Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2013
08:34
İsraildə siyasi disbalans: Ehud Olmert Netanyahuya qarşı
Sabiq baş nazir hazırkı baş nazirin “bostanına daş atdı”

İsraildə parlament seçkiləri ərəfəsində siyasi qüvvələr arasında gərginlik pik həddə çatıb. Partiyaların bir-birinə qarşı verdiyi bəyanatlar fonunda, sabiq baş nazir Ehud Olmert hazırkı hökumət başçısını sərt tənqid edib.

Eks-baş nazir Olmert bu ilki Knesset seçkilərinə qatılmayıb. Bununla belə, o, öz siyasi opponenti olan Netanyahunu tənqid hədəfinə alıb.

Ehud Olmert Hayfada Universitetində professorlar, ziyalı və iş adamları qarşısında etdiyi çıxışı zamanı hazırda İsrailin yeritdiyi siyasətin ölkəni uçuruma apardığını bildirib: "İsrailin son illərdə başqa ölkələrlə əlaqələrinə baxdıqda aydın olur ki, tezliklə biz dünyanın aparıcı akademik dairələri və biznesmenlərin İsrailə daha az maraq göstərdiklərinin, həmçinin bizim universitet və institutlarımızı daha az dəstəkləyəcəklərinin şahidi olacağıq”.

Sabiq baş nazir vurğulayıb ki, Netanyahunun qalib gələcəyi təqdirdə İsrail beynəlxalq təcridlə üz-üzə qala bilər.

Çıxışında siyasi fiqurlardan yalnız Şaul Mofaz haqqında xoş sözlər deyən Olmert hakim Likud partiyasının “Güclü İsrailə güclü baş nazir” şüarını ironik ifadələrlə lağa qoyub: "Yalnız zəif adamlar hər yanda qışqırıb-bağırırlar ki, güclüdürlər. Güclü olan isə elə belə də görünür”.

Netanyahu hökumətinin iqtisadi uğursuzluqlarına toxunan natiq vergi islahatlarının qüsurları haqda da iradlarını açıqlayıb.

Olmert Netanyahunun ABŞ-a münasibətinə toxunaraq, daha sərt fikirlər söyləyib: “Yaxşı ki, bizim ingiliscə sərbəst danışa bilən baş nazirimiz var. Və çox təəssüf ki, bizim baş nazirin Amerikanın siyasi mədəniyyəti, bu böyük dövlətin necə idarə olunmağı haqqında azacıq belə təsəvvürü yoxdur.”

Sabiq hökumət başçısı bunları əlavə edib: “Biz – israillilər, ABŞ əhalisinin 3 faizindən də azıq. Amma eyni zamanda bizlər elə düşünürük ki, Amerikanı biz idarə edə bilərik. Durub göstəriş veririk ki, kim prezident olmalıdır, guya bu, bizim işimizdir. ABŞ-da müdafiə naziri təyin edildikdə isə, elə hesab edirik ki, prezident Obama Pentaqonun yeni şefini təyin etdikdə durub deyəcək – bir dəqiqə, bir dəqiqə, görəsən bu haqda Likud partiyasının seçki siyahısındakı 17-ci şəxs nə düşünür”.

Xatırladaq ki, korrupsiya ittihamı ilə mühakimə edilən və bu səbəbdən builki parlament seçkilərində iştirak edə bilməyən Ehud Olmert bir qədər əvvəl də İsrail siyasətçilərini kəskin şəkildə tənqid edərək, onların "10 sent" belə dəyəri olmadığını bildirmişdi.

Qeyd edək ki, baş nazir Netanyahu hələ ki, Olmertin onun ünvanına səsləndirdiyi tənqidi fikirlərinə münasibət bildirməyib. Amma bununla yanaşı, çıxış edərək vurğulayıb ki, onun sadiq olduğu siyasi kurs nəticəsində İsrailə qarşı kənar təsirlərin, siyasi təzyiqlərin qarşısını almaq mümkün olub: “Yalnız biz – israillilər öz dövlətimizin maraqlarını müəyyən etmək haqqına sahibik. Son illər bizə qarşı ciddi təzyiqlər olub. Tələb edilirdi ki, İranın nüvə probleminə dair mövqeyimizi zəiflədək, 1967-ci ildəki sərhədlərə çəkilək, Yerusəlimi (Qüdsü) bölək və orada aparılan tikinti işlərinə son qoyaq. Amma biz bütün bu təzyiqlər qarşısında dayana bildik və effektiv şəkildə İsrailin həyati maraqlarını qorumaqda davam edirik”.

Bununla da baş nazir Netanyahu rəhbərlik etdiyi hökumətin İsrailin işğalçılıq siyasətini bütün gücü ilə davam etdirməkdə qərarlı və başarıqlı olduğunu dilə gətirərək, siyasi opponentlərinə dolayısı ilə cavab vermiş kimi görünür.

Analitiklər Netanyahu hakimiyyəti dövründə İsrailin xarici siyasət, hərbi əməliyyatlar və kəşfiyyat sahəsində üzləşdiyi uğursuzluqların seçkilərdə hakim Likud partiyasına qarşı istifadə olunacağını proqnozlaşdırırdılar. Qəzza ilə savaşdakı uğursuzluqlar fonunda müdafiə naziri Ehud Barakın istefası və siyasətdən getdiyini bəyan etməsi, bir qədər sonra isə xarici işlər naziri Aviqdor Libermanın istefa verməsi hazırkı hakimiyyətin nüfuzunu ciddi şəkildə sarsıdıb. Bununla İsraildəki siyasi balansın da pozulduğu müşahidə olunur. Yeni seçkilər isə mövcud siyasi qüvvələrin təkbaşına qələbə çala bilməyəcəyini, indiyədək əhəmiyyətsiz sayılan kiçik partiyaların nüfuzunun daha da artacağını və böyük partiyaların onları öz tərəfinə çəkmə tendensiyasının güclənəcəyini vəd edir.

“Yeni Şərq” Araşdırmalar Mərkəzi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3761

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2749

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2167

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1852
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 03:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru