"AZƏRBAYCAN HAKİMİYYƏTİ ALTURİST DÜŞÜNCƏDƏN UZAQLAŞIB"
Nurəddin İsmayıl: "İqtidar sanki qarşısına məqsəd qoyub ki, heç bir halda müxalifətlə razılaşmaq lazım deyil"
22-02-2012 / 16:41
Rusiya prezidenti Dmitri Medvedyev ilk dəfə partiya kimi qeydiyyatda olmayan siyasi partiya və müxalif təşkilatlarının liderləri ilə bir araya gəlib. 4 dekabr 2011-ci il tarixində parlament seçkilərində saxtakarlıq edildiyi üçün on minlərlə insanı meydanlara yığan müxalifət nümayəndələri ilə bir araya gələn Medvedyev, müxalifət nümayəndələrindən ölkənin siyasi islahat işlərinə yardım etmələrini istəyib.
Bəs Azərbaycanda necə, ölkə başçısının müxalifətlə bir araya gəlməsi mümkündürmü? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən ADP-nin sədr müavini Nurəddin İsmayıl, bu cür görüşlərin keçirilməsinin normal bir hal olduğunu bildirdi: “İstənilən gərgin şəraitdən asılı olmayaraq, adi şəraitdə belə müxalifətlə iqtidarın ölkənin siyasi-ictimai həyatında birgə fəaliyyəti vacibdir. Çox təəssüf ki, mövcud rejimin olduğu müddətdə Azərbaycanda bu prosesin ənənəsi yoxdur. İqtidar sanki qarşısına məqsəd qoyub ki, heç bir halda müxalifətlə razılaşmaq lazım deyil. Bunlar elə düşünürlər ki, ölkədə müxalifət nə qədər zəif olacaqsa, bunlar bir o qədər güclü olacaqlar.”
Müxalifət qarşı belə bir mövqeyin nümayiş etdirilməsinin düzgün olmadığını qeyd edən Nurəddin bəy, “zəif müxalifəti olan, zəif iqtidara sahib ölkə anlamına gəlməlidir. Dünya təcrübəsində bununla bağlı kifayət qədər nümunələr var”, -deyə bildirdi: “Buna görə də Azərbaycanda iqtidarın bu məsələləri eqoist yanaşması mövcuddur. Alturist düşüncədən uzaq olduqlarına görə, bu məsələlərə öz istədikləri kimi yanaşırlar. İqtidarın bu istiqamətdə hər hansı bir addım atmasını gözləmirəm.”
Sonda Nurəddin bəy qeyd etdi ki, bu məsələdə siyasi hakimiyyət özü iradə göstərməlidir: “Bəziləri deyirlər ki, bu cür danışıqların baş tutmamasının səbəbkarı müxalifətdir. Lakin heç də o cür deyil. Hakimiyyət bu məsələ də hər hansı bir siyasi iradə nümayiş etdirmir.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.