Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Noyabr

2014
12:58
Əsirin xatirələri - FOTO

“Birdən güllə girdi. Huşumu itirdim. Sonra bilmirəm nə oldu. Heç yaralandığımı da bilmirdim. Huşsuzdum, üzümü kimsə şillələyirdi. Gözümü zorla açdım. Qarayanız biri idi. Elə bildim özümüzünkülərdir. Gördüm ətrafımdakılar başqa dildə danışır. Anladım ki, nəsə xoş hadisə baş verməyib.”

Bunları ömrünün iki ilini əsirlikdə keçirən Aqil Əhmədov deyir. Danışdıqca əllərinin qeyri iradi tərpənişi, baxışlarının uzaq naməlum nöqtələrə zillənməsi onun həyəcanlı və birazda yaşanmışların xofunu göstərirdi.

Əslən Zaqatala rayonundandır. Deyir ki, 1995-ci ildə elə Zaqatala Rayonunda hərbi komissarlığa çağırılıb. Ordan da həmin dövrdə Səlyanda yerləşən Xüsusi Təyinatlı Hərbi hissəyə göndərilib. Həmin hərbi hissədən də 1997-ci ildə 8 nəfərlik qrupla kəşfiyyata göndərilib. Aqil Əhmədov deyir ki, Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin tapşırığı ilə qrup şəklində xüsusi döyüş tapşırığını yerinə yetirərkən əsir düşüb.

Əsir düşəndə yaralı idi. Elər orada öyrənir ki, özü ilə kəşfiyyata gələn digər 7 yoldaşı həlak olub:

“Yaralı idim. Yarama baxdılar, bir həftə 10 gün müalicə etdilər. Sonra saldılar kameraya. Bura “izolyator” desək daha doğru olardı. Pencərəsi yox idi. Orada məni boş dəmir çarpayı, qara divarlar gözləyirdi. Boş dəmirin üstündə yatırdım. Üstümə atmağa heç bir əski parçası da yox idi, çox soyuq idi. Sonralar “Qızıl Xaç” gətirib adyal verdi. Onda canım biraz qızındı”.

Aqil Əhmədov deyir ki, 8 kvadrat metrlik kamerada -beton döşəmə, daş, pencərəsiz divarlar arasındabir neçə ay tək yaşayıb:

“Qidalanma sıfır səviyyədə idi. Xilas olacağıma heç ümidim yox idi. Ölümün məni qapıda gözlədiyini bilirdim. Arzulayırdım ki, ay allah, heç olmasa bir dəfə də doyunca yemək yeyim. Bir–iki ay təklikdən sonra yanıma bir neçə azərbaycanlı əsir gətirdilər. Gülməli də olsa sevinirdim. Söhbət etməyə adamlar olacaqdı. İki ay hər şeydən danışdıq. Sonra mövzu qurtardı. Sonra daha bir nəfər də gətirdilər. Sevinirdik ki, yeni mövzu var. Gələcəyimizdən, edəcəyimiz işlərdən danışrdıq. Sonra əsirlikdə olduğumuzu xatırlayıb məyus olurduq...Mən indi danışdıqca hər şeyi yenidən yaşayıram”.

Yenə gözlərini naməlum nöqtəyə zilləyib susur. Deyir həyəcanlıayam, olanları tam izah edə bilmirəm. Biraz düşünüb yenə söhbətə davam ediri:

“Arada-sırada döyülürdüm. Yaralı olduğuma görə mənimlə elə də vəhşi kimi davranmırdılar. Ancaq o birilərini “yaxşı” döyürdülər. Dörd divar arasıdır, azadlıq yoxdur. Bayıra çıxa bilmirsən. Heç bilmirdik ayın neçəsidir? Səhərdir ya axşam? Bütün günü qaranlıq otaqda olduğumuzdan işığa çıxanda gözlərimizi tuturduq, baxa bilmirdik.Hamam üzünü 3- 4aydan bir görərdik. O da “Qızıl Xaç”-dan bizə baş çəkməyə kimsə gələndə...".

Normal həyatda insanlar vaxını keçirmək, günün səmərəli etmək üçün məşquliyyət tapır. Gəzir, könüllü işlərə qoşulur, ya da mütaliə edir. Məsələn bir kitabı bir həftəyə bitirmək olar, və ya bitirməmək üçün cümlələri sətir -sətir, uzada-uzada oxumaq da olar. Aqil Əhmədov kimi...

"Arada kitab verirdilər, oxuyurdum. Əlimə nə keçsə oxuyurdum. Az-az oxuyurdum ki, bitməsin. Darxırdım, ancaq məşğuliyyət tapa bilmirdim. Təsəvvür edin ki, divardakı daşların sayına qədər bilirdim.”

Daha sonra o məşum günü xatırlayır. Həmin günü ki, ona ölüm hökmü verilir:

“Deyəsən 98-ci ilin fevralı idi. Hava soyuq idi. Ətraf aləmdən təcrid edildiyimizdən bilmirəm dəqiq hansı ay idi. Mənim əsirlikdə məhkəməm oldu. Məhkəmə güllələnmə qərarı çıxardı. Bir həftə sonar güllələnəcəkdim. Beləcə gələcəyə olan bütün ümidlərimi bu qərarla itirdim”.

Aqil Əhmədov məhkəmə qərarından sonra yenə kovuşa gətirilir. Ölməyi gözləmək, öləcəyin günü bilmək nə deməkdir?!

Aqil Əhmədov nəfəs ala biləcəyi son həftəsinin başlanğıcında elə də narahatlıq keçirmir, “bir həftə bir igidin ömrüdür” deyə düşünür. Öləcəyi günü bilən üçün bir həftə qənimətdir.

O, Həftənin tamamında ailəsinə məktub yazır, vəsiyyətnamə edir. Həmin məktubdan yanındakı yoldaşlara da bir nüsxə verir:

“İşdir, hansı əsirlikdən xilas olsa ailəmə verər deyə…

Mənə verilən bir həftəni bir Allah bilir necə keçirdim. Heç yatmırdım- nə gecə, nə gündüz. Onsuza yatacaq yerim normal deyildi. Məhkəmənin verdiyi müddət başa çatdı. Hazır gözləyirdim ki, gəlib kimsə məni aparacaq güllələməyə. Ancaq heç kim gəlmədi. Bir neçə gün də “indi gələrlər, sonar gələrlər”səksəkəsi ilə keçirdim. Yenə heç kim gəlmədi. Hər günüm səksəkəli keçirdi. Dəhlizdə ayaqsəsləri eşidəndə düşünürdüm ki, bu mənim son anlarımdır, gəlirlərki, barəmdə verilən hökmü icra etsinlər. Özümə deyirdim vaxtdır, hazırlaş, gedirsən...Ancaq heç kim gəlmədi. Hər an, hər dəqiqə gözlədim.”

Əlində olan -qalan bir dəst geyimini geyinir, ölümə hazırlaşır, gəlib onu güllələnməyə aparacaq adamları gözləyir. Aqilin gözləri həmin gündən bəri kameranın qapısına dikilir. Hər ayaq səsini, duyduğu hər yad nəfəsi ölümün pəncəsi bilir. Beləcə bir il ötür. Və 1999-cu ilin martında gözlənilən qapı açılır:

“ Dedilər əşyalarını topla, gedirsən. Dedim vəssalam. Bu da son. Gedirəm gülələnməyə. Gözlərimi bağladılar, harasa aparırdılar. Heç bir müqavimət göstərmirdim. Sakitcə deyilənlərə əməl edirdim. Düşünürdüm  ki, bir güllədir, dəyir vəssalam. Gətirdilər neytral zonada  gözlərimi açdılar. O tayda bizimkiləri gördüm, başqa əsirlə dəyişdirilirdim. Gözlərimə ianmadım, həyacandanmı, ya sevincdənmi ayaqlarım tutuldu.”

