Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2010
11:12
BAKININ RAMAZAN AXŞAMLARI
Paytaxtın müxtəlif məkanlarında oruc tutan insanlara güzəştli iftar endirimləri var; bəzi kafelər isə ancaq iftar saatında açılır

Oruc tutmaq hər bir müsəlmanın əməl etməli olduğu beş vacib şərtdən biri sayılır. Müqəddəs Ramazan ayının əsas xüsusiyyətlərindən biri də oruc tutanlar üçün iftar süfrələrinin açılmasıdır. Qardaş Türkiyədə bu ənənə xüsusilə geniş yayılıb. Məhəmməd Peyğəmbərin (s) buyurduğu xütbələrdən birində deyilir: “Camaat! Sizlərdən hansı biriniz bu ayda oruc tutmuş möminə iftar versə, Allah-Təala onun üçün bir qul azad etmiş şəxsin savabını yazıb günahlarını əfv edər. Səhabələrdən biri dedi: ”Ya Rəsulallah! Axı hamımızın buna imkanı çatmır". Peyğəmbər (s) buyurdu: “Oruc tutanlara yarım xurma dənəsi və ya bir içim su ilə də olsa iftar verməklə özünüzü cəhənnəm odundan qoruyun. Bundan artığını etməyə imkanı olmayana da Allah-Təala həmin savabı verər”.

Öncə qeyd edək ki, oruc tutanlara iftar verilməsinə nəinki müsəlman dövlətlərində, hətta Qərbdə ilkin dövlətçilik ənənələrinin yenicə formalaşdığı ölkələrdə də böyük önəm verilib. Məsələn, Ağ evdə ilk iftar süfrəsi ABŞ-ın üçüncü prezidenti Tomas Cefferson tərəfindən bu ölkədə ilk müsəlman səfiri olan Tunis böyükelçisinin şərəfinə açılıb. Dünyanın əksər ölkələrində bu ənənə hələ də davam edir. Lakin 70 ildən çox Sovet sisteminin tərkibində yaşayan Azərbaycanda vəziyyət fərqli olub. İmperiya əsarətindən çıxandan sonra insanlar islamdan gələn ənənələri, eləcə də oruc tutmağı gizli yox, açıq şəkildə həyata keçirməyə başladılar...
Artıq mübarək ayın 22-ci günüdür. Orucluğun bitməsinə 10 gündən də az vaxt qalıb. Dünən paytaxtın iftar verilən məkanlarında, oruc tutan insanların əhatəsində olduq.
Hələ ötən il paytaxtda apardığımız monitorinqlər zamanı məlum olmuşdu ki, bəzi məkanlarında bu və ya digər formada iftar vermə ənənəsi mövcuddur. Belə ki, kafelərdə, ticarət mərkəzlərində iftar zamanı oruc tutan müştərilərin oruclarını açması üçün kiçik iftar süfrələri açılırdı.
Ötən il “Almalı” marketlər şəbəkəsində müştərilər üçün bu cür xidmət göstərilirdi. Marketə alış-veriş etməyə gələn müştərilər iftarını elə buradaca açırdılar. Bu il isə həmin marketlər fəaliyyətlərini dayandırıblar.
Sözügedən məkanlardan biri də “Neftçilər” metrostansiyası yaxınlığında yetləşən “Öztürk” kafesidir. Adətən getdiyimiz kafedə iftar zamanı stollara xurma və su düzüldüyünün şahidi olduq. Kafenin administratoru Ramazan Halayev bildirdi ki, kafeyə orucunu açan müştərilər də gəlir. Xurma və su onların, eləcə də kafedə çalışıb oruc tutan işçilərimizin oruclarını açmaları üçündür. Bundan başqa iftar saatı çatanda kafedə ilahi mahnılar səsləndirilir.
Şəhərdə fəaliyyət göstərən “Çudo Peçka”larda da oruc tutan müştəriləri xurmaya və suya qonaq edilirlər. Paytaxtın Nərimanov rayonunda yerləşən “Çudo Peçka”nın meneceri Kəmalə Əsədovanın sözlərinə görə, çalışdığı altı il müddətində iftar saatlarında müştərilərə təmənnasız olaraq su və xurma verilib: “Bu, müsbət haldır. Hamımız müsəlmanıq. Müştərilərimiz arasında oruc tutan insanlar da olur. Onlara həssaslıqla yanaşmaq lazımdır”.
Burda orucunu açan insanlara yaxınlaşırıq. Ağdam rayonundan məcburi köçkün olduğunu deyən Siyavuş Əsgərovla söhbətləşdik. O öncə, SSRİ dönəmində insanların vicdan azadlığı sahəsinə qoyulan məhdudiyyətlərdən danışdı: “Sovet hökumətinin dövründə uşaqları məscidlərə getməyə də qoymurdular. İndi rahat namaz da qılırlar, oruc da tuturlar. Allah yolunda olan insan zərər tapmaz. Oruc tutanda insan səbirli olur. Namaz qılmayan insan da oruc tutanda pis əməllərdən uzaqlaşmağa çalışır. Nəfsinə sahib çıxmağı bacarır”.
Namiq Məhərrəmov isə dedi ki, oruc tutmasa da, oruclu insanlara dəstək verir: “Elə insanlar var ki, səhhətində problemləri olduğundan oruc tuta bilmirlər”.
Metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında yerləşən “İsot lahmacun” kafesinin rəhbəri Receb Pekdemir isə bildirdi ki, orucunu açan müştərilərə 50 faizə qədər iftar kampaniyaları elan ediblər: “Amma endirimlər gündüz saatlarında kafemizə gələn müştərilərə aid deyil. Gündüz bir neçə nəfərlik yemək 12 manata başa gəlirsə, - təbii ki, bu sifarişdən asılıdır, - axşam iftar saatında qiymət 6 manata düşür. Ramazan ayında oruc tutan insanlara bunu etmək borcumuzdur. Azərbaycan və türk xalqının Ramazanını təbrik edirəm. Allahdan bu ayın müsəlmanlara xeyir-uğur gətirməsini diləyirəm”.
“Büyükfırat Lahmacun” kafesində isə vəziyyət tamam başqadır. Kafenin müdiri Uğur Büyükfıratın dediyinə görə, gündüz saatlarında kafe bağlı olur: “Türkiyədə insanların əksəriyyəti oruc tutur. Bu səbəbdən də gündüzlər kafelər adətən bağlı olur. Ancaq iftar saatlarında açılır. Buna öyrəşdiyimiz üçün Azərbaycanda da bunu edirik. Düzdü, kafenin büdcəsinə zərər edir. Amma bildiyimiz kimi, Ramazan ayıdır. Ramazanda pul şərt deyil. Bu, həm də oruc tutan insanlara hörmət etməkdir”.
Reportajımızı günün iftar duası ilə bitiririk: “Allahım, Sənin rizan üçün oruc tutdum. Sənə inandım. Sənə güvəndim. Sənin ruzinlə iftar açır və sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, günahlarımı bağışla”.
Allah orucunuzu qəbul eləsin!

Leyla İlqar/Yeni Müsavat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
277

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
400

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1279
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 10:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru