Nikaha girən tərəflərə məcburi qaydada tibbi arayış tətbiq olunması nəzərdə tutulub - komitə sədri
21-02-2012 / 20:09
Milli Məclisin Sosial siyasət komitəsinin iclasında "Dağınıq skleroz xəstələrinə dövlət qayğısı haqqında" qanun layihəsi 3-cü oxunuşda müzakirə edilib.
FaktXeber.com Salamnews-a istinadən xəbər verir ki, komitə sədri Hadi Rəcəbli bildirib ki, bu qanun dağınıq skleroz xəstəliyinə tutulan xəstələrə dövlət qayğısı, onların müalicəsi və sanatoriyalarda müalicə olunmasını nəzərdə tutur. O bildirib ki, ilk iki oxunuşda layihə ciddi müzakirə olunub və qanunla bağlı heç bir irad bildirilməyib. Müzakirələrin yekunu olaraq komitə üzvləri layihənin parlamentdə müzakirəsini tövsiyə ediblər.
Komitədə eyni zamanda Ailə Məcəlləsinə dəyişikliklər də müzakirə olunub. H.Rəcəbli bildirib ki, son illərdə cəmiyyətdə boşanma halları ictimaiyyəti narahat edir və bunun səbəbləri araşdırılır.
O deyib: "Boşanmaların səbəblərindən biri də nikaha girənlərin səhhətindəki problemlərlə bağlıdır. Düzdür, mövcud qanunvericilikdə nikaha girənlərin bir-birinin sağlamlığı haqda məlumat əldə etmək hüququ var. Amma, bu, deklarativ xarakter daşıyır. Ona görə də biz qanunvericilikdə dəyişiklik etmək məcburiyyətində qalmışıq. Yəni nikaha girən tərəflərə məcburi qaydada tibbi arayış tətbiq olunması nəzərdə tutulub".
Komitə sədrinin fikrincə, bu sənəd təsdiq olunarsa, boşanmaların sayı azalar, eyni zamanda dünyaya gələn xəstə uşaqların sayı azalar: "Tibbi arayışlar yerli VVAQ şöbələrinə təqdim edilməlidir, həkimlər və VVAQ məxfiliyi qorumalıdırlar".
Deputat Musa Quliyev bildirib ki, qanuna dəyişiklik cəmiyyətdə əks reaksiyalara səbəb ola bilər. Nikaha girənlərin sağlamlığı haqqında məlumatı yalnız həkimlər bilməlidirlər. Qeyri qurumlara arayışın verilməsi isə məlumatın məxfiliyini qorumayacaq.
Yaqub Mahmudov söyləyib ki, biz nə etsək onun əks tərəfi ola bilər. Biz onda gərək heç nə etməyək. Bu qanuna dəyişiklik edilməlidir. Qeyri-qanuni nikahda yaşayanların məsələsini də ciddi düşünməliyik. Bu son illərdə cəmiyyətdə ciddi problemlər yaradır və bu artan templə davam edir.
Ədliyyə nazirliyinin əməkdaşı Reyhanə Kərimova tibbi arayışların yalnız səhiyyə orqanları tərəfindən açıqlanması fikrini dəstəkləyib.
Deputat İlham Məmmədov deyib ki, bu sahədə həkimlərin maarifləndirilməsinə ehtiyac var.
Komitə sədri Hadi Rəcəbli bildirib ki, qanuna dəyişiklik bir sıra neqativ hallara yol aça bilər. Bu rəsmi qeydiyyatdan yayınma, həkimlərin yanlış arayış verilməsi, sirrin açılmasına aiddir. Amma elə etməliyik ki, onlar baş verməsin və qanunda boşluq olmasın.
O, qeyri-qanuni nikahlardan da narahatlığını bildirib: "2010-cu ildə dünyaya gələn uşaqların 26 mini nikahdan kənar doğulub. Bunun hüquqi tənzimlənmə prosesi tapılmalıdır.
Müzakirələrin yekununda komitə üzvləri layihənin Milli Məclisdə müzakirəyə çıxarılmasını tövsiyə ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.