MHŞT-yə qoşulan 35 ölkədən tamhüquqlu üzv statusu əldə edənlərin sayı 14-ə çatıb
20-02-2012 / 18:00
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr Departamentindən FaktXeber.com-a daxil olan məlumata görə, İngiltərənin Susseks şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 19-cu iclası keçirilib. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov iclasda iştirak edib.
İclasda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən iki ölkəyə - Mavritaniya və Peruya tamhüquqlu üzv statusu verilib. Bununla da MHŞT-yə qoşulan 35 ölkədən tamhüquqlu üzv statusu əldə edənlərin sayı 14-ə (ətraflı məlumat üçün bax: http://eiti.org/countries) çatıb.
İclasda MHŞT-nin tətbiqinə dair digər məsələlər müzakirə edilib.
Həmçinin bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilib. İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə növbəti - on beşinci hesabat mərhələsi üzrə hesabatlarını (2011-ci il üzrə) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilən müsabiqənin nəticələri müzakirə edilib.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.