BAKIDA BMT ƏMƏKDAŞININ ANASINI ÖLDÜRƏN ŞƏXS HƏBS EDİLİB
Fevralın 17-də saat 19.00 radələrində paytaxtın Binəqədi rayon sakini 74 yaşlı Elmira İsmayılova yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə qəsdən öldürülmüş və mənzilin mətbəxi yandırılıb
21-02-2012 / 16:17
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Hümbətov müəyyən edilərək tutulub.
İlkin dindirmə zamanı N.Hümbətov cinayəti tamah məqsədi ilə törətdiyini və E.İsmayılovanı qətlə yetirdikdən sonra cinayətin izlərini itirmək məqsədi ilə meyitin olduğu mətbəx otağını yandırdığını etiraf edib.
Fakta görə həmin tarixdə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluq ilə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) maddələri ilə cinayət işi başlanıb.
Natiq Hümbətov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.