VETERANLAR BİRLİYİNİN İDARƏ HEYƏTİNİN SƏDRİ HƏBS EDİLİB
"Mübariz" Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri barəsində cinayət işi başlanıb
20-02-2012 / 16:48
Baş Prokurorluğun mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edərək, iş stajının hesablanması və əlillik dərəcəsinin təyin olunmasını vəd edən "Mübariz" Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri Seymur Şirinovun ondan 2.000 manat rüşvət tələb etdiyini bildirib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şirinov fevralın 17-də birliyin Bakı şəhərində yerləşən inzibati binasında xidməti otağında vətəndaşdan 2.000 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Şirinov həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib və hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Şirinovun yaşadığı mənzilə baxış keçirilərkən oradan ayrı-ayrı şəxslərə məxsus 5 ədəd əmək kitabçası, şəxsiyyət vəsiqələrinin surətləri, 6 ədəd "Müharibə veteranı", 2 ədəd "Mübariz" Müharibə Veteranlar Birliyinin üzvlük vəsiqələri, fiziki şəxs kimi özünün adına olan möhür və iş üçün əhəmiyyət kəsb edən sair sənəd və əşyalar aşkar edilərək götürülüb.
Şirinov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.