Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2015
12:22
Dövlət Neft Fondu ötən ilin zərərini açıqladı - 1,6 milyard manat

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) ötən il zərəri 1,6 milyard manat olub. Belə ki, ARDNF-in yaydığı məlumata görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar xərci 1 611,9 milyon manat təşkil edib. 

Dünya bazarında neftin qiymətinin ucuzlaşması, eyni zamanda valyuta məzənnələrində yaranan itkilər fondun aktivlərinə də ciddi təsir göstərib. Doğrudur, ARDNF bildirir ki, 2015-ci il yanvarın 1-nə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 milyon ABŞ dolları) nisbətən 3,42 faiz artaraq 37 104,1 milyon ABŞ dollarına bərabər olub. Lakin ötən ilin ikinci rübündə aktivlərin həcmi 37 622,4 milyon manat olub. Deməli, keçən ilin ortalarından etibarən Neft Fondunun rezervləri 518 milyon dollar azalıb. ARDNF-in  2014-cü il ərzində büdcə gəlirləri 12 731 milyon manat, büdcə xərcləri isə 10 117,2 milyon manat olub. 

İqtisadçı-ekspert Samir Əliyev qəzetə bildirib ki, valyuta məzənnələrinin dəyişməsində 1,6 milyard manatlıq zərər gözlənilən idi: "Ötən il, xüsusən də ilin ikinci yarısı fond üçün heç də uğurlu olmayıb. Təkcə 3-cü rübdə fondun aktivləri 317,1 milyon dollar azalmışdı. 4-cü rübdə isə azalma 518 milyon dollara qədər yüksəlib. Öncədən proqnoz vermişdik ki, neftin ucuzlaşmaqda davam etməsi, həm də dolların əsas valyutalara münasibətdə bahalaşması aktivləri daha da azaldacaq".

S.Əliyevə görə, ilin sonuna aktivlərə daxil edilən valyutaların ucuzlaşması daha da dərinləşib: "2014-cü ilin sonuna dollara münasibətdə avro təxminən 12,1 faiz, funt sterlinq 6 faiz, Avstraliya dolları 8 faiz, Türkiyə lirəsi 8,7 faiz, rus rublu 83 faiz, Cənubi Koreya vonu isə 3,3 faiz dəyərsizləşib. Bu valyutaların dollara nisbətdə  ucuzlaşması paralel olaraq manata münasibətdə də baş verib. Çünki manatın dollara nəzərən məzənnəsi sabit qalıb, digər valyutaların məzənnəsi ilə çarpaz müəyyən olunur.

"Bu ucuzlaşmadan sonra Neft Fondunun 2014-cü il üzrə valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərərin 1,6 milyard manatdan çox olacağını bildirmişdik". 

"Proseslər göstərir ki, 2015-ci il daha ağır il olacaq. Neft indiki səviyyədə qalarsa, bu halda hökumət ehtiyatda olan aktivlərə müraciət etməli olacaq. Bu isə ehtiyatların azalmasına gətirib çıxaracaq. Valyutaların ucuzlaşması digər tərəfdən zərəri daha da artıra bilər. Fond ehtiyatlarını əlverişli diversifikasiya etməklə idarəetmədə baş verə biləcək zərəri minimuma endirə bilər. Bunun üçün Çin yuanının ehtiyatlara daxil edilməsi daha səmərəli olar. Bu ölkənin valyutası ötən il cəmisi 2,5 faiz ucuzlaşıb. Yuanın daxil edilməsi isə avronun payının azaldılması hesabına baş verə bilər. Çünki bütün proqnozlar avronun ucuzlaşmaqda davam edəcəyini göstərir. Proqnozlara görə, yaxın 3 ayda avro 1,14-ə, ilin sonuna isə dollarla bərabərləşə bilər. Buna görə avronun payının 20-25 faizə endirilməsi düzgün olardı"- deyə iqtisadçı vurğuladı.  

