Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar


Aqil Mehdi

08 Sentyabr

2009
2127
Amerikanın silah satışları niyə artıb?
Dünyanı ağuşuna alan qlobal böhrana baxmayaraq, Amerikanın silah satışları keçən il yüksəlib. Amerika Konqresinin apardığı araşdırmaya görə, dünyadakı bütün silah müqavilələrinin üçdə ikisindən çoxu Amerikaya aiddir.

2007-ci ildə 25,4 milyard dollarlıq silah satan Amerika, keçən il payını 37,8 milyard dollara çıxardı. Bu rəqəm ikinci sıradakı İtaliya ilə müqayisə edildikdə müdhiş bir nəticə ortaya çıxır. İtaliyanın satışı ötən il yalnız 3,5 milyard dollar olub. Eyni zamanda bütün dünyada silah satışının cəmi məbləğinin 55,2 milyard dollar olduğunu nəzərə alsaq, Amerikanın payının heyrətdoğurucu olduğu görünür.

Yaxşı, necə olur ki, bu qədər böyük bir iqtisadi böhrana baxmayaraq, Amerikanın silah satışları bu qədər rekord səviyyədə artır?

Bu problemin cavabı müştərilərdə gizlidir.

Sizə müştərilərin siyahısını təqdim edirəm: Birləşmiş Ərəb Əmrlikləri: 6,5 milyard dollarlıq havadan müdafiə sistemi. İspaniya ordusu: 2,1 milyard dollarlıq reaktiv təyyarə müqaviləsi. İraq, Səudiyyə Ərəbistanı, Misir də sonrakı sıralardadır.

Yəni, Amerika bir tərəfdən xaos içinə atdığı Orta Şərqə demokratiya və sülh gətirəcəyini irəli sürərkən, digər yandan eyni ölkələrlə çox qazanclı silah ticarəti həyata keçirir.

Yaxşı, Səudiyyə Ərəbistanı və Misir kimə qarşı silahlanır?

Ən böyük düşmənləri Amerikanın qədim müttəfiqi İsrail deyilmi?

Sizcə burada bir ziddiyyət yoxdur? Amerika bir tərəfdən nə edirsə-etsin, fələstinlilərə cəhənnəm əzabı da yaşatsa, haqsız yerə bir neçə ölkənin torpaqlarını illərdir işğal altında da tutsa, İsraili qeyd-şərtsiz dəstəkləyir. Digər yandan da gücləndirib Orta Şərqin kabusu etdiyi İsrail təhdidinə qarşı Səudiyyə Ərəbistanı və Misiri razı salıb onlara silah satır. Həm də Əfqanıstanı qan gölünə çevirib, qonşusu Pakistana tonla silah satışa çıxarır.

Əslində buna ziddiyyətdən çox ikiüzlülük demək lazımdır. Əvvəl müharibə yaradacaqsan, sonra oraya sülh və demokratiya gətirmək üçün müdaxilə edəcəksən. Sonra müdaxilə etdiyin ölkə və qonşularına bol-bol silah satacaqsan.

Aparılan araşdırmaya görə 2006-2007-ci illərdəki 27 böyük müharibənin 20-də ABŞ silahları və hərbi təhsili əhəmiyyətli rol oynadı. Bunlar arasında Çad, Konqo, Efiopiya, Sri-Lanka da var. Bu dövrdə ən böyük köməyi 3,7 milyard dollarla Pakistan alıb. Yəni Pakistanı da müharibə zülmətinə salan indiki müharibəyə hazırlıqlar aparılıb. Daha doğrusu, yardım siyahısına baxdıqda, Amerikanın silah satışı ilə müharibə başlayan yerlər arasında düz mütənasiblik olduğu açıq-aydın hiss edilir.

Dünyaya yeni bir Amerika xarici siyasəti vəd edən Obama dövründə bu rəqəmlərin necə dəyişəcəyini gələn il görəcəyik. Ümid edirik ki, özünü dünyanın super gücü adlandıran Amerikanın lideri, dünyanı idarə etməyin silahla və pulla davam etməyəcəyini, müharibə yaradıb silah satdıqları ölkələrdə də insanların yaşadığını anlayacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 20:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru