Bu ilin əvvəlindən Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 257 investisiya layihəsinin maliyyələşdirilməsinə 30.9 milyon manat kredit verilib
22-02-2012 / 16:11
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 22-də Xəzər rayonunun Zirə qəsəbəsində keçirib. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
Nazirliyin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Xəzər rayonu, Zirə qəsəbəsində sahibkar Bəşir Quliyevə məxsus müasir istixana kompleksinin fəaliyyətinə və Sona İmanovaya məxsus müasir istixana kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.
Tədbirdə Xəzər rayonunun, o cümlədən tədbirin keçirildiyi Zirə qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta həcmli müasir istixana və zeytunçuluq təsərrüfatlarının, çörək istehsalı müəssisələrinin, müasir zeytun emalı fabrikinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmış, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə qeyd olunub ki, bu ilin əvvəlindən Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 257 investisiya layihəsinin maliyyələşdirilməsinə 30.9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 227 investisiya layihəsinin maliyyələşdirilməsinə 26.1 milyon manat və Bakı qəsəbələri üzrə 30 investisiya layihəsinin maliyyələşdirilməsinə 4.8 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkarlıq subyektinə 372 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 40-dan çox yeni iş yeri yaradılacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.