Onlar Qəbələdə keçiriləcək beynəlxalq konfransa qatılacaq
17-02-2012 / 17:48
FaktXeber.com xəbər verir ki, bu ilin sentyabr ayında Qəbələdə “Körpülərin qurulması” beynəlxalq konfrans keçiriləcək. Bu xəbəri Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri, millət vəkili Elxan Süleymanov verib.
Bu məqsədlə Avropa məsələləri üzrə İnstitutunun (İNEA) nümayəndələri Mişel Axlenbax və Lioselotta Qramka Azərbaycana səfər edib. Səfərdə məqsəd konfransa hazırlığa başlamaq olub.
“Qonaqlar Qəbələdə olarkən konfrans zalı ilə tanış olublar. Qonaqlar səfər çərçivəsində həmçinin Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev, gənclər və idman nazirinin müavini Sevda Məmmədəliyeva və AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüblər”, - deyə Elxan Süleymanov bildirib.
Qeyd edək ki, Qəbələdə keçiriləcək beynəlxalq konfransa 100 nəfərdən artıq qonağın qatılacağı gözlənilir. Ölkəmizə Türkiyə prezidenti Abdulla Gül, Gürcüstan prezidenti Mixail Saakaşvili və FİFA rəhbəri Yozef Blatterin təşrif buyuracağı gözlənilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.