Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2014
15:17
Oğuz-Bakı kəməri yenidən gündəmdə

“Oğuz -Bakı” su kəməri layihəsi yüksək həssaslığı olan bir layihədir: Layihəni ərsəyə gətirən hökumət üçün siyasi baxımdan (yaxşı təbliğat vasitəsidir), paytaxt sakinlər üçün sosial baxımdan (fasiləsiz və keyfiyyətli içməli su təminat üçün zəmanətdir), suyun mənbəyindəki insanlar üçün həm ekoloji (oradakı su mənbələrinin tükənməsi və meşələrin quruması barədə iddialar var), həm də iqtisadi baxımdan (oradakı insanların kəmər keçən hissdəki torpaq sahələri əllərindən alınıb, amma əvəzi ödənməyib) həssasdır. Bu cür yüksək həssaslığı olan, milyonlarla insanın marağına toxunan, azı 1 milyard manat büdcə pulunu iştahla udan bir layihə ilə bağlı istənilən müzakirə və məqalənin dərhal diqqət cəlb eləməsi də təbiidir.

Dünən facebookda “Oğuz -Bakı”su kəməri ilə bağlı maraqlı müzakirənin şahidi və iştirakçısı odum. Yarımçıq qalan məqamlar olduğundan, eyni zamanda bu istiqamətdə media araşdırmalarının davam etdirilməsi zəruriliyini düşündüyümdən, bəzi sualların aydınlaşdırılmasına ehtiyac gördüm.

Ondan başlayım ki, “Azərsu”nun rəsmiləri jurnalistlərdən birinin apardığı araşdırmada məlumatların səhih olmamasına etirazlarını bildirərlər. Söhbət hansı məlumatlardan gedir? Jurnalist yazıb ki, hökumət yeni kəmərin çəkildikdən sonra paytaxt sakinlərinin azı 75 faizinin içməli su ilə aramsız təmin olunacağına vəd vermişdi, amma kəmər 2010-cu ildən işə düşsə də, Oğuz suyu hələ nə paytaxtın çevrəsindəki kənd və qəsəbələr çatıb, nə də şəhərin mərkəzi hissələrinin fasiləsiz su təminatına kömək olub. 

“Azərsu”nun mövqeyisə belədir: Oğuz-Bakı kəməri ilə hazırda Bakı şəhərinə saniyədə 4,1 kubmetr su ötürülür və bu kəmərin imkanları sayəsində Bakı şəhərinin orta hesabla 78%-i, 24 saat keyfiyyətli su ilə təmin edilir.

Medianı bu məsələdə tək bir məqama görə haqlı sayıram: internet əsrində “Azərsu” internet üzərindən intensiv, tam və bol ictimai məlumatlandırma imkanları yaratmayacaqsa, media da, QHT-lər də doğru olmayan, gerçək mənzərəni təhrif edən informasiyalar içərisində itib batacaqlar. “Azərsu” nə etməlidir (bu mexanizm ictimai vəsaitlər hesabına çalışan və dövlət mülkiyyəti sayılan “Azərenerji”, “Bakıelektrikşəbəkə”, “Azəriqaz”ın funksiyalarını üzərinə götürən ARDNŞ üçün də qismən keçərlidir)?

1. Saytlarında "Su təchizatı cədvəli" adı altında bir bölmə yaradılmalıdır. Həmin bölmədə rayonlar və şəhərlər üzrə istehlakçıların neçə %-nin 24 saat, neçə saatının 18,16 və s. saat ərzində su aldığını cədvəlləşdirməli, müntəzəm olaraq da bu məlumat yenilənməlidir. Bu mexanizmi, məsələn, Gürcüstanın "Birləşmiş Su Təchizatı" Şirkətinin təcrübəsi uğurla istifadə edir. Misalçün, gürcü şirkətinin cədvəlində belə bir məlumat var: Qori şəhərinin əhalisinin 90%-i gündə 24 saat, 10%-i gündə 4-6 saat intervalında su alır (digər şəhər və regionlarda eyni qaydada göstərilir). Gürcüstan təcrübəsinin linkini aşağıda qeyd etmişəm, maraqlananlar baxa bilər. “Azərsu” Bakı və Abşeron yarımadasındakı bütün rayon, şəhər, və qəsəbələr üzrə həmin məlumatları yerləşdirə bilər. Söhbət üst-üstə 100 ətrafında inzibati-ərazi vahidindən gedir. Məsələn, Buzovna qəsəbəsinin sakini sayta daxil olur, görür ki, belə bir məlumat var: qəsəbə sakinlərinin 50%-i 24 saat, 30%-i 16 saatadək, 20%-i isə 8 saatadək içməli su alır. Bu həm də ictimai nəzarət vasitəsidir: istər sakinlər, istərsə medianın bunu yerindəcə dəqiqləşdirməsi üçün cəmi bir neçə dəqiq lazım olacaq.

