Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

02 İyul

2011
2574
SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ

II Əbdulhəmid (21 sentyabr 1842 - 10 fevral 1918), Osmanlı İmperatorluğunun 34-cü padşahı və 99-cu İslam xəlifəsidir. Sultan Əbdülməcidin oğuludur. Hələ 10 yaşındaykən anası Tirimüjgan Sultan ölüncə, onun qayğısına qalmağı Əbdülməcidin digər uşaqsız həyat yoldaşı Piristu Qadın Əfəndi boynuna götürür. Piristu Qadın Əfəndi, Əbdulhəmidi öz uşağı kimi böyüdür. Atasının ölümündən sonra yerinə keçən əmisi Əbdüləziz digər şahzadələrlə birlikdə Əbdülhəmidin təhsiliylə də yaxından maraqlanır.
Əmisi Əbdüləzizin 1876-cı ildə taxtdan endirilməsi və şübhəli vəziyyətdə ölümü, böyük qardaşı V Muradın taxta çıxarıldıqdan üç ay sonra ruhi satrsıntı keçirdiyi iddiasıyla vəzifədən çıxarılaraq, Çırağan Sarayına həbs edilməsi hadisələrinə şahid olur. 31 avqust 1876-cı ildə padşah elan edilir və 7 sentyabr günü böyük qardaşının yerinə taxta keçir.
33 il padşahlıq etdikdən sonra 27 aprel 1909-cu ildə taxtdan endirilir. 3 il Selanikdəki (İndiki Yunanıstan ərazisindəki liman şəhəridir - A.M.) Alatini Köşkündə ev dustağı edildikdən sonra 1912-ci ildə İstanbuldakı Bəylərbəyi Sarayına gətirilir. 10 fevral 1918-ci ildə İstanbulda vəfat edir. Məzarı, babası üçün Divanyolunda tikilmiş Sultan II Mahmud Türbəsindədir.

Bu Osmanlı Sultanı II Əbdülhəmidin qısa tərcümeyi halı idi. Heç şübhəsiz, Sultan II Əbdülhəmid Türk tarixindəki ən əhəmiyyətli şəxsiyyətlərdən biridir. İndiki vaxtda belə, bir çox istiqamətdən müzakirə olunan, bəziləri üçün ən pis və adı "Qızıl Sultan"a qədər qalxmış, bəziləri üçün isə o ən böyük padşahlardandır. Hətta bu gün də bu məsələ tam aydınlaşmayıbsa və ona düzgün münasibət göstərilmirsə, o dövrün insanlarını siz təsəvvür edin.
Heç şübhəsiz, buradan belə bir məna çıxır; II Əbdülhəmidi sevənlər qədər, sevməyənlər də olmuşdur. Bu sevməyən seqment içərisindən bəziləri gizli planlar həyata keçirib II Əbdülhəmidə sui-qəsd təşkil etmişdilər. Sultan Əbdülhəmid isə son anda bu tələdən xilas olmuşdu.
Gəlin tarixə birgə nəzər salaq. Sultanın tərcümeyi halında qeyd olunmayan hadisənin baş verdiyi zamana qayıdaq.
21 iyul 1905-ci il. Sultan II Əbdülhəmid "Ulduz" məscidindəki cümə məclisindən çıxaraq, faytonuna doğru irəliləyir. Həmişəki kimi məscidin pilləkənlərindən enəcək və dörd yüz metr qarşıda gözləyən faytona minəcəkdi. Lakin bu dəfə kiçik bir ləngimə baş vermişdi. Şeyxülislam Məhəmməd Cəmaləddin Əbdülhəmidin yolunu kəsərək, bəzi mövzularda məlumat alır.

