Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Şəhriyar Səmədov

09 Noyabr

2018
314
Hər qarışını azad etmək üçün minlərlə can qurban oldu

Hələ ənənəvi bayraq anlayışı yaranmamışdan çox-çox əvvəl qəbilələr təbiətin insana bəxş etdiyi daşdan, ağacdan, ovlanmış heyvanın dişindən, dərisindən özlərinə simvollar düzəldiblər. Bu rəmzlər onları digər tayfadan fərqləndirər, döyüşə gedəndə, müdafiə olunanda, mərasimlər keçirəndə nümayiş etdirilərdi. 

Tarixin inkişaf mərhələsində qəbilələr birləşib imperiyalar qurar, bayraq isə bu dövlətlərin rəmzinə çevrilərdi. 

Bayraq təkcə siyasi, ictimai, hərbi birləşmələri təmsil etməyib, həmçinin İlahi dəyərlər ətrafında cəmləşən insanların ucaltdığı rəmz olub. Peyğəmbərimiz “Xeybər” döyüşündə Həzrəti Əli əleyhissalama “İqab” adlı qara bayrağı daşımağı həvalə etmişdi.

Bizim doğma üçrəngli bayrağımızın isə bu gün yubiley yaşıdır. 

100 il öncə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri olmuş Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan dövlətinin üçrəngli bayrağı təsdiq edilib. 

Bayrağımızın mənası 19-cu əsrdə yaşamış  böyük İslam mütəfəkkiri Cəmaləddin Əfqaninin ideyaları əsasında ərsəyə gətirilib. Filosof, “Milli birlik fəlsəfəsi və dinin əsl mahiyyəti” kitabında  müsəlman xalqlarının tərəqqisini  dini həmrəylik ətrafında birləşməkdə, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrinin tədqiq edilməsində görürdü. 

Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentini açıq elan edən Məhəmməd Əmin Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi “Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və İslam sivilizasiyasının simvolu” olduğunu qeyd etmişdir. 

Millətimizin başı üzərinə qaldırdığı üçrəngli bayraq cəmi 23 ay dalğalandı. 1920-ci ildə Azərbaycanda qurulan Sovet Sosialist hakimiyyəti üçrəngli bayrağımızı qırmızı rəngə boyanan parçanın üzərində təsvir edilən 5 ulduza, çəkic və orağa dəyişdi. Bundan sonra üçrəngli bayraq Azərbaycandan xaricə mühacirət edən ziyalılar tərəfindən qorunub saxlanıldı.

Nəhayət 1980-ci illərin sonlarından başlanan milli hərəkatda Azərbaycanın üçrəngli bayrağı meydana gətirildi. Ölkəmiz 1991-ci ildə müstəqillik aktını qəbul edərək özünü Azərbaycan Xalq Cümhuriyyəinin hüquqi varisi elan etdi. O cümlədən, 1918-ci ildə dövlət rəmzi olmuş bayrağı bərpa etdi. 

Yazdıqlarımız bayrağımızın tarixinə qısa baxışdır. 

XX əsrin əvvəlində və sonlarında müstəqilliyimizin, istiqlalımızın bərpasında bayrağın  insanların mübarizəsinə verdiyi töhfə əvəzsizdir. İlk baxışdan, “parçada təsvir edilmiş rənglərin və nişanların hansı müqəddəs mənası ola bilər ki”, - deyə düşünə bilərik. Nədir onu bizə sevdirən, şəhid tabutuna bükülən, ölkə rəhbəri seçilmiş şəxsin dizini yerə qoyub öpüb alnına sıxdığı bu PARÇA? Ehkamçıların, ifrat müasir fikirli düşüncənin ədalı gülüşlərinə, ehtiramsızlığına, tuş gələn əziz bayrağımız...  

Bayrağımızın tarixi haqda qeydlər yazarkən ona məna vermiş şəxslərin həyatına toxunmadıq. Birinci Dünya müharibəsindən sonra süqut edən böyük bir imperiyanın kiçik hissəsi kimi vətənimiz ağır günlərini yaşayırdı. Ölkəmiz bütünlüklə işğal edilmişdi, böyük şəhərlərdə əhalimizə qarşı kütləvi qətllər törədilirdi. Ölkə, onun paytaxtı Bakı düşmənin nəzarətində idi. Qarabağ haqda heç yazmağa dəyməz... Bu mürəkkəb situasiyada qəlbi, könlü, məramı insanların imdadına çatmaq, zülmün, təcavüzün qarşısına almaq olan yüzlərlə fədakar vətənsevər dövlət, ordu, bayraq yaradıb insanların xilasına başladılar. Ordu yaradıldı, minlərlə azərbaycanlı gənc könüllü onun sıralarına qoşuldu. Hər qarışını azad etmək üçün minlərlə can qurban oldu. Xarabalığın gülüstana çevrilməsi üçün hər daşına bir şəhid verdik. Allahın yaratdıqlarını xilas etmək, məmləkətdə əmin-amanlıq yaratmaq, insanların ürəyində gələcəyə ümid işığı yandırmağa dəyər, deyilmi?  Fəxr edib, qürur duymayaqmı? Bəli, bu bayrağın altında canlar fəda olub, körpələr xilas edilib, məmləkət azad olunub! Anaların itirdikləri övladları üçün göz yaşı, azad etdikləri minlərlə çarəsizin, miskinlərin duaları ilə yoğurulub bu bayraq. 

100 yaşın mübarək olsun Azərbaycan bayrağı! 

Məzlumların, haqqı əlindən alınmışların, şəhid edilənlərin, qəhrəmanların duası ilə yüksələn AZADLIQ, İSTİQLAL VƏ HÜRRİYYƏT NİŞANGAHIMIZ!

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 10:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com