Partiyaya ali tədbir üçün Gürcüstan və Türkiyədən təkliflər gəlməsi xəbəri var
20-02-2012 / 12:54
Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasının martın 3-4-də keçirmək istədiyi qurultaya yer ayırmaması yeni situasiya yaradıb. Bu gün Müsavat Partiyasının Divanının iclasında və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında yaranmış yeni vəziyyət müzakirə ediləcək. Qurultayın vaxtında dəyişiklik edilib-edilməməsinin bu gün bəlli olacağı gözlənilir.
BŞİH-yə daha bir müraciətin edilməsi və məktubda qurultay üçün bir neçə zalın göstəriləcəyi də ehtimal edilir. Onu da qeyd edək ki, partiya başqanının müavini Tofiq Yaqublu mediaya açıqlamasında qurultayın mart ayında keçirilməməsi ehtimalının olduğunu da dilə gətirib. Başqan İsa Qəmbər isə deyib ki, qurultayın reallaşdırılması üçün variantlar araşdırılır, nəzərdən keçirilir. Fevralın 20-də rəsmi iclas səviyyəsində qərarlar olacaq.
Bu arada əldə etdiyimiz başqa bir xəbərə görə, Müsavat Partiyasına Türkiyədən və Gürcüstandan “Qurultayınıza burada şərait yarada bilərik, gəlin burada keçirin” təklifi gəlib. Məlumatda o bildirilir ki, təklif İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Türkiyə ilə sıx əlaqələri olan Aqil Səmədbəyli vasitəsilə edilib.
Deyilənlərlə bağlı Aqil Səmədbəyli ilə danışdıq. O, xəbəri dolayısı ilə təsdiqlədi: “Yaxın tarixdə bu cür nümunələr var. O cümlədən tarixdə Müsavat Partiyasının xaricdə qurultay keçirməyə, xaricdə fəaliyyət göstərməyə məcbur olduğu dövrlər olub. Bu, sovet imperiyası dönəmində olub. İndi Müsavat Partiyasının Azərbaycanın müstəqil olduğu dövrdə xaricdə qurultay keçirməyə məcbur olması o anlamı verəcək ki, ölkədə hələ də sovet-diktatura rejiminə bənzər vəziyyət hökm sürür. Çox təəssüf ki, elə dəhşətli siyasi vəziyyət yaranıb ki, Azərbaycan dövlətinin təməlini qoyan bir partiya bu ölkədə qurultayını keçirməyə yer tapa bilmir. Belə bir acı durumun yaranması Müsavatın qardaş Türkiyədə və yaxın qonşumuz olan Gürcüstandakı dostlarını da narahat edir. Bu baxımdan həmin ölkələrdə Müsavatın qurultayının keçirilməsi üçün yer təklifləri çox normaldır”.
A.Səmədbəyli bildirdi ki, qurultayın xaricdə keçirilməsi hakimiyyətin özünə çox böyük zərbə olacaq: “Bütün dünya heyrətə gələcək ki, XXI əsrdə Azərbaycanda necə ağır durum mövcuddur ki, müxalifət partiyası qurultayını ölkədən kənarda keçirmək məcburiyyətindədir. Bu rəyin yaranması Azərbaycan dövlətinin rüsvay olması demək olar. Mən hakimiyyəti bu məsələləri nəzərə almağa çağırıram”. \Yeni Müsavat
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.