Bu arada Fond məzənnə itkilərini minimuma endirib, vəsaitlərin idarə olunmasından əldə olunan gəlirləri artırmaq üçün Çin yuanına yatırım qoymağı plandaşdırır. ARDNF-dən "Bizim Yol"un sorğusuna cavab olaraq bildirdilər ki, vəsaitlərin bir hissəsinin Çin yuanında saxlanılması sahəsində başlanmış işlər davam etdirilir: "Çin hökuməti tərəfindən xarici investorlara qarşı müəyyən məhdudiyyətlər tətbiq edilir və yalnız müvafiq dövlət qurumlarından xüsusi razılıq (lisenziya) əldə edən investorlar bu ölkənin maliyyə bazarlarında fəaliyyət göstərmək hüququ qazanırlar. 

Bu lisenziyalardan birincisi Çin Xalq Respublikasının Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi tərəfindən verilən "Səlahiyyətli Xarici İnstitusional İnvestorlar" adlı lisenziyadır. Çin qanunvericiliyinə əsasən, Dövlət Neft Fondunun bu lisenziyaya sahib olması üçün ilk öncə hər iki ölkənin müvafiq qurumları, yəni Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Çin Xalq Respublikasının Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsi arasında Qarşılıqlı Anlaşma Memorandumu mövcud olmalıdır. Bu memorandumun imzalanması üçün başlanılmış işlər hal-hazırda davam etdirilir.

Çinin maliyyə bazarlarına investisiya etməyin ikinci yolu isə, Çin Xalq Bankından razılığın alınması və sonrakı mərhələdə müqavilənin imzalanmasıdır. Qeyd edilməlidir ki, tərəfimizdən bu sahədə işlər başlanılıb və artıq Çin Xalq Bankından 3 milyard çin yuanı (təxminən 500 milyon ABŞ dolları) həcmində investisiya edilməsi üçün razılıq alınıb. Hal-hazırda bu qurumla müqavilənin imzalanması sahəsində işlər aparılır. Bu müqavilə imzalandıqdan sonra çin yuanında investisiyalara başlamaq mümkün olacaqdır. Qeyd edək ki, 3 milyard  Çin yuanına investisiya olunacağı təqdirdə bu 2014-cü il dekabr ayının 31-nə olan ümumi investisiya portfelinin  təxminən 1,3 faizini təşkil edəcəkdir".

Avronun kəskin ucuzlaşmasının fondun aktivlərinə necə təsir göstərməsinə gəlincə, məlumatda qeyd edilir ki, 2014-cü ildə avronun investisiya portfelindəki xüsusi çəkisi 40 faizdən 35 faizə endirilib. Hazırda Dövlət Neft Fondunun aktivlərinin 35 faizinin avroda saxlanıldığı vurğulanır: "ARDNF-in investisiya portfelinin əsasən bir neçə valyutadan: ABŞ dollarından, avro, ingilis funt sterlinqi və digər valyutalardan ibarət olması nəticə etibarı ilə avronun dəyərdən düşməsini digər valyutaların dəyərinin artması hesabına kompensasiya edir. Fondun investisiya strategiyasının daha uzunmüddətli olması, müxtəlif valyutalar arasındakı məzənnə fərqinin əksər hallarda daha qısamüddətli dövr üçün  belə dəyişkən olması və eyni zamanda avronun hələ də bir çox ölkələr üçün rezerv valyutalar arasında olmasını nəzərə alaraq mövcud il ərzində avronun investisiya portflelindəki payı 35 faiz nisbətində saxlanılmışdır. Bir daha qeyd edilməlidir ki, əsas məqsəd fondun vəsaitlərinin nisbi deyil, real alıcılıq qabiliyyətinin qorunub saxlanılmasıdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
268

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1377

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

22

Noyabr
10:33
ELM / TƏHSİL
256

9 ayın yekunu: 47 min nikah, 107 doğum

22

Noyabr
10:15
ÖLKƏ
336

AMB-nin valyuta məzənnələri

22

Noyabr
10:07
İQTİSADİYYAT
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 14:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru