TÜRKİYƏ 40 KƏŞFİYYATÇISININ AZAD EDİLMƏSİ ÜÇÜN SURİYA İLƏ DANIŞIQLAR APARIR
Haaretz: "Türkiyə hakimiyyəti, Milli İstikbarat Təşkilatı (MİT) üzvlərinin azad edilməsi üçün Suriya ilə müzakirələr aparır"
20-02-2012 / 11:35
FaktXeber.com xəbər verir ki, İsraildə nəşr olunan Haaretz qəzeti, Türkiyə hakimiyyətinin, Milli İstikbarat Təşkilatı (MİT) üzvlərinin azad edilməsi üçün Suriya ilə müzakirələr apardığını yazıb. Suriya isə MİT-çilərin azad edilməsi qarşılığında Türkiyədə olan qaçaq suriyalı zabitlərin qaytarmasını istəyib.
Haaretz qəzetinin yaydığı xəbərdə bildirilir ki, Suriyada 40 MİT-çi həbs olunub. Türkiyə, 40 kəşfiyyatçısının Suriya ordusu tərəfindən həbs edilməsi və Suriya ilə gərginləşən diplomatik böhrandan sonra bu hadisələrdən bir qədər çəkinir. Son bir həftədir ki, Türkiyə, 40 türk kəşfiyyatçısının azad edilməsi üçün Suriya ilə müzakirələr aparır. Suriya isə onların azad edilməsinin əvəzinə Türkiyəyə sığınan suriyalı zabitlərin geri qaytarılmasını, yaraqlıların silah qaçaqmalçılığı ilə məşğul olmalarının qarşısının alınması üçün Suriya-Türkiyə sərhəddinin bağlanmasını və İranın rəsmi Dəməşq və müxalifət arasındakı müzakirələrdə vasitəçilik etməsinə imkan verilməsini tələb edir.
"Haaretz" Türkiyənin mövqeyi ilə bağlı yazır: "Bir neçə həftə əvvəl, üsyançılar tərəfindən saxlanılan bir neçə İran vətəndaşının azad edilməsi məqsədi ilə Azad Suriya Ordusu ilə İran arasında vasitəçilik edən Türkiyə, Suriyanın bu tələblərini rədd edir. Öz növbəsində rəsmi Dəməşq də iddia edir ki, həbs edilən bir neçə türk zabiti İsrail xarici kəşfiyyat xidməti "Mossad"ın sıralarında təlim keçib və onların əsas məqsədi Suriyada sabitliyi pozmaq üçün ölkədə terror aktları təşkil etməkdir".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.