|
Məlum olduğu kimi ölkə qanunvericiliyinə əsasən hərbi xidmətə çağırılmış orta təhsilli gənclər 1,6 il, ali təhsillilər isə 1 müddətinə hərbi xidmət olurlar. Bəzən hərbi xidmətdən qayıtmış şəxslər hərbdə olduqları müddətdə güllə atıcılığının azlığından şikayət edirlər.
Ümumiyyətlə Azərbaycan ordusunda xidmət edən əsgərlər xidmət dövründə nə qədər güllə atmalıdırlar? Və ya doğrudan da az güllə atırlarsa, belə əsgəri hərbi mütəxəssis, ehtiyatda olan hərbçi hesab etmək olarmı? Mövzu ilə bağlı FaktXeber.com-a müsahibə verən hərbçi ekspert, keçmiş briqada komandiri və ehtiyatda olan polkovnik İldırım Məmmədov suallarımızı cavablandırıb.
- İldırım bəy, ümumiyyətlə hərbi müddət ərzində əsgərlər nə qədər güllə atmalıdırlar?
- Qoşun növündən asılı olaraq, güllələrin atma miqdarı müəyyən edilir. And içmə mərasimi öncəsi qoşun növündən asılı olmayaraq bütün əsgərlər 3 dənə güllə atırlar ki, özlərini həqiqi əsgər kimi hiss etsinlər. Bundan sonra əsgərlər üçün döyüş hazırlığı proqramı tərtib olunur. Həmin proqrama uyğun olaraq kəşfiyyatçı, rabitəçi və piyada və digər qoşunların atəş kursları təyin edilir. Hərbi xidmət dövründə ən çox güllə atan qoşun növü isə piyadalardır. Piyada qüvvələri atəş proqramından asılı olaraq həftədə ən azı iki dəfə atəşə aparılır. Eyni halda bunlar sadə və kompleks atəş növünə bölünürlər. Bu atəşlərin özü də müdafiədə və hücumda atəş növləri ilə həyata keçirilir. Ən çox güllə kompleks atəş açmada istifadə olunur. Kompleks atəş açma üçün əsgərə 25 patron verilir. 25 güllə iki daraqda verilir. Bir daraqda 10 güllə digər daraqda isə 15 güllə olur. Əgər ümumi saysaq belə 1,5 il hərb xidmət dövründə gənc əsgər dövrünü yəni 3 ayı çıxmaq şərti ilə yerdə qalan müddətdə əsgərlər manqa, tağım, bölük, batalyon və tabor şəklində kifayət qədər atışlara aparılırlar. Çünki əsgərlər döyüşə gedəndə yuxarıda adını çəkdiyimiz tərkiblərdə gedirlər. Hərbi xidmət müddətində ən az güllə atanlar zirehli maşını sürən əsgərlər olur. Hər bir əsgərin öz ixtisasına uyğun atəş kursu müəyyən olunur. Belə ki, snayperçi, manqa komandiri, qumbaratan və digər ixtisasa sahib olan hər bir əsgərin özünə məxsus atəş kursları var. Hətta hərbi xidmət dövründə bəziləri tapançadan da atəş açırlar.
- Sizcə ordumuzda 1 il və 1,6 il həqiqi hərbi xidmət keçərək evlərinə əsgəri hərbi mütəxəssis və ya ehtiyatda olan hərbçi hesab etmək olarmı?
- Bir neçə gün bundan öncə prezidentin fərmanı ilə hərbi komissarlıq ləğv olunaraq onun yerinə hərbi səfərbərliklə bağlı idarə yaradıldı. Bu qurumun yaradılmasında əsas məqsəd çağırış yox, məhz ehtiyatda olan hərbçilərin hazırlığı məsələləridir. Belə ki, bu qurumun yaradılma məqsədinə uyğun olaraq atəşkəs dövründə ölkənin özünün və əhalisinin müharibə şəraitinə keçid və bu şəraitdə işləmək məsələsi gündəmə gətirilməlidir. Məsələn, hazırda milyon dollarlarla xərc çəkilən yollar, körpülər və dəmiryolları, eyni halda çəkilən neft və qaz boruları və aeroportlar və s kimi strateji obyektlər tam olaraq müharibə şəraitin uyğun formada hazırlanmalıdır. Lazım olarsa Bakıdan Ağdama və Tər-Tərə yanacaq boruları çəkilməlidir ki, müharibə zamanı rahat formada istifadə etmək mümkün olsun. Hazırda Balakənddə, Qəbələdə, Naxçıvanda müxtəlif aerodromlar tikilir. Bu gözəl bir ideyadır. Lakin həmin aerodromlardan Bərdədə yoxdur və eyni halda Yevlaxda olan da zəif işləyir. Prezidentin yanında olan və bu işlərə baxan şəxslər prezidentə bəzi şeylər haqqında məlumat verməlidirlər. Belə ki, ölkə başçısına məlumat verilməlidir ki, hazırda bizə nə qədər snayperçi, sualtı qaynaqçı, sualtı desantlar, və.s kimi peşə sahibləri lazımdır. Ona görə də, bu prosesin həyata keçirilməsi çox uzun müddətli və vaxt tələb edən proseslərdir. Ölkədə əgər biliyə və elmə qarşı maraq yoxdursa həmin ölkənin əsgəri məhv olacaq. Hazırda hərbi xidmətdə dünyasını dəyişən əsgərlərin 10-dan 7-si biliksizlikdən dünyasını dəyişir. Nə orta məktəblərdə, nə də ki, ali məktəblərdə düzgün və yüksək formada təhsil verilmir. Maşallah ki, hərbi komandirlərimiz də ağıllı əmr verməkdən başqa hər şeyi bacarırlar. Əsgərlər o qədər güllə atmalıdırlar ki, bu sahədə mütəxəssis olsunlar.
Xəyal Şükür
|