Sultan II Əbdülhəmidlə Şeyxülislam Məhəmməd Cəmaləddin arasındakı söhbət olduqca uzun çəkir. Bu an dəhşətli bir partlayış eşidilir. Onların arxasından fayton parçaları və insan qol və ayaqları hər tərəfə yayılmağa başlayır. Sultanın yanında olanlar qorxu içində qaçaraq, canlarını qurtarmaq üçün sığınacaq axtarırlar. O qədər kütlənin arasında tükünü belə tərpətməyən, üzündə ən kiçik həyəcan və qorxu izi görünməyən tək adam Əbdülhəmid idi.
Ortada heykəl kimi tərpənmədən dayanır. Köməkçilərindən polkovnik Sadiq bəy qorxu və təlaşdan qılıncını yerə salmışdı. Polkovnik Süleyman Şəfik bəy isə epoletini (bəzəkli paqon - A.M) itirmişdi. Ətrafındakıların qorxudan dağılışmaları II Əbdülhəmidi çox hirsləndirmiş və hadisədən sonra köməkçisi üçün, "Qılıncını itirən köməkçini yanımda görmək istəmirəm, Tripoliyə (indiki Trablus, Liviyanın paytaxtı - A.M) sürgün olunacaq!.." əmrini vermişdi.
Təhlükə sovuşduqdan sonra sığındıqları yerlərdən çıxanlara Sultan bunları söyləmişdi: "Faytonumu gətirin. Günahkarları tutun!.."
Daha sonra mühafizəçilərin tüfənglərinə güllə qoyduğunu gördükdə, əsgərlərə əmr verən zabitə, "Hazır ol əmrini ver, nə dayanmısan!", - deyə bağırmışdı. Sıravi heyət "Hazır ol!" vəziyyətini aldıqdan sonra məscidin həyətinə gətirilən faytona minən II Əbdülhəmid, adəti olmadığı halda ayağa qalxmış, əmri özü verərək Çit köşkünə getmişdi.
Şərqi Anadoluda müstəqil Ermənistan qurmağa çalışan ermənilər, qarşılarında ən böyük maneə olaraq gördükləri Sultan II Əbdülhəmidi öldürmək istəmişdilər. Özlərinin bu işdə kifayət qədər təcrübəsi olmadığı üçün Avropa və Rusiyadakı beynəlxalq anarxistlərlə əlaqə yaratmış, onlardan Əbdülhəmidin öldürülməsi məsələsində yardım və dəstək almışdılar.
Bu iş üçün xüsusi olaraq İstanbula gələnlərdən biri də belçikalı məşhur anarxist Edvard Jorris idi. O dövrdə anarxizm bütün dünyanı ağuşuna almış, sui-qəsdə məruz qalmayan hökmdar və ya prezident qalmamışdı. İndi növbə II Əbdülhəmiddə idi. Edvard Jorris, gözə dəyməmək üçün "Zinger" şirkətinin idarəçiliyinə daxil olmuş, padşahın cümə xütbələrini böyük diqqətlə izləməyə başlamışdı. Əbdülhəmid, cümə günləri "Ulduz" məscidindən çıxdıqdan sonra 1 dəqiqə 42 saniyəyə avtomobilinin yanına gedirdi. Bir neçə cümə xütbəsini müşahidə edən Jorris, bu müddətin heç dəyişmədiyini, padşahın bu yolu daim 1 dəqiqə 42 saniyədə qət etdiyini müşahidə etmişdi.
Sui-qəsdi hazırlayan təşkilat olduqca geniş idi. Jorrisdən başqa, Rusiyadan gələn Kristofer Mikaelyan və qızı olaraq tanıtdığı Robina, Hacı Nisan Minasyan, Mıkırtiç Sarkis Qaribyan, Karapet Ohanesyan, Bəhram Kendiryan, Silviyoriçi, Sara Torkom, Treys Yuvanoviç bu təşkilatın üzvlərində bəziləri idilər.
Hazırlanan plana görə, "Ulduz" məscidi qarşısında bomba partladılıb II Əbdülhəmid öldürüldükdən sonra Qalata körpüsü, tunel, xarici bank və təşkilatların ofisi partladılacaq, xarici dövlətlərin işə qarışmaları təmin ediləcəkdi. Filibe şəhərində (indiki Bolqarıstan ərazisindəki Plovdivşəhəri - A.M.) ermənilər böyük bir toplantı təşkil etmişdilər. Bu yığıncağa slavyan və sionist təşkilatları da iştirak etmişdi. "Pro Armenia" qəzetinin redaktoru Pirkiyar da bu yığıncaqda idi. Keçirilən görüşlərdən sonra plan hazırlanmış və II Əbdülhəmidin məscidindən çıxarkən öldürülməsi qərarlaşdırılmışdı.
Əsl adı Kristofer Mikaelyan olan, lakin Samuel Fayn adı ilə tanınan rus ermənisi, Viyanada "Neseldorfer Wagenbefcu Fabriks Geselschaft" firmasına fayton düzəltdirmiş və bunu hissə-hissə Türkiyəyə gətirtdirmişdi. Dəniz yoluyla gələn faytonun hissələrini İstanbulda komitə üzvü Silviyoriçi təhvil alır, yoxlanışdan keçməməsi üçün də gömrük məmurlarına rüşvət verilir.
İçinə partlayıcı maddə yerləşdiriləcək şəkildə hazırlanan bu fayton, yığıldıqdan sonra Şişli məhəlləsindən kənarda sınanmış, məqsədə uyğun olduğu müəyyənləşmişdi. Faytona 80 kiloqram partlayıcı maddə ilə birlikdə 20 kiloqram dəmir parçası qoyulmuşdu. Qoşulacaq atlar da o dövrün məşhur teatrçılarından olan "Keçəl Həsəndən" satın alınmışdı. "Machine İnfernale - Cəhənnəm Maşını" adı verilən və bombanı istənilən anda partladacaq qurğu Fransadan gətirdilmişdi. Bütün bunlar tamamlandıqdan sonra 21 iyul 1905-ci ildə cümə günü fayton Sultan Əbdülhəmidin dörd atlı arabasının yanında saxlanılaraq onun məsciddən çölə çıxması gözlənilməyə başlanmışdı.

Dosya:Abdul Hamid II 1908.jpgƏbdülhəmid məscidin qapısında göründükdə, Kristofer Mikaelyan və qızı olaraq tanıtdığı Rabina, cəhənnəm maşınını işlədərək, bombanı 1 dəqiqə 42 saniyə sonra partlayacaq vəziyyətə gətirimişdi. Lakin Sultan qapı qarşısında Şeyxülislam Cəmaləddin əfəndiylə söhbət etməyə dayanmışdı və müddət başa çatdıqdan partlayış baş vermişdi. Əbdülhəmid ölümdən xilas olmuşdu. Sui-qəsdçilər məqsədlərini reallaşdıra bilməmişdi. Amma 26 nəfər ölmüş, 58 nəfər də yaralanmışdı. Həmçinin 17 araba ilə 20 at da parçalanmışdı. Cəhənnəm maşınını işlətdikdən sonra qaça bilməyən Kristofer Mikaelyan da ölmüşdü.
Sui-qəsdçilərdən bir çoxu xaricə qaçmışdılar. Lakin Edvard Jorris tutulmuşdu. Arabanın hissələri arasında olan "Neseldorfer" sözüylə 11123 rəqəmi, hadisənin işıqlanmasını təmin etmişdi. Danışmamaq üçün müqavimət göstərən Edvard Jorris də hər şeyin aşkarlanacağını görüb, bütün bildiklərini etiraf etmişdi. Sui-qəsdçilərdən Hacı Nisan Minasyan, istintaq əsnasında qalaylı bardaqla qarınını cıraraq intihar etmiş, qalanları isə edam olunmuşdu.
Sultan II Əbdülhəmid Edvard Jorrisi bağışlamış, hətta 500 qızıl da vermişdi. Bunun qarşılığında isə Jorris daha sonra Avropada Əbdülhəmidin agenti olaraq saraya əhəmiyyətli hesabatlar göndərir.
Beləcə, Sultan II Əbdülhəmidin ermənilər tərəfindən terrorla öldürülməsi planı uğursuzluğa düçar oldu.

Şərhlər
er-can tərəfindən 02-08-2011 09:09:50 tarixində yazıldı
Təşəkkür
Allah razı olsun qardaş. Çox dəyərli məlumatdır. Allah -təalanın işləri necə də maraqlıdır. sultan Əbdülhəmidə 33 il padşahlıq verib, sui-qəsddən qoruyub, sonunda isə ev dustaqlığı.. Nə qəribə tale...
azer tərəfindən 17-09-2011 14:25:51 tarixində yazıldı
Tesekkurler.gozel yazi ve maraqli melumatlar....cox-cox sag olun. ellerinize ve gozlerinize quvvet
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 04:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru