AZƏRBAYCANIN KÜVEYTDƏKİ SƏFİRLİYİNDƏ BEYNƏLXALQ SƏRGİ KEÇİRİLİR
Beynəlxalq sərgidə nümayiş etdirilən Azərbaycan guşəsi tamaşaçıların böyük marağına səbəb olub
20-02-2012 / 17:42
Küveytin İraq işğalından azad olunmasının növbəti 21-ci ildönümü münasibətilə fevral ayının 19-da Küveyt Universitetində “Dostlar və Qardaşlar” adlı beynəlxalq sərgi öz işinə başlayıb.
Bu barədə FaktXeber.com-a Azərbaycanın Küveytdəki səfirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, sərgidə Azərbaycan Respublikası ilə yanaşı, Türkiyə, ABŞ, İspaniya, İtaliya, Polşa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, İordaniya, Tunis və Ukrayna da təmsil olunublar.
Küveytdəki səfirliyimiz tərəfindən nümayiş etdirilən Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, adət-ənənələri və etnoqrafiyası, o cümlədən məşhur xalçaçılıq məktəbi, ləziz mətbəxi, sürətlə inkişaf edən iqtisadiyyatı, ölkədə həyata keçirilən demokratik islahatlar, böyük turizm potensialı barədə ətraflı məlumatlar foto-şəkillər və video-film, həmçinin mətbu məhsullar, sənətkarlarımızın əl işləri və digər eksponatlar vasitəsilə ictimaiyyətin diqqətinə təqdim olunub.
Beynəlxalq sərgidə nümayiş etdirilən Azərbaycan guşəsi tamaşaçıların böyük marağına səbəb olub.
Sərginin işində yaxından və yüksək səviyyədə iştirak etdiklərinə görə səfir və səfirliyin əməkdaşları təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Sərgi çərçivəsində geniş tamaşaçı kütləsinə malik “Əl-Sabah” televiziya kanalına Azərbaycanın tarixi, mədəniyyəti, həmçinin müasir inkişafı barədə müsahibə verilib.
Sərgi üç gün davam edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.