2. “Azərsu” hər ayın sonunda su alan ərazilərin hər biri üzrə aylıq su istehlakının həcmi (özü də əhali və qeyri-əhali qrupları, büdcə və özəl sektor üzrə ayrıca) barədə məlumatları yerləşdirməlidir.

3. Təkcə rayon və şəhərlər üzrə deyil, hər bir qəsəbə üzrə istehlakçıların sayı və il ərzində dəyişmə dinamikası göstərilməlidir.

“Oğuz -Bakı”su kəmərindən sonra Bakı və Bakı ətrafında vəziyyətin necə dəyişdiyi ilə bağlı müzkirələrə gəlincə, qeyri-müəyyənlikləri və ictimaiyyət arasında bu layihəyə olan inamsızlığı (təxminən belə bir rəy var: milyard manatın müqabilində nə dəyişdi ki?) aradan qaldırmaq üçün hökumət əvvəldən - layihəyə start veriləndə ərazinin mövcud su təminatı xəritəsini elan etməli idi. Həmin xəritədə aşağıdakılar bilinməli idi:

1. Böyük Bakının hansı hissəsi və həmin ərazidəki mövcud istehlakçıların neçə%-i 24 saat su alır, yeni kəmərdən sonra mövcud vəziyyətdə hansı dəyişikliklər baş verəcək?

2. Böyük Bakının hansı hissəsi və həmin ərazidəki mövcud istehlakçıların neçə %-i fasilə ilə su alır və fasilə intervalları, suyun verilmə saatları necədir, yeni kəmərdən sonra mövcud vəziyyətdə hansı dəyişikliklər baş verəcək?

3. Böyük Bakının hansı hissəsi ümumiyyətlə su almır və yeni kəmərdən sonra mövcud vəziyyətdə hansı dəyişikliklər baş verəcək?

İndi də gec deyil, “Azərsu” belə bir tutumlu hesabat təqdim edə bilər. Qaldı Oğuzdan Bakıya saniyədə 4.1 kub metr su gəlməsinə, bu məlumatın şübhəli olması üçün əsaslarım var. Saniyədə 4.1 kubmetr su sutkada 354 min kubmetr və ya 354 milyon litr su deməkdi. Hətta hesab etsək ki, Oğuz suyundan Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonları da su alır, belə bir nəticə ortaya çıxır: əhalisi rəsmi məlumata görə, 2.7 milyon nəfər olan Abşeron yarımadasına Oğuz kəməri vasitəsilə, adambaşına orta hesabla sutkada 130 litr su verilir. Hökumətin qüvvədə olan standartına görə isə, əgər fasiləsiz su rejimi təmin olunsa, bir nəfər gündə 200 litr su istehlak edə bilir (dünyada da 150-200 litr norma sayılır). İndi belə çıxır ki, Böyük Bakı ərazisində əhalinin su istehlakının azı 60%-ni Oğuz kəməri təmin edir? Sizə inandırıcı görünürmü? Nəzərə alın ki, yarımadaya Oğuz kəmərindən əlavə 5 müxtəlif mənbədən su gəlir. Hökumətin də dediyinə görə, həmin 5 mənbədən üst-üstə saniyədə 13 kub, gündə adambaşına azı 350 litr su daxil olur. 

Nəsə çox qarışıq rəqəmlərdir və bu cür informasiya xaosunu məhz yuxarıda təklif etdiyim informasiya açıqlığı təmin edə bilər. 

Yuxarıda Gürcüstandan nümunə gətirdim: Yaxşı örnək öyrənmək üçündü, pis örnək qaçıb can qurtarmaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4503

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3603

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5316

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5359

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6586

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5071
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 16:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru