JİRİNOVSKİ SEÇKİ KOMİSSİYASI ÜÇÜN ƏN QİYMƏTLİ HƏDİYYƏSİNİ SATIR
Bu Liviyanın keçmiş lideri Qəzzafinin bağışladığı kreslodur
21-02-2012 / 12:49
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiyada martın 4-də keçiriləcək prezident seçkilərinə hazırlaşan radikal sağçı Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski, Liviyanın keçmiş prezidenti Müəmmar Qəzzafinin hədiyyə etdiyi leopard dərili kreslosunu 1 milyon dollara satışa çıxarıb.
Qəzzafinin hədiyyəsini açıq auksionda satmağı planlaşdıran Jirinovski, "hərraca qoyacağıq. Buyurun qiyməti 1 milyon dollardır!", - deyə bildirib. Məqsədinin az gəlirli vətəndaşlara yardım etmək olduğunu söyləyən rus siyasətçi, "pulu kasıblara verəcəyik. Hər ay biz kasıb insanlara milyonlarla rubl yardım edirik. Amma heç kimə bu barədə heç nə demirik. Proxorov (digər namizəd, milyoner) isə yalnız söz verir!" tənqidini səsləndirib.
Jirinovski, Qəzzafinin başqa hədiyyəlik əşyalarını da satmağı düşündüyünü bildirərək, "Qəzzafinin hədiyyə etdiyi başqa əşyaları, məsələn saat və başqa hədiyyələri də satacağıq. Hələlik hamısı muzeyimizdədir", - deyib.
Jirinovski, satılacaq əşyalar arasında İraqın keçmiş lideri Səddam Hüseynin də hədiyyə etdiyi qızıldan hazırlanmış it fiquru olduğunu bildirib. Başqa ərəb liderlərindən hədiyyəlik heç bir şey almadığını söyləyən rus siyasətçi belə davam edib: "Bəşşər Əsəd hələlik heç bir şey hədiyyə etməyib. Çünki hələ gəncdir. Səddamı ziyarət etdikdə çox qısqanırdılar. İraqı sevmirdilər. Çünki onlar da regional güc olmaq istəyirdi".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.