"AZƏRBAYCAN TELEKANALLARINDA TÜRK SERİALLARI BƏRBAD VƏZİYYƏTDƏ DUBLYAJ OLUNUR"
Mətləb Salahov: "Filmi orijinal variantda izləmiş vətəndaş, Azərbaycan dilindəki savadsız və acınacaqlı tərcüməni gördükdə əsəb dolu stress keçirir"
17-02-2012 / 14:06
"Bir çox Azərbaycan telekanallarında xarici filmlərin, xüsusi ilə Türkiyə istehsalı olan serialların tərcüməsi və dublaj edilməsi bərbad vəziyyətdədir."
Bu barədə "Jurnalistlər Sülh və İnkişaf Uğrunda" İctimai Birliyinin rəhbəri Mətləb Salahov FaktXeber.com-a açıqlamasında bildirib. Salahov bildirib ki, son bir neçə il ərzində ölkə telekanallarında xarici serialların nümayişinə həddindən artıq meylin yaranması, bu sahədəki dublyaj və tərcümə sahəsindəki acınacaqlı vəziyyəti aşkara çıxarıb. Onun sözlərinə görə, bu acınacaqlı durum daha çox türk seriallarının tərcüməsi və dublyaj edilməsi zamanı açıq-aşkar ortaya çıxır: "Təsəvvür edin ki, ingilis, alman, və ya fransız dilini bilməyən bir insanın, bu dillərdən tərcümə olunan filmlərdəki qüsurları o andaca sezməsi mümkün olmur.
Amma bizlərə olduqca doğma olan türk dilindən tərcümə edilən seriallardakı rüsvayçı qüsurları ekran başındakı hər kəs o andaca görə bilir. Nə səs tempinə, nə obrazın xarakterinə, nə də yaş xüsusiyyətinə uyğun olmayan bərbad dublyaj və tərcümə prosesi, ekranda olduqca acınacaqlı bir situasiya yaradır. Təsəvvür edin ki, olduqca ciddