Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2013
21:17
1466
Bakıda yanan Qarabağ

Bu da ədalət qıtlığının daha bir fəsadı. Vətəndaş qanunla ona verilmiş ərazidən məhrum olunur, çıxarılan ədalətsiz qərarlar beş uşaq atasının yeganə gəlir mənbəyini əlindən alır və özünün söylədiyi kimi, saç-saqqalı vaxtsız-vədəsiz ağarmış 42 yaşlı Zaur Bakının mərkəzində yanan Qarabağdan nişanə qoymaq qərarına gəlir. Bu dəfə isə nə yandıran, nə də yanan ermənidir.

Neft və milyonlar səltənətində baş vermiş bu hadisə qara fəhləni odu sönməyən neft quyusuna göndərməyə bənzəyir. Onu adam saymayanlar qurbanlıq kimi irəli verib “bir o quyunun dibinə boylan görək...” deyə arxasından itələyirlər. Canından bezən adamın atəşə atılması bu dəfə sadəcə bir fərdin xəstə təfəkkürünün, intihara meylinin yox, bütöv bir cəmiyyətin psixoloji durumunun, böyük bir toplumun gizli intihar ehtirasının göstəricisidir. Bu, bir göz qırpımında kütləviləşə biləcək olduqca xatalı bir tendensiyadan xəbər verir. Baş vermiş dəhşətli hadisə misli görünməmiş bir intiqamdır – Vətən yolunda can qoymuş bir döyüşçünün Yaradandan, fələkdən, həyatdan, zamandan, hökumətdən, məmurdan... nəhayət, öz canından aldığı intiqam.

Günün günorta çağı camaatın gözü baxa-baxa özünü oda yaxan bir adam. Yox, bu, pərvanələrin işığına axışıb gəldiyi oddan deyil, bu, cəhənnəm atəşidir. Ola bilsin, əli hər yerdən üzülmüş keçmiş döyüşçü son çıxış yolu kimi bu atəşin istisiylə kimlərinsə canına üşütmə salmağa ümid bağlayıb, ailəsini gələcək zülmdən, zillətdən, yurdsuzluqdan, aclıqdan bu yolla xilas etməyə cəhd göstərib. Məmurların qəlbinə Allah xofu damızdırmağa çalışıb. Qarabağda əlindən düşmüş silahını Qarabağdan hər gün bir ömür uzaqlaşan paytaxtda özünə tuşlayıb. Bağlı məmur qapıları zirehli düşmən tankından güclü çıxıb. Vətənin paytaxtında ikinci dəfə torpaq itirən Zaur Həsənovun bizim qapımızı qırmağa, pəncərəmizi daşlamağa, torpağımızı zəbt eləməyə haqqı var. Çünki biz onun əlində-ovcunda qalmış ən sonuncu haqqına da göz dikmişik...

“Mən yanmasam, sən yanmasan...” Yox, bu yanmaq o yanmaqdan deyil, insan belə yanmaz. Qarabağ döyüşçüsünü son nəfəsində söndürən polislər, görəsən, diri-diri yanan adamı birinci dəfəmi görürdülər? Görəsən, onların arasında Qarabağda döyüşməyə yaşı düşən olubmu? Olubsa, ermənilərin diri-diri yandırdığı müsəlmanların fəryadını eşidibmi?..

...Dekabrın 25-də, adidən adi günlərin birində Bakıda bu günü adilikdən çıxaran bir hadisə baş verib. Qarabağ savaşının veteranı, II qrup əlil Zaur Həsənov Respublika Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısına gəlib və əlindəki üçrəngli bayraqla içəri keçməyə çalışıb. Ona əngəl olublar. Bundan sonra keçmiş döyüşçü dəniz kənarında ona verilmiş torpaq sahəsinin 2010-cu ildə Həmkarlar İttifaqı tərəfindən əlindən alındığını və bunun arxasında konfederasiya rəhbəri, deputat Səttar Mehbalıyevin durduğunu dəfələrlə söyləsə də, onu eşitmək istəməyiblər. Mülkiyyət hüququna qəsd olunan Zaur qəfildən ətrafdakılara şok yaşadıb, biganə tamaşaçıları səksəkəli iştirakçılara çevirib; bu dəfə öz əliylə özcə yaşamaq hüququna qəsd eləyib. Beş uşaq atası olan əlil döyüşçü elə şəhərin gözündəcə, həmkarların binası qarşısında canında gəzdirib qanıyla bəslədiyi beş qarış Vətən torpağına od vurub. Mən şübhə eləmirəm ki, Vətənin o beş qarışlıq diri xəritəsində Qarabağ torpağının yerləşdiyi ərazi də yanıb kül olub.

Bu dəfə odu suyla söndürdülər, sonra nə olacağını isə heç kim bilmir. Çünki ədalət olmayan yerdə insanların qəlbindən elə bir cəhənnəm atəşi püskürər ki, o alovu söndürməyə dünyanın bütün suları belə yetməz.

Oqtay Qorçu

Məqalədə : Bakıda yanan Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisi piyadalara müraciət edib

08

Noyabr
12:25
ÖLKƏ
18

Gömrükdən daxilolmalar 22%-dən çox artıb

08

Noyabr
12:19
İQTİSADİYYAT
26

Xurmanın faydaları: Kimlərə olmaz?..

08

Noyabr
12:05
AİLƏ, SAĞLAMLIQ
227

Xarici valyutaların manata qarşı məzənnələri

08

Noyabr
09:37
İQTİSADİYYAT
47
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 11:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru