Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2011
13:00
ZAUR RAMAZANOVDAN BÖYÜK ETİRAFLAR VƏ İTTİHAMLAR
Zaur Ramazanov: "İndi kimlərinsə başını aldatmaq olar, amma mənim yox"

Bookmark and Share

O, həmişə başqalarından seçilib. Xoşuna gəlməyən qaydaları pozub, sözünü deyib və bütün bunlara rəğmən, nadir hallarda problemlə üzləşib. Amma artıq o da keçmiş sayılır. Futbolun Zaur Ramazanov adlı keçmişi…Onunla «Neftçi»nin keçmiş bazasında görüşdük. Əvvəlcədən bilirdik ki, maraqlı müsahibdi, ütülü sözləri, rəsmi danışığı xoşlamır. Gözlədiklərimiz oldu və keçmiş futbolçu Zaur Ramazanovla çox maraqlı bir müsahibə alındı.

- Zaur, ötən ilin oktyabr ayından bu yana nə dəyişib? Axı məhz oktyabrda futbolçu karyeranı bitirdin…
- Futbola kənardan baxanda ağırdı mənim üçün. Amma get-gedə öyrəşirəm buna.
- Futbolçu kimi futbol izləməklə, keçmiş futbolçu kimi futbol izləmək arasında fərq çoxdumu və bu fərq nədədi?
- Böyük fərq var. Kənardan baxanda çətindi. Hərdən gedib  “Xəzər Lənkəran”nın oyunlarına baxıram. Ürəyim partlayır ki, niyə mən meydanda yoxam. Yəni hələ oynaya bilərdim.
- Bəs indi nə işlə məşğulsan?
- İndi heç bir işlə məşğul olmuran. Amma “Xəzər Lənkəran”a kömək lazım olanda edirəm. Yerli oyunçuların “Xəzər Lənkəran”a transferində yardımçı oluram. Mais müəllim (klubun prezidenti Mais Mənsimovu nəzərdə tutur) deyir, mən də futbolçuları tanıdığım üçün, dostluq xatirinə köməyimi göstərirəm. Ancaq rəsmi olaraq işləmirəm.
- Biz də elə bu haqda soruşacaqdıq. «Komanda»nın ötən sayına açıqlamanda futbolçu transferiylə məşğul olmadığını demişdin. İndi isə bunu təsdiqləyirsən…
- Yalan söhbətdi. Menecer olsam, bütün klublara gedərəm, maraqlanaram. Ancaq “Xəzər Lənkəran” mənə yaxın bir klub olduğu üçün bunu menecerlik saymıram. Mais müəllim mənə o qədər yaxşılıq edib ki, bu onun qarşılığında heç nədi. Onun üçün əlimdən gələni etməliyəm.
- Sonradan «Muğan»ın futbolçusu olduğu üzə çıxan Anar Qasımovu da “Xəzər Lənkəran”a sən transfer etmək istəyirdin?
- Bəli, bu, mənim işim idi. Ancaq onun müqaviləsinin olduğundan xəbərim yox idi. Bilsəydim ki, «Muğan»la müqaviləsi var, onu “Xəzər Lənkəran”a aparmazdım.
- Ümumiyyətlə, futbolun hansı sahəsində olmaq istərdin: məşqçi, menecer, bəlkə hakimlik?
- Heç bir sahəsində işləmək fikrində deyiləm. Necə adi insanlar “Çelsi”yə, «Mançester Yunayted»ə kənardan azarkeşlik edir, mən də futbola kənardan azarkeşlik etmək istəyirəm.
- “Xəzər Lənkəran”, “Karvan”, “Qarabağ” kimi klublarda forma geyinmisən. Çempionatda hansına azarkeşlik edirsən?
- “Xəzər Lənkəran”a.
- Yaxşı… Azarkeş kimi düşünürsən ki, “Xəzər Lənkəran” da “Çelsi”, “Mançester Yunayted” kimi məşhur komanda olacaq?
- Buna zaman lazımdı. İnanıram ki, ola bilər.
- Son klubun olan “Xəzər Lənkəran”dan ayrılandan sonra bir neçə komandadan təklif aldığını demişdin. Onlar hansı klublar idi?
- Orta səviyyəli klublardan təklif gəlmişdi. Həmin klublarda oynamaq mənə maraqlı deyildi. Arabir gəlirəm bura (söhbət etdiyimiz “Neftçi”nin keçmiş bazasını nəzərdə tutur), oynayıram. İki-üç gündü "Bakılı" klubunun prezidenti Misir müəllim (Misir Əbilov) mənə zəng edib deyir ki, “belə  oynamaq istəyirsənsə, gəl bizim kluba, birinci divizionda oyna». Deyirəm qurtarmışam futbolla, daha qayıdan deyiləm. Elə bilirlər ki, yenidən oynaya bilərəm. Oynaya bilərəm, gücüm var, amma karyeramı başa vurmuşam artıq.
- Səncə, Zaur Ramazanov insanların yaddaşında necə qalacaq: yaxşı hücumçu, yoxsa intizamsız futbolçu kimi?
- «Xəzər Lənkəran»ın heyətində, vida mərasimində 15 min insanın məni necə alqışlarla yola saldığını hamı gördü…
- Milli çempionatda 125 oyun keçirib, 68 qol vurmusan (yeri gəlmişkən, Zaur özü çempionatlarda 84 qol vurduğunu desə də, əksər internet qaynaqlarında onun qollarının sayı 68 göstərilir). Ən yaxşı oyunun və ən yaxşı qolun hansıdı soruşsaq?..
- Mənim üçün hamısı bir-birindən maraqlı olub. Yəni elə qollar vurmuşam ki, komandaya gərəkli olub. Üç xalı qazandırmaq üçün vurduğum qolların hamısını ən yaxşı hesab edirəm.
- İki dəfə çempionatın bombardiri olmusan. İndi isə legionerlər liderliyi ələ alıb. Bahodir Nasimov, Qvidas Yuşka və Junivan Suares barədə nə düşünürsən?
- Mən onlar haqqında heç nə deyə bilmərəm. Belə baxanda, onlardan biri qolların çoxunu “Muğan”a vurub da. Əsas odu ki, lazım olan zamanda qol vurasan. Bombardir o adam olmalıdı ki, klubu quyudan çıxara bilir.
- Yaxşı hücumçu olmaq, çoxlu qol vurmaq üçün futbolçuda nə olmalıdı?
- Hissiyyat! Bir də ki, adam öz üzərində çox işləməlidi. Məşqdən sonra mən çox vaxt qapıya zərbələr üzərində işləyirdim.
- Zaur, ölkəiçi yarışlarda özünü yetərincə yaxşı göstərə bilsən də, avrokuboklarda, millinin oyunlarında ciddi nə iləsə yadda qalmamısan. Amma məsələn, Əfran İsmayılov “Qarabağ”la ötən yay Avroliqada 5 qol vurdu. Sənin beynəlxalq arenadakı çıxışın niyə bu qədər uğurlu alınmadı?
- «Lex» və «Dinamo» Zaqrebə qarşı oyunlarda qol vurmuşam. Həlledici qollar olub. İndi kimlərinsə başını aldatmaq olar, amma mənim yox. O komandalara mən birini yox, bir neçə qol vura bilərdim.
- Heç vaxt legioner həyatı yaşamadın. Xarakterin imkan vermədi, yoxsa sadəcə futbolçu kimi özünə güvənmədin?
- Özüm getməmişəm. Başqa yerə gedəndə, 3 gün, 5 gün qalıram, sonra darıxıram. Yəni bu baxımdan deyirəm. Mənə İrandan, “Bursaspor”dan, «Dinamo» Zaqrebdən təklif gəlib. Millinin heyətində bolqarlara qarşı oynayanda Rusiya klublarının maraq dairəsində olmuşam. Hamısına «yox» demişəm. Demişəm sabah görüşərik, səhəri gün telefonu söndürmüşəm.
- Zaur, mətbuata son müsahibələrindən birində belə demişdin: «Əvvəlkindən də yaxşı oynayardım. Özüm davam etmək istəmədim. Hər şeyin öz vaxtı var. Futbolu başıuca tərk etmək istədim». Çoxları düşünürdü ki, bununla, ehtiyatda qaldığı üçün “Komanda” qəzetində tənqid olunan və buna görə redaksiyaya hücum edən Mahmud Qurbanovun “bostanına daş atırsan”...
- Yox, Mahmud Qurbanov bizim fəxrimizdi. Mahmud 5-10 dəqiqə meydanda olan kimi komandaya uğur qazandıra bilən futbolçudu. Mahmud mənim üçün dahi futbolçudu. Ona görə elə demişəm ki, bir var Zaur Ramazanov kimi, bir də var “Gəncə”də, ya da başqa aşağı klublarda karyeramı başa vurum. Karyeramda ən çox uğurum “Xəzər Lənkəran”da olub. Futboldan ayrılanda “Xəzər Lənkəran”dan ayrılmaq yaxşı oldu. Bu gün mənim heç kimə ehtiyacım yoxdu. Həvəsim vardı, oynayırdım. İndi də öz işimi qurub, kənardan baxıram. “Xəzər Lənkəran”a da kənardan öz məhəbbətimi göstərirəm. Bu klubun mənə göstərdiyi köməyi, qayğını heç yerdə görməmişəm. Mübariz (klubun fəxri prezidenti Mübariz Mənsimovu nəzərdə tutur) və Mais müəllimə minnətdarlığımı bildirirəm.
- “Xəzər Lənkəran”la bağlı bütün xəbərləri izləyirsən?
- İzləyirəm. Tez-tez gedib klub rəsmiləriylə görüşürəm. Jurnalistlər bir az çətin adamlardı, onlarla dil tapmağa kömək edirəm.
- Ürəyindən keçmir ki, «kaş Mirça Rednikin rəhbərliyi altında oynaya idim»? Ümumiyyətlə, rumın məşqçi səndə hansı təəssürat yaradır?
- O vaxtlara qayıtmaq istəmirəm. Nə oldu, nə baş verdi, keçmişdə qaldı. Elə məşqçilər də gəldi gedərdi. Amma Zaur Ramazanov qalacaq. Mən demirəm Mais müəllim məni atıb məşqçini tutdu. Ümumi razılığa görə komandadan getdim.
- “Xəzər Lənkəran” azarkeşləri səni çox istəyir. Onların qəlbinə necə yol tapdın?
- Nə bilim... Onlar bu günə kimi də mənə zəng edirlər. Oyunlardan narazı qalanda deyirlər ki, Zaur, gərək sən oynayardın, niyə tez getdin?
- Karyeran ərzində xeyli baş məşqçiylə işləmisən. Ən yaxşısı kim olub?
- Mənim üçün hamısı yaxşı məşqçi olub.
- Bəs hansı məşqçiylə işləmək sənə çətin olub?
- Viktor Pasulko! O, futbol oynamağı tələb etmirdi. Onun istəyi belə idi: əsgərlikdə olduğu kimi, saat 11-də yat, səhər saat 8-də qalx. Ona görə də onunla anlaşa bilmirdim.
- Yaxşı, ən yaxşı oyundaşını seçmək lazım gəlsə, kimi seçərdin?
- Birgə oynadıqlarımın hamısı mənim ən yaxın dostlarımdı. İndi ad çəkə bilmərəm. İnciyərlər ad çəkdiyimə görə. Hamısına hörmətim böyükdü.
- Futbolda ən çox nə üçün darıxırsan?
- Futboldan çox elə futbol üçün darıxıram. Komanda ilə harasa getmək, havamı dəyişmək üçün bir az darıxıram. Ancaq özüm də gedib gəzə bilirəm. Təyyarəyə minməkdən xoşum gəlmir. Amma arabir Gürcüstana gedirəm.
- Qardaşın Ağabala Ramazanov sənin kimi məşhur futbolçu ola bilmədi. Onunla bu barədə danışırsan?
- Ağabala məndən həmişə məsləhət alır. Mən də ona köməyimi əsirgəmirəm. İstəmirəm ki, mən buraxdığım səhvləri o təkrarlasın.
- Özünü “Xəzər Lənkəran”ın əfsanəsi hesab edirsən?
- Əfsanəsi yox. Futbolçu kimi az müddətdə çox şey etmişəm. İki dəfə bombardir olmuşam, ölkə çempionluğunu, kubokunu, “Birlik Kuboku”nu qazanmışam. İndi oyunlara baxıram, görürəm ki, hələ oynaya bilərdim. Bir az da qalsaydım, Avroliqanın kubokuna da sahib çıxardım (gülür).
- «Xəzər Lənkəran» azarkeşlərinə deməyə sözün var?
- Onların hamısını bağrıma basıram. Uzun ömür, can sağlığı arzulayıram. Bir də onu demək istəyirəm ki, daha gözləməsinlər ki, ikinci Zaur Ramazanov gələcək. Bir dənə Zaur Ramazanov var idi, gəldi, getdi.// "Komanda" qəzeti

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
277

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
400

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1279
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 10:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru