Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2014
21:09
Metro ticarətçilərinin 30 min manatlıq tələbləri - Fotolar
“Bizə Avropa lazım deyil, biz acıq; banklara 30-40 min manat borcumuz var, bizdən pulu alan yəqin ki, bu pulları tək yeməyib”

Xəbər verildiyi kimi, martın 11-də Bakı Metropoliteninə daxil olan stansiyalardakı ticarət köşklərini yığışdırılması ilə bağlı qərar verilib. Metropolitenin yeni rəisi Zaur Hüseynov tərəfindən verilən qərar stansiyaların daxilində və piyada keçidlərində qurulan ticarət köşklərinə şamil edilib. Ticarət köşklərinin sahiblərinə isə martın 27-ə kimi vaxt verilib.

Metro ticarətçiləri BŞİH-lə razılığa gələ bilmədi

Buna etiraz olaraq bir neçə dəfə aksiya keçirən metro ticarətçiləri martın 14-də yenidən bir yerə toplaşıblar. Onlar öncə səhər saatlarında öz şikayətlərini Prezident Adminstrasiyasında səlahiyyətli şəxslərdən birinə bildirmək üçün Prezident Sarayına gəliblər. Orada bir saatdan artıq çəkən görüşdə yekun qərar bundan ibarət olub ki, onlar Bakı Şəhər İcra Hakimiyyətinə getsinlər və problemlərini orada bildirsinlər. Bundan sonra 200-ə yaxın şikayətçi BŞİH-ə yollanıb. Orada onları Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəbul edib. Görüş zalına jurnalistlər buraxılmasa da, şikayətçilərdən aldığımız məlumata görə, sahibkarlar Hacıbala Abutalıbova 5 təklif irəli sürüblər. Onların əsas tələbi  bir il möhlət verilməsi olub. Şikayətçilər bu tələblərinə əsas olaraq göstəriblər ki, əksəriyyətinin banklara külli miqdarda borcu var və bu borcları bağlamaq üçün uzun müddət işləməlidirlər. Ancaq BŞİH rəhbərliyi bununla razılaşmayıb və ticarətçilərə müxtəlif ticarət mərkəzlərində yerlə təmin olunacaqları barədə vəd verib. Ticarətçilər isə həmin yerlərin ucqar olduğunu, orada işləməklə pul qazana bilməyəcəklərini deyiblər. Görüşdə gərginlik yaranıb və Hacıbala Abutalıbov danışıqları yarımçıq tərk edib. Hacıbala Abutalıbov onların irəli sürdüyü təklifləri araşdıracaqlarını və həftənin birinci günü cavab veriləcəyini bildirib.

“Bizə Avropa lazım deyil, biz acıq”

H.Abutalıbovla görüşdən çıxan metro ticarətçiləri görüşdən narazı olduqlarını bildirdilər: “Biz ondan bir il vaxt istədik. Çünki bizim banklara külli miqdarda borcumuz var. Bu pulları ödəmək üçün bizə şərait yaratsınlar. Hacıbala Abutalıbov dedi ki, o, metro stansiyalarını Avropa standartlarına uyğun bir vəziyyətə gətirmək istəyir. Bu yaxşı fikirdir, amma bəs bizim haqlarımız necə olacaq? Bizə Avropa lazım deyil, biz acıq. Avropadakı insanların gəlirləri ilə bizim gəlirlərimiz birdir? Bizə “Günəşli, “Şərq” və “Yaşıl bazar”da yer verəcəklərini deyirlər. Bizə elə yerlər lazım deyil. Orada milçək tutmağa gedəcəyik? Banklara 30-40 min manat borcumuz var. Bəziləri var ki, evlərini satıblar, burada yer götürüblər. Bu pulları biz necə ödəyəcəyik? Bizdən pulu alan yəqin ki, bu pulları tək yeməyib. Necə pulllarımızı almışdılarsa, indi də qaytarsınlar. Qaytarmırlarsa, bizə 1 il vaxt versinlər ki, çalışıb borclarımızı ödəyək. O borclar boş yerə yaranmayıb. Bizdən qanunsuz şəkildə, hər təmir zamanı alınan pullardır. Bu yerlərdə çalışmaq üçün bizdən alınan minlərlə manat pula görə biz banklara borclu qalmışıq”.

Olmayan müqavilənin vaxtı necə bitə bilər?

Şikayətçilərdən birinin dediyinə görə, metro ticarəti bağlansa minlərlə insan işsiz qalacaq: “Minlərlə insan metrolardan dolanır. Çünki biz gedib satdığımız malları hardansa alırıq və gətirib metroda satırıq. Həm biz ailəmizə çörək pulu qazanırıq, həm də onlar. Beləcə, hamı birtəhər dolanmağa çalışır. Metro ticarəti bağlansa minlərlə insan ac, işsiz qalacaq. Əgər bağlanacaqdısa, bunu bizə 1 il öncədən deyərdilər ki, biz də başımıza bir çarə qılardıq. İki həftə sonra köşkləri sökəcəklər. Deyirlər ki, müqavilənin vaxtı bitib, yeni müqavilə imzalanmayacaq. Yalan deyirlər. Olmayan müqavilənin vaxtı necə bitə bilər? Bizim heç birimizin müqaviləsi yoxdur. Çünki bizdən minlərlə manatları alanda sadəcə şəxsiyyət vəsiqəmizin seriya nömrəsini götürüblər və deyiblər ki, bura sənindir. Ödədiyimiz pulların qarşılığında bizə qəbz verən olmayıb. Tələb də etməmişik. Biz düşünmürdük ki, nə vaxtsa bizə bu formada zülm edə bilərlər”.

Metro ticarətçilərindən olan Anarın dediyinə görə, onlar metroda obyekt götürmək üçün 15 min manat pul veriblər: “Biz burada özbaşına iş görməmişik. Bu yerlərə görə 15 min manat, bəzilər 30 min, 40 min manat pul verib. Elə stansiyalar var ki, orada 6 yer götürüblər. Bu yerlərə görə 100 min manat pul ödəyiblər. Bu pulları bizdən yığan ortalıqda yoxdur. Deyilənlərə görə, Almaniyaya qaçıb. Biz kasıb adamlarıq, ailəmizi bununla dolandırırıq. Ödədiyimiz icarə pulunu da qaytarmırlar. Mənim 4 banka borcum var. Bunun səbəbi isə hər dəfə təmir işləri gedəndə bizdən yığılan pullardır. İlk dəfə təmir ediləndə dedilər ki, bu köşklər yaramır. Başqaları ilə dəyişdirilməlidir. Təmir zamanı hər dükanı bir az balacalaşdırdılar, əlavə dükanlar yaratdılar. Onları da stansiyasına görə, oradakı alverə görə müxtəlif qiymətlərə satdılar. Sonradan yenə dedilər ki, rəngləri uyğun gəlmir, ona görə də qəhvəyi rəngdə eyni formada köşklərlə əvəz edilməlidir. Bu dəfə də əlavə köşklər yaratdılar, onları da başqalarına satdılar. Bundan əlavə, təmir edilən köşklərə görə də bizdən pul aldılar. Əvvəlcə bir kvadrat metrə görə 1100 manat pul aldılar. Sonra dedilər ki, 15 min manat da verməlisiniz. Məcbur borc tapıb verdik ki, çörək pulumuzdan olmayaq. Hər ay 75 manat vergi pulu, 15 manat mühafizə pulu, 10 manat siğorta pulu, 10 manat qapıların daşınması üçün pul verirdik. Gözləri doymadı, tualeti də pullu etdilər. İndi də bizi metrodan çıxarırlar. Nə edəcəyimizi bilmirik”.

Metropolitenin baş mühəndisindən qəti açıqlama: “Metro sərnişindaşıma üçündür, ticarət üçün deyil”

Bir neçə gün öncə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Fuad Tağızadə APA-ya müsahibəsində bildirmişdi ki, metro keçidlərindəki ticarət köşkləri birmənalı olaraq yığışdırılacaq: “Metro sərnişindaşıma üçündür, ticarət üçün deyil. Tələb də budur ki, belə xaos olmasın. Rekonstruksiyadan sonra metro stansiyalarında heç bir ticarət köşkü olmayacaq. Metro stansiyalarının giriş və çıxışlarında müəyyən avtomatik cihazlar vasitəsilə servis xidmətləri göstərilə bilər. Qalan ticarət köşkləri olmayacaq. Günün tələbi belədir ki, ticarət köşkləri olmamalıdır”./musavat.com

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
335

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1807
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 15:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru