FaktXeber.com-un verdiyi məlumata görə, Bu münasibətlə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Bakı Slavyan Universitetində “Azərbaycanın reliktiv dilləri” mövzusunda elmi seminar keçirəcək. Tədbir birliyin “Mədəni irs” seminarları layihəsi çərçivəsində gerçəkləşəcək.
Məlum olduğu kimi, Azərbaycan çoxmillətli bir ölkə, öz azsaylı xalqları və milli azlıqları ilə seçilən bir məmləkətdir. Azərbaycanın əhalisinin əsas hissəsini təşkil edən türkdilli əhalidən başqa bu ölkədə qafqazdilli, irandilli və digər xalqlar məskunlaşıb, əsrlər boyu yaşayıblar. Elmi seminarda Azərbaycanın qafqazdilli xalqları haqqında danışılacaq, həmin xalqların dilləri və xüsusən, iber-qafqaz dillərinin fonoloji bazaları haqqında məruzə olunacaq.
Azərbaycanın qafqazdilli əhalisi sırasına ləzgi, xınalıq, buduq, qrız, udin, saxur, avar və ingiloylar aiddir (axvax və rutulları da bu siyahıya əlavə etmək olar). Bu dillərin əksəriyyəti ya yazısız, ya da bu illərdə özünə əlifba təsdiq etmiş dillərdir. Qrammatikaları çox zəif öyrənilmiş bu dillərin əksəriyyəti UNESCO tərəfindən tərtib edilmiş “Təhlükə altında olan dillərin xəritəsi”nə əlavə olunmuşdur. Əhalinin say azalması, habelə dərsliklərin, qrammatika kitablarının, folklor, ədəbiyyat və mədəni irs nümunələri haqqında öz dillərində çap olunmuş elmi və ya publisistik əsərlərin azlığı bu dillərin məhv olmasına səbəb olur. Təəssüf ki, AMEA Dilçilik İnstitutunda Qafqaz dilləri üzrə mütəxəssislər yoxdur. Gürcüstan, Amerika, Fransa, Almaniya, Rusiya kimi ölkələrdən linqvist alimlər bu dilləri öyrənmək və tədqiq etmək üçün qısa və uzun müddətli ekspedisiyalar keçirirlər.
Seminar çərçivəsində iştirakçılara, alim və tələbələrə ən əsas mövzuları: Qafqaz dillərinin özəlliklərini, dünyanın başqa heç bir dilində rastlaya bilməyəcəkləri fonemləri qısa formada çatdırılacaq. Məruzədə:
1. Dil nədir? Onun mədəni irs kimi öyrənilməsi.
2. Azərbaycanın qafqazdilli əhalisi və reliktiv dillər haqda giriş məlumatı.
3. Azərbaycanın reliktiv dillərinin məhv olma səbəbləri.
4. İber-qafqaz dillərin fonoloji bazasından danışılacaq.
Seminar əsasən dilçilik ixtisasları üzrə təhsil alan və ya çalışan şəxslər üçün, habelə Azərbaycanın milli azlıqları və azsaylı xalqları haqqında məlumat almaq istəyən şəxslər üçün nəzərdə tutulur. İştirak sərbəstdir.
Seminarın əsas məruzəçisi Tbilisi Dövlət Universitetinin tələbəsi və oradakı Qafqazşünaslıq İnstitutunun tədqiqatçısı Elnur Əliyevdir. Tədbirə BSU-nun müəllim və tələbələri, digər ziyalılar, KİV və ictimaiyyətin nümayəndələri dəvət olunur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.