür”. İnsan bu ayda şəhvət və nəfsi istəklərə hakim olmağı öyrənməlidir. İstədiyinin ardınca getməməli, ürəyi istəyəni etməməli və s. Əgər buna nail ola bilərsə, eyblərdən pak olar. Ramazan ayı insanı eyblərdən pak edən aydır.

Xeyrin hər zaman onlardan uzaq olduğu insanlar kimlərdir?

Həzrət Əli (ə) buyurur: “Xeyir, himməti və fikri-zikri qarnı və şəhvəti olan şəxsdən nə qədər də uzaqdır”. Əli (ə) bizləri çox incə bir buyuruşla xəbərdar edir. İnsanın çalışması, fikri-zikri qarnı və şəhvəti olarsa, xeyir o insandan hər zaman uzaqda olar. Mübarək Ramazan ayı bizləri hər gün bütün bu məsələlərə birbaşa şəkildə nəzarət etməyi öyrədir. Bu baxımdan, xeyir və fəzilətlərin inkişafı üçün misilsiz bir aydır.

Allah Təala Həzrət İsaya (ə) öyüdlərindən birində buyurur: “Ey İsa! Oyaq olanda günah etmə, ayıq olanda qəflətə düşmə, öz nəfsini məhvə səbəb olan şəhvətlərdən ayır və səni məndən uzaqlaşdıran hər bir şəhvətdən uzaqlaş”. Allah Təala sevimli peyğəmbərlərindən olan Həzrət İsaya (ə) öyüdlərini verəndə, əslində bizlərə xəbərdarlıq edir. İnsan oyaq olan zaman, onun ağlı, düşüncəsi var. Bu zaman insan ehtiyatlı olmalıdır ki, günah etməsin. Eyni zamanda Rəbbimiz çatdırır ki, nəzarətsiz şəhvət insanı Allahdan uzaqlaşdırır. Mübarək Ramazan ayı bir il üçün bizə bunun məşqini keçir. Əgər insan bu ayda halal olanlardan belə, çəkinə bilirsə, deməli digər aylarda haramlardan da çəkinə bilər.

Şəhvət - öncə qul, sonra isə zəlil edər

Həzrət Əmirəlmöminin (ə) buyurur: “Şəhvətlərin qəlblərinizə qalib və hakim olmasından çəkinin. Çünki onların əvvəli qula çevrilmək, sonu isə məhv olmaqdır”. İnsan öncə şəhvətinin quluna çevrilər, daha sonra isə məhv olar. Bir insan yoxdur ki, şəhvətin quluna çevrilsin və bununla da xoşbəxtliyə çatsın. Bu yolun sonu məhv və zəlalətdir. Mübarək Ramazan ayı bizləri qul olmaqdan azad edir. Ramazan ayının gündəlik dualarında da əsirlikdən, qulluqdan azad olmaq dilənir. Təbii ki, burada söhbət yalnız fiziki əsir olmaqdan getmir. Rəbbimizdən bu ayda nəfsi istəklərimizin, şəhvətimizin qulu olmamağı diləyirik. Bizlər bir çox şeylərin əsirinə çevrilirik. Ramazan ayı isə bizi bu əsirlikdən çıxarır. Çıxarır ki, bir il boyunca azad və firavan yaşayaq.

Çox təəssüflər olsun ki, bəzən Ramazan ayının günləri geridə qaldıqca, insanın mənəvi durumunda eniş başlayır. Əvvəlki günlərdə hər günün əməllərinə, ibadətlərə xüsusi diqqət ayrılırsa, getdikcə sanki bir adiləşmə müşahidə olunmağa başlayır. Bəzən insan bir həftəni və bir də əhyaları birtəhər yola verir və bununla da Ramazan ayının bitmiş olduğunu hesab edir. Amma, Ramazan ayının hər günündə, hər gecəsində özünəməxsus nemətlər, mükafatlar var.

Özünəqayıdış fürsəti

Bəli, mübarək Ramazan ayı ərəfəsindəyik. Allahın ayı öz rəhmət, bərəkət və məğfirəti ilə üzərimizə gəlir. Özü də necə gəlir. 

Dünya elə həmən dünyadır. İnsan da elə həmin insandır. Nəfsi də elə həmin nəfsdir. Arzuları da elə həmin arzulardır. 

Texnolji inkişaf gedib. Sürət artıb. Əlaqələr rahatlanıb. Amma hər bir nemətlə düzgün davranılmayanda, o, fəsad amilinə çevrilir.

Bədənimizdəki nemətlər kimi. Dildən düzgün istifadə edilməyəndə, fəsada səbəb olur. Gözdən düzgün istifadə edilməyəndə, fəsada səbəb olur. Hər şey zatən o cürdür.

Bu dünyanın ən böyük işi budur ki, bizi qəflətdə saxlasın. Özümüzdən, Yaradanımızdan, ölümümüzdən, əvvəlimizdən, sonumuzdan.

Mübarək Ramazan ayı gəlir və gəlişi ilə bütün bu dünyanın qəflət quruluşuna zəlzələ kimi zərbə vurur. Allah ayı - “Şəhrullah” gəlir və öz qaydaları ilə iman əhlinin həyatını tənzimləyir.

Dünənəcən yeməksiz, susuz qala bilməyən toplumda birdən hər şey dəyişir.

Mübarək Ramazan ayı bir fürsətdir. Bağışlanma fürsətidir. Tövbə fürsətidir. İstiğfar fürsətidir. Özünəqayıdış fürsətidir. Peşmançılıq fürsətidir. 

Necə ki, bizə bunu Məsumlarımız (ə) çatdırır: “Ey insanlar! Allahın ayı bərəkət, rəhmət və məğfirətilə Sizə tərəf gəlməkdədir...”

Bu ayda misilsiz bağışlanma fürsəti var

Ariflər buyurur ki, cənab Hürrün Aşura gününə qədər günah yükü, cəhənnəmin yeddinci təbəqəsi həddində idi. Amma tövbə etdi - həqiqi tövbə. Allah Təala onun bütün günahlarını bağışladı. Allah Təala sanki buyurur ki, ey bəndəm, sən də gəl Məni imtahan et. Gəl, mənim bəndəm, gəl, tövbə et. Gəl, əziz bəndəm, gəl, gör necə səni bağışlayıram.

Qurani-Kərimin “Zümər” surəsinin 53-cü ayəsində buyurulur: “De: lEy Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”.

Bir neçə təfsiri çalara diqqət edək

“Qul yə ‘ibədiyəl-ləzinə əsrəfu alə ənfusihim lə təqnətu min rahmətilləh” - Bəlli olur ki, əziz Peyğəmbərimizin (s) ümid və rəhmət mesajını çatdırmaq missiyası var.

“Qul yə ‘ibədiyəl-ləzinə əsrəfu” - Ayədə günahkarlar birbaşa müraciət ünvanı qərar verilməyib. Həzrət Peyğəmbərə (s) deyilir ki, onlara de. Deməli günah - İlahi təqərrübə mane olan amillərdəndir, bizi Rəbbimizdən ayıran mövzulardandır. Günah Allahla bağlantımızı kəsir, imkan vermir ki, birbaşa rabitə qurulsun.

“Qul yə ‘ibədiyəl-ləzinə əsrəfu” - Günah bir növ israfdır və həddi aşmaqdır. Bu mənada ayədə “əsrəfu alə ənfusihim” gəlib.

“Qul yə ‘ibədiyəl-ləzinə əsrəfu alə ənfsihim” - Günah - özümüzə qarşı cinayətdir və öz canımıza qəsd etməkdir.

“Qul yə ‘ibədiyəl-ləzinə əsrəfu” - Allah Təalanin lütf və inayəti çox şiddətlidir. Günahkarlar insan da belə, “bəndə” və özü də “Mənim bəndələrim” kimi müraciət edir. 

“İnnəllahə yəğfiruz-zunubə cəmi’-ə” - Allah Təala bəndələrinin bütün günahlarını - kiçikli-böyüklü - bağışlayandır. Həm günah sözü cəm halda gəlib (zunub), həm “əl” artikli gəlib günahın qabağında - ümumiyyət göstəricisidir, üstəlik hələ “cəmi’-ə” də (“cəm”, “büsbütün”) gəlib. Yəni bütün günahlar bağışlana bilər, bu, səmimi peşmançılığa və tövbəyə bağlıdır. 

“Lə təqnətu min rahmətilləh innəllahə yəğfiruz-zunubə cəmi’-ə” - Bir halda ki, bütün günahları bağışlayandır, insan üçün ümidsiz olmaq doğru deyil.

“Lə təqnətu min rahmətilləh innəllahə yəğfiruz-zunubə cəmi’-ə” - Allahın rəhmətindən məyus olmaq haramdır.

“İnnəllahə yəğfiruz-zunubə cəmi’-ə” - Bəndələrin bütün günahlarını bağışlamaq Allahın müqəddəs zatından irəli gəlir.

“Lə təqnətu min rahmətilləh innəllahə yəğfiruz-zunubə cəmi’-ə” - Allahın rəhmətinə ümidli olmaq, günahların bağılanmasının zəminini yaradır.

“Lə təqnətu min rahmətilləh innəllahə yəğfiruz-zunubə cəmi’-ə” - Günahkar bəndələrini bağışlamaqda, Allahın rəhməti üzə çııxır, təzahür tapır.

“İnnəhu huvəl-ğafurur-rahim” - Yalnız Allah Təala Ğafur və Rəhimdir - bağışlayan, əfv edən və mehribandır. 

“İnnəllahə yəğfiruz-zunubə cəmi’-ə innəhu huvəl-ğafurur-rahim” - Allah Təala niyə bəndələrinin bütün günahlarını bağışlayar? Çünki yalnız O, həqiq Ğafur və Rəhimdir.

Ayədən o də bəlli olur ki, Allah Təala günahkar bəndələrini tövbəyə təşviq edir. İnsan islah olunmağa israrla dəvət edilir. Hər zaman və hər məkanda. Üzümüzə gələn mübarək Ramazan ayı bu baxımdan fövqəladə fürsətlər təqdim edir.

Allah Təala bizə Ramazan ayını dərk edib, yaşadanlardan qərar versin! Amin!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60933

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58652

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60355

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
59995

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65569

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59808

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59985
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2021 04:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru