Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Avqust

2009
12:19
Ramazanda yezid əməli
"Azərsu" abunəçiləri ötən əsrin borclarını ödəməli olur

«Ağıllarına gələn rəqəmi götürüb borc kimi yazıblar camaatın belinə», «İllərlə saxladığım qəbzləri göstərib deyirəm ki, mənim bir qəpik də borcum yoxdur. Amma bu qəbzlərə heç baxan da yoxdur. Elə hey deyirlər ki, borcum var, ödəməlisən, vəssalam». Bu tip narazılıqları ANS PRESS-in əməkdaşları «Azərsu» Açıq Səhmdar Cəmiyyətində narazı abunəçilərin dilindən eşidiblər. Eşitmək bir yana, narazı abunəçilərin səs-küyü, yaranmış tünlük, basabas, əlil və hətta hamilə qadınların gileyli münasibəti sözlə deyiləsi deyil.

Bu gün «Azərsu»da yalnız bunu müşahidə etmək mümkündür. Saytımızın əməkdaşları bütün bunları öz gözləri ilə görüb, özləri şahidi olublar. Təbii ki, belə narazıların həddindən artıq çox olduğunu nəzərə alıb, bu barədə araşdırma aparmağı özümüzə borc bildik.

Bir qurunun oduna min yaş yanır

Məsələləri tələsdirməyək. Əvvəla ondan başlayaq ki, son günlər ərzində ANS PRESS-ə daxil olan şikayətlərin əksəriyyəti «Azərsu»yun «pripiska»sı ilə bağlıdır. Bir çox oxucularımız bizə bildiriblər ki, istifadə etdikləri suya görə heç bir borcu olmadığı və vergilərini, su pulunu mütəmadi olaraq vaxtı-vaxtında ödədikləri halda, «Azərsu» onlara borclu olduqları barədə bildiriş göndərir. Belə şikayətlər çoxdur. Onlardan birini - Həsənova Aygünün məktubunu olduğu kimi veririk.

«Mən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 16, mənzil 20 ünvanında yaşayıram. Artıq 3 gündür ki, bizim məhəlləyə gələn su «Azərsu» tərəfindən kəsilib. Su verilən mərkəzi sistem plomblanıb, bütün məhəllə susuz qalıb. Hətta həyətdəki krana da su gəlmir. Suyun kəsilməyinin səbəbi kimi bizim məhəllənin binalarının 40.000.00 manat məbləğində borcu olduğu göstərilir. Mən bir vətəndaş kimi, yalnız öz borcuma cavabdeh ola bilərəm. Təsdiq edə bilərəm ki, bizim ailənin «Azərsu»ya heç bir borcu yoxdur. Binada bir çox yataq xəstəsi var. Axı onlar susuz necə yaşaya bilərlər? Yalnız xəstələr yox, sağlam adamlar da bu istidə susuz yaşaya bilməzlər. Məgər bunu başa düşmək çətindir? Bir neçə nəfərə görə bütün məhəllənin suyunu kəsmək insafsızlıq deyilmi?»

Bu məktub barəsində bir az sonra yazacağıq. Amma bizim ünvanımıza göndərilən bu tip məktublar olduqca çoxdur. Təbii ki, bütün bu məktubların hamısı bircə-bircə sizin diqqətinizə çatdırası olsaq, onda gərək bir-iki cildli kitabın müəllifi olaq. Amma qısaca olaraq onu deyə bilərik ki, göndərilən məktubların bir məğzi var: hamı onlara «Azərsu»yun bu özbaşınalığı ilə bağlı kömək etməyimizi xahiş edir.
Elə bunu nəzərə alaraq ANS PRESS-in əməkdaşları «Azərsu»yun əsas satış idarəsinə yollandı və orada gördüklərimizi bir daha oxucularımıza çatdırmaq istərdik.

Narazı abunəçilərin dilindən

Qəmbərov Əbdürəhman adlı abunəçi şikayətində dedi ki, dəfələrlə müraciət etməyinə baxmayaraq, «Azərsu»yun əməkdaşları tərəfindən mənzilimə hələ də sayğac quraşdırılmır: «Hər dəfə gəlib qeydiyyat götürsələr də, heç bir xeyri olmur. Evdə iki nəfər olduğumuz halda, üç nəfərin aylıq su pulunu qəbz yazıblar».

Rəşidova Nahidə adlı abunəçi deyir ki, müəllimədir və hazırda məzuniyyətdədir. Məzuniyyətini də ancaq bu yollarda və «Azərsu»yun kassaların qarşısında keçirib: «Həmişə vaxtında su pulumu ödəmişəm. Heç bir borcum yoxdur, ödəniş qəbzlərim əlimdədir. Amma evimə bildiriş göndərib deyirlər ki, 150 manat borcun var. Bəs ödədiyim pullar hara getdi?».

Dadaşova Gülnarə adlı abunəçi də vurğulayır ki, borcu yoxdur. Amma xanım deyir ki, nə qədər desə də inanmırlar: «Gəlmişəm araşdırmağa, 2-3 saat burada durmağıma baxmayaraq, kassada oturan xanım verdiyim qəbzlərin əvəzində mənə akt tərtib edib vermir. Bu azmış kimi, haqqımı tapdalayıb, şərəf və ləyaqətimi alçaldır». Belə getsə, abunəçinin fikri var ki, həm kassir xanımı, həm də «Azərsu»yun məsul şəxslərini məhkəməyə versin: «Kassanın qapısını elə bağladılar ki, şüşələri çilik-çilik olub üstümə töküldü».

Məmmədova Şərəfxanım dedi ki, iki ildir ki, sayğacın quraşdırırlmasına baxmayaraq, hələ də qeydiyyata alınmayıb. İndi də işləməyən sayğaca görə, mənə borc yazıblar. Adambaşına 1 manat 20 qəpikdən hesablayaraq qəbz veriblər. Ailədə 7 nəfərik və bu iki ildə sayğacla ödədiyimiz borc onda hara gedib?
Həmsöhbətimiz Qurbanova Nəzakət isə deyib ki, vaxtı-vaxtında sayğacda yazılan borcu ödəyib: «Bilmirəm hardansa götürüb 114 manat borc yazıblar. Amma bura çatanda kassada oturan qız mənə dedi ki, pulun yarısını verim ona, o da əvəzində borcumu silsin. Mən də 54 manat ödədim, indi də qəbzimin cavabını gözləyirəm. Heç nə anlaya bilmədim».

Biz bir çox belə abunəçilərlə söhbət etdik. Onlarla belə narazı abunəçilərin dərdini dinlədik. Hamısı da bizə onlara gələn «pripiska» bildirişlərini göstərirdilər. Düşünürük ki, ANS PRESS-in oxucuları da orada baş verən mənzərəni tam anladılar.


ANS PRESS bir abunəçinin problemini həll etdi, bəs digərləri?


Abunəçilərlə görüşdükdə, onlardan dərdlərini dinlədikdə, bir gənc xanım bizə yaxınlaşdı. Əlindəki qəbzləri göstərərək, əyani sübut etdi ki, onun 2009-cu ilin iyun ayının sonuna qədər heç bir borcu yoxdur. Bu müddətə qədər abunəçinin borcu olmadığını «Azərsu» ASC özü də verdiyi aktla təsdiqləyib. Amma məsələ burasındadır ki, xanımın göstərdiyi digər qəbzdə isə bu ilin iyun ayına qədər abunəçinin 150 manat borcu olduğu göstərilib. Abunəçi çaşqın vəziyyətdə olduğundan, məsələnin nə yerdə olduğunu anlaya bilmirdi. Biz abunəçiyə kömək məqsədi ilə «Azərsu»yun rəsmilərinə yaxınlaşıb, məsələnin nə yerdə olduğunu izah etdik. «Azərsu» rəsmiləri məsələni qısa bir müddətdə araşdırıb, bildirdilər ki, abunəçinin həqiqətən də iyun ayının sonuna qədər heç bir borcu yoxdur. «Azərsu» əməkdaşları bunun bir «səhv» olduğunu etiraf etdilər.

Belə abunəçilərin sayı olduqca çoxdur. Aydın məsələdir ki, qurumun səhfini etiraf etməsi və məsələnin belə tez yoluna qoyması ANS PRESS-in əməkdaşlarının həmin vaxt orada olması ilə bağlıdır. Amma «Azərsu»ya hər gün yüzlərlə hüququ pozulan istehlakçılar müraciət edir və onların çoxu mövcud olmayan «borclarını» ödəməyə məcbur olurlar.

Əgər 40 min manat borc həqiqətən varsa?..

«Azərsu» ASC-nin baş idarəsindən çıxıb, yollandıq redaksiyamıza daxil olan məktubların dalınca: yəni Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 16-ya. Orada nədənsə adının açıqlanmasını istəməyən sakin ANS PRESS-ə bildirdi ki, «Azərsu»yun əməkdaşları bina sakinlərinin 40 min manatdan çox borcu olduğunu bəhanə gətirərək, hətta həyətdəki kranın suyunu da plomblayaraq bağlamışdılar: «Amma artıq iki gündür ki, suyun verilməsini bərpa ediblər. İndi bilmirik,əgər həqiqətən də bina sakinlərinin bu qədər borcu varıydısa, onda nəyə görə birdən-birə suyu verdilər? Burada məslələr olduqca müəmmalıdır».

«Azərsu»yun «xortlaq» borcları

Əhalinin böyük hissəsinə «Azərsu» ASC tərəfindən yazılan «pripiska» məsələsinə aydınlıq gətirmək üçün biz qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Aqşin Rüstəmov bildirib ki, bütün bu məsələləri araşdırmaq lazımdır. Onun sözlərinə görə, bütün narazı abunəçilər «Azərsu»ya müraciət edib, borclu-olub olmadıqlarını öyrənə bilərlər. Bu halın kütləvi hal olduğunu qəbul etməyən məsul şəxs, ancaq borclu abunəçilərin suyunun kəsildiyini vurğuladı. Bir-iki abunəçinin borcu olduğu halda bütün binanın suyunun kəsilməsinə gəldikdə isə A.Rüstəmov deyir ki, qanunla «Azərsu» bunu da edə bilər: «Əhaliyə gələn bu qədər borcun əksəriyyəti 1997-98-ci illərdən qalan borclardır. Yəni hələ abunəçilərə istifadə etdikləri suyun sayğacı quraşdırılmamışdan əvvəl olan borclardır. Əgər borc varsa, deməli, mütləq ödənilməlidir».

Subyektiv olaraq yuxarıda adını çəkdiyimiz ünvana gəldikdə isə mətbuat katibi dedi ki, bu binanın 72 abunəçisi var. Onlardan 76-sı öz borcunu hələ də ödəməyib: “Ümumlikdə tək Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 16-nın 9 326 manat borcu var. A.Rüstəmov sonda bir daha vurğuladı ki, bütün borclu abunəçilərin məsələləri araşdırmalıdır.

Çıxış yolu məhkəmələrdədir?

Azad İsteklakçılar Birliyinin (AİB) rəhbəri Eyyüb Hüseynov bu məsələ ilə bağlı ANS PRESS-ə bildirib ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373-cü maddəsinə əsasən istənilən abunəçi 3 il əvvəl olan borcunu ödəməməlidir. Onun sözlərinə görə, «Azərsu»yun əhalinin başına gətirdiyi hoqqalar, qurumun böyük fantaziyasından irləi gəlir: ««Azərsu»yun fantaziyası bununla qurtarmır. Onlar istənilən abunəçiyə min bir bəhanə gətirərək, onun belinə borc yazırlar. Kiminə deyirlər ki, qeyri-qanuni əlavə su xətti çəkib, kiminə deyirlər ki, sayğaja müdaxilə edib. İndi də 1997-98-ji illərin borcunu ödətdirməyə başlayıblar. Amma bütün bunlar əsassızdır».
E.Hüseynov deyir ki, bütün bu faktların əsassız olmasına baxmayaraq, istehlakçı və abunəçi məcbur olub həmin «pripiska borcu» ödəməli olur: ««Azərsu» inhisarçı qurumdur. Onların abunəçi ilə bağladıqları müqavilənin hamısı bir tərəflidir. Qurum abunəçisi qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirmək istəmir».

AİB sədri hesab edir ki, «Azərsu»yun özbaşınalığı ilə mübarizənin bir yolu var. O da məhkəmə yoludur. Onun sözlərinə görə, abunəçi qurumdan borc göstəricilərini tələb etməlidir: «Aydın məsələdir, «Azərsu» abunəçilərə bu borc göstəriciləri olan vərəqi də vermir. Bunun üçün də düşünürəm ki, onlarla bir mübarizə yolu var, o da məhkəmədir. Düşünürəm ki, abunəçilərin məhkəmələrə müraciəti kütləvi hall alsa, ən azından bu qurumun özbaşınalıqlarına son qoymaq mümkün olar».
E.Hüseynov rəhbəri olduğu quruma daxil olan müraciət və şikayətlərin hamısının məhkəmələr yolu ilə həllini tapdığını da vurğulayıb.

Anspress.com

Məqalədə : Ramazanda yezid əməli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3572

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2668

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2058

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1796
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-03-2020 15:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru