AZƏRBAYCAN VƏ HİNDİSTAN ARASINDA İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB
Görüşdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib
20-02-2012 / 18:10
İqtisadi İnkişaf Nazirliyininin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, Nazirliyin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu gün Azərbaycan-Hindistan işgüzar görüşü keçirilib.
Tədbirdə Azərbaycan və Hindistan tərəfindən rəsmi şəxslərlə yanaşı, daşınmaz əmlak və tikinti, mühəndislik, əczaçılıq, maliyyə və s. sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.
Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Adil Məmmədov ölkəmizin son illərdə qazandığı sosial-iqtisadi nailiyyətlər, Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verib, ikitərəfli əlaqələrin genişləndirilməsində işgüzar görüşlərin əhəmiyyətini qeyd edib.
Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Debnat Şou ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu bildirib.
Hindistan nümayəndə heyətinin rəhbəri Navin Rahejan isə iş adamlarının Azərbaycana səfəri və yerli sahibkarlarla əməkdaşlıq imkanları barədə məlumat verib.
Sonra Azərbaycana səfərə gəlmiş Hindistan iş adamları rəhbərlik etdikləri şirkətlərin fəaliyyəti barədə məlumat veriblər.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.