Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

05 Noyabr

2019
281
Orta məktəblərdə BUĞA BAYRAMI keçirilsin

Bir az ağır oldu elə bil. 

Amma bu ağır yükü qaldıra bilməsək, bəlaları da keçə bilmərik.

Dünən Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə şagirdlərdən vəsait toplanmasına dair daxil olmuş müraciət əsasında Təhsil Nazirliyi tərəfindən yerində araşdırma aparıldığı barədə məlumat verilmişdi. Məlum olmuşdu ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımova tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməməsi səbəbindən 8c sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevanın peşə fəaliyyətini yerinə yetirərkən qaydaları pozub, “fond pulu” adı ilə sinif şagirdlərinin valideynlərinin hər birindən ayrı-ayrılıqda 20 manat pul tələb edib.

Bundan sonrası önəmli deyil. Töhmət, şiddətli töhmət, falan-filan...

Problem bitdimi?

Daha doğrusu bu boyda Bakı şəhərində, ümumiyyətlə bütün Azərbaycanda "fond pulu" təkcə 193 saylı məktəbdəmi yığılırdı?

Qulağıma haradansa valideynlərin "XEYR, XEYR" səsləri gəlir. 

Bu gün uşaqlardan, balaca fidanlardan rüşvət alan müəllim onlara hansı təhsili verəcək? Sonradan uşaqların onların yanına hazırlığa gəlməsi üçün bərbad gündə dərs keçən müəllim minlərlədir. O qədər həyasızlaşıblar ki, hətta birinci sinif uşaqları belə öz müəlliminin yanına hazırlığa gedir. Niyə? Olmazmı ki, müəllim o dərsi elə sinifdə uşaqlara başa salsın? Axı bu müəllim gələcəyin həkimini, hüquqşünasını, polisini, iqtisadçısını, lap elə müəllimini yetişdirir. Sonra da savadsız həkimdən, hüquqşünasdan, polisdən şikayət edirlər. Ay balam, bu hüquqşünası, həkimi, polisi, iqtisadçını orta məktəbdə təhsil verən müəllimlər (sözüm hamısına deyil - Aqil M.) pozub!

Ona görə də deyirəm, o insanlara töhmət, şiddətli töhmət vermək yox, təhsil sistemindən birdəfəlik rədd etmək lazımdır. 

Neçə gündür dövlət başçısı məhz buna vurğu edir, rüşvətxorluğun kökünün birdəfəlik kəsilməsi barədə ayrı-ayrı məmurlarla barmaq silkələyir. Xaçmaz və Yevlax rayon İcra Hakimiyyətlərinin yeni başçıları ilə görüşdə konkret tələblər də səsləndirmişdi: "Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər."

Eşitdiz?

Bu yara bizim inkişafımızı ləngidir.

İndi yenə sual edirəm: o "pedaqoqların" töhmət almasından kim dərs götürdü? Cavab da verim: HEÇ KƏS!

"Böyük dayaq" filmi yadınızdadır də, Rüstəm kişi Lal Hüseyn barədə nə deyirdi: "Yapışacağam yaxasından, atacağam briqadirlikdən kənara. Qoy gedib tövlə təmizləsin."

Bəli, rüşvətin nə olduğunu bilməyən uşaqlara onu praktik formada göstərən müəllimləri və ya onlara rəhbərlik edənlərin yaxasından tutub atmaq lazımdır bayıra, qoy gedib küçə süpürsün, karxanada daş yığsın, ev təmizləsin. Anlasınlar ki, camaat onların "fond pulu" kimi topladığı 20-30 manatı hansı zəhmətlə qazanır. 

Qısası, kiminsə töhmət alması heç nəyi dəyişmir. Bu adamların əməli sübuta yetirilbsə, güzəşt olmamalıdır. Çünki bu adam 8c sinfinin rəhbəridirsə, indi başlamayıb ki, pul yığmağa, demək azından 8 ildir bu işlə məşğuldur. Yəni hər il eyni cinayəti törədir. Və guya direktor müavini Elnarə Qasımova düzgün nəzarət etməyib, ona görə sinif rəhbəri pul yığırmış və guya bu işlərdən direktor da xəbərsiz imiş. Hamı bilir ki, istisnasız olaraq bütün orta məktəblərdə direktorun icazəsi olmadan direktor müavinləri məktəbə aftafa belə ala bilməzlər. Baxın, görün direktorlar məktəbə hansı maşınlarla gəlirlər. Soruşun də o maşını hansı maaşla alıblar? Yaxşı 100 məktəb direktorunun əri pullu oğlandır. Bəs qalanları?

Qalanlarını isə ortaməktəblərdə hər sinifdə yaradılmış və əsas işi "fondu pulu" adlı rüşvət sisteminin birinci halqası olan valideyn komitələrinin rəhbərlərindən soruşmaq lazımdır. Hər ay 1-2 manat istəmirlər e, birdəfəlik illik istəyirlər. Çünki yuxarıdakılar 1 manatlıqları evə çamadanla daşımayacaq ki. Həm də camaatın işi-gücü var, pul onlara dəyirmi şəkildə lazımdır. 

Son olaraq bir məsələyə də qısaca toxunmaq istərdim. Bakı şəhərinin demək olar əksər məktəblərində ingilis dili müəllimləri hər il şagirdləri yığıb "Cadügərlər bayramı" keçirir. Uşaqları əcaib-qəraib hala salırlar. Niyə, nədir məqsəd? Bununla nəyin təbliğatını aparmaq istəyirsiniz? Azərbaycan milli mədəniyyəti ilə bu bayramın nə əlaqəsi var? Uşaqlar bu bayramdan nə götürürlər? Yox, sadəcə bayram keçirmək istəyirsinizsə, uşaqları əyləndirmək istəyirsinizsə, onda ispanların buğa bayramı var. Buğaları buraxırlar şəhərin küçələrinə, başlayırlar qaçmağa. Təklif edirəm ki, onu keçirin. Bir buğanı gətirib salın məktəbin içinə, siz qaçışın, uşaqlar da baxıb əylənsinlər.

Aqil Mehdi

Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 03:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru