ABŞ KONQRESİNDƏ XOCALI FACİƏSİ İLƏ BAĞLI BƏYANAT SƏSLƏNDİRİLİB
Təəssüf ki, bu gün Azərbaycandan xaricdə Xocalının taleyinə kifayət qədər diqqət yetirən yoxdur
20-02-2012 / 11:05
FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupunun həmsədri, Oklahomadan olan konqresmen Den Boren Xocalı faciəsinin 20 illiyi ilə bağlı bildirib ki, yüksək səviyyəli rəsmi şəxslərin səlahiyyətlərindən biri də tanınması zəruri olan həqiqətləri üzə çıxarmaqdır.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə erməni silahlı qüvvələrinin hücumu nəticəsində şəhər və onun sakinləri tamamilə məhv edilib. Amerika qanunvericisi xatırladıb ki, vaxtında Xocalı faciəsi beynəlxalq media tərəfindən, o cümlədən “Boston Globe”, “Vaşinqton Post”, “New-York Times”, “Finacial Times” qəzetləri və bir çox Avropa və Rusiya xəbər agentlikləri tərəfindən geniş işıqlandırılıb. O əlavə edib ki, Xocalı şəhəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərzində Azərbaycan mənşəli əhalinin ən böyük qırğına məruz qaldığı məkandır. Yeddi min əhalisi olan Xocalı hücumdan sonra tamamilə yerlə-yeksan edilmiş, yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib və yaralanıb.
Den Borenin sözlərinə görə, 20 il üstündən keçsə belə, münaqişə həll edilməmiş qalır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri prezidentlərinin son bəyanatına istinad edən konqresmen “status kvo”nu qəbuledilməz adlandırıb. O deyib: “Azərbaycan ABŞ-ın güclü strateji tərəfdaşı və dostudur. Xocalı faciəsi bəşəriyyətə qarşı cinayət idi. Mən, həmkarlarımı azərbaycanlılarla birgə bu faciəni anmağa çağırıram”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.