Aqilə gözlədiyi ölümün qarşılığında həyat verilir.

“Gətiriləndə yerləşdirdilər hospitala. əsir düşəndə 70 kilodan çox idim. Geri qaytarılanda 49 kilo idim”.

Əsirlikdən xilas olmaqla Aqil Əhmədovun dərdi bitmir. Bu dəfə başqa əngəlləri olur. Deyir əsirlikdə bədənində qüsurlar qalıb. Əsas işkəncə ilə bədənində hələ də yaşayan güllədir:

“Tam rahat nəfəs ala bilmirəm. Güllə batır içəridən. Bu daxili orqanlarımı da zədələyib. Işləyə bilmirəm. Birinci qurup əliləm. Güllənin çıxarılması lazımdır. Riskli əməliyyatdır. Xəstəxanalar üzərinə götürmür. Mənə Türkiyənin Gülhanə xəstəxanasına geməyi tövsiyyə edirlər”.

Aqil Əhmədov deyir ki, Gülhanə xərclərini qarşılamağa imkanı çatmır. Dövlət hesabına dövri müalicələr alsa da bu onun problemini kökündən həll etmir.

Deyir müalicə xəxrəclərinin qarşılanması üçün rayonun icra hakimiyyətinə, Sosal Müdafiyyə nazirliyinə və digər aidiyyatı qurumlara müraciət etsə də hələ ki heç kim məktublara cavab verməyib. Bildirir ki, həmin şəxs vətəni üçün, vətəninin bütövlüyü üçün bu hala gəlib:

Hərbi ekspert Üzeyir Cəfərli Aqil Əhmədovun müalicəsi üçün dövlətin yardım ayırmağa borclu olduğunu bildirir.

 “O şəxsi qazanc dalınca gedərkən əlil olmayıb almıyıb. Vətənin ərazi bütövlüyü üçün əsir düşüb, sağlamlığından olub. Dövlət qurumları bu məsələdə hərərəfli yardım göstərməyə borcludurlar. Bu məsələdə Müdafiə Nazirliyi, Səhiyyə nazirliyi, Sosial Müdafiə nazirliyi bir başa onun müalicəsi ilə məşqul olmalıdırlar”.

Üzeyir Cəfərli dövlət qurumlarını ayrıseçkilik etməkdə günahlandırdı. Bildirdi ki, bəzi dövlət qurumları onlara basqı olmadığı halda üzərlərinə düşən vəzfəni layiqincə yerinə yetirmir.

Aqil Əhmədovla bağlı Müdafiə Nazirliyinə sorğu yolladıq. Nazirlik sorğuya heç bir cavab verməyib.

Keçmiş kəşfiyyatçı, Aqil Əhmədovun indi tək istəyi var. Tezliklə müalicə olunmaq, bədənində 17 il bəslədiyi güllədən, həyatını qaraltan ağırlardan xilas olmaq. Əsirliyə düşməyi ondan nələri alıb sualında fikrə gedir:

“38 yaşım var. Subayam. Ailəm, məktəbə gedən uşaqlarım ola bilərdi. Sağlamalığım əldən gedib. Dövlətin təqaüdü ilə dolanıram, işləyə bilmirəm. Amma işləyib özüm qazana bilərdim. Ölkənin pulundan yeməzdim.”

Sonra yenə fikrə gedir. Birdən özünü şanslı saydığını deyir:

“Kamera yoldaşlarımın taleyindən xəbərim yoxdur. Bəlkə dəyişdiriliblər, bəlkə də həyatda yoxdular. Ancaq mən sağam. Orada isə elə oğullar gedib ki...”

civil-forum.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya "YouTube"un rəqibini yaradacaq

16

Dekabr
11:15
DÜNYA
277

Qusarda kütləvi zəhərlənmə olub

16

Dekabr
10:50
ÖLKƏ
227

AMB-nin valyuta məzənnələri

16

Dekabr
09:44
İQTİSADİYYAT
231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 18:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru