Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Nadir İsrafilov

21 May

2018
6755
Bir universitet ki, öz magistrantına sahib çıxmır...

Artıq neçə illərdir ki, hər may ayı gələndə təbiətdə gedən canlanma prosesinə uyğun olaraq, təhsilimizdə də il boyu davam edən nisbi sükut pozulur, ani olaraq “təhsilimizin acınacaqlı vəziyyətdə olması” barədə yaddaşlarımız təzələnir. Başlayırıq “bağ belə, bostan belə”, danışmağa. Filan qədər məktəbi bitirən məzunumuz filan qədər bal toplayıb, filan qədər əlaçımız attestat qiymətlərini doğrultmayıb, filan qədər abituriyent məktəb proqramının yalnız filan qədər faizini mənimsəyib və s. və i.a.  

Günahkar isə bir ənənə olaraq, ünvanı dəyişməyən məktəb və müəllimdir: “Məktəblərin böyük qismində tədris normal aparılmır”, “müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır” 

və s. Ən yaxşı halda və çıxış yolu kimi də orta məktəb müəllimlərinin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələlərini önə çəkib, müəyyən tövsiyələr veririk.

Görəsən, məktəbə, müəllimə bu qədər inamsızlıq və etimadsızlıq nədən qaynaqlanır? Yəni bir soruşan yoxdur ki, axı bu “tədrisi normal apara biləcək, lakin peşəkarlıq səviyyəsi aşağı olan müəllimlərin” hazırlığı ilə məşğul olanların heç bir günahı yoxdur? Əgər müəllim hazırda tələb etdiyimiz kimi

“tədris prosesində yeni təlim üsulları və texnologiyalarından lazımınca istifadə etməyi” bacaran idisə,  bəs onda onun ali məktəbdə dörd il boş vaxt keçirməsinə,  daha sonra əlavə təlimlərə və kurslara cəlb olunmasına, çox pilləli müsabiqə, müsahibə, test imtahanından keçməsinə nə ehtiyac vardı?

Belə çıxır ki, deyəsən gücümüz elə orta məktəblərə çatır, ali məktəblərə, “gözün üstə qaşın var”, - deyən belə yoxdur. Hansı ali təhsil müəssisəsi ilə bağlı hər hansı bir ölçü götürmək bir yana, sessiya və ya illik yekun keyfiyyət göstəricilərini təhlil edib ictimailəşdirmişik? Bu məqamda istər istəməz millət vəkili Fazıl Mustafanın universitetlərlə bağlı bir iradı ilə razılaşmamaq olmur:  "Elələri var ki, buna artıq universitet deyilməz, əyləncə mərkəzi demək daha doğru sayılar..." 

Təhsil müəssisəsində təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının, kadr pоtensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası haqqında Qaydalar” təsdiq olunub, Təhsil Nazirliyində xüsusi olaraq “Akkreditasiya və Nostrifikasiya İdarəsi” yaradılıb,“Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” barədə “Təhsil haqqında” Qanuna xüsusi maddə salınıb.

Hansı təhsil müəssisəsinə qarşı təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri оlan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddiası qaldırılıb?

İkipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə ilk dəfə olaraq 23 ali təhsil ocağında 80 istiqamət, 300-dən çox ixtisas üzrə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat səviyyəsində ilk buraxılış olduqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin 17.06.1997-ci il tarixli, 412 nömrəli əmri ilə ölkəmizin 23 dövlət, 9 özəl ali müəssisəsində ali təhsilin ikinci – magistratura səviyyəsinə keçilməsinə icazə verilmiş, onlardan 23-də tələbə qəbulu aparılmışdır. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb, həmin ildən isə magistraturaya tələbə qəbulu TQDK tərəfindən həyata keçirilir. Hazırda respublikamızın əksər ali təhsil müəssisələrində magistr hazırlığı həyata keçirilir.

Abituriyentlərin az qala 50 faizinin 200-dən az bal toplaması nəyin göstəricisidir? Əlbəttə 200 və ondan da aşağı balla ali məktəbə qəbul keçirilməsinin. Bir vaxtlar plan dalınca qaçmaqda Sovet cəmiyyətini ittiham edirdik, halbuki bu dönəmdə heç olmasa doğru-yalan pambıq, meyvə tərəvəz uğrunda yarış gedirdi. İndi isə universitetlərin boş qalan yerlərini doldurmaq üçün “sosializm yarışı”na qoşulmuşuq. 2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrmışıq, qəbul planınında ötən tədrisi ilə müqayisədə 2303 (5,37 %) yer artırmışıq. 

Müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi bakalavriatı bitirənlər bir yana, heç ali təhsilin ikinci səviyyəsi olan magistr elmi dərəcəsi almağa namizəd olan magistrantlar belə ixtisası üzrə iş tapmaqda problemlərlə üzləşirlər. Əgər hansısa universitet öz magistrantına belə yiyə durmursa,  “öz ayranına turş deyərək” onu dağa-daşa salırsa, bu qədər magistr hazırlığına nə ehtiyac var? Əgər bu əlavə 2 il müddətində onların ödənişlərinə, digər əlavə çıxarları da bir yana, fiziki və psixi gərginliklə bağlı səhhətlərinə belə məhəl qoymuruqsa, barı öz elmimizın gələcək taleyinə heyfimiz gəlsin.

Təhsildə tələb-təklif prinsipini nə vaxtdan arxivə göndərmişik? Mərhum prezidentimiz Heydər Əliyevin bir sözü vardı: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən sahədir". Təhsilimizdə yaratdığımız vəziyyət isə intellektuallıq göstəricisi deyil. Bu sahə biznes, kommersiya, korporativ maraqlardan imkan daxilində kənar saxlnılmalıdır...

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2018 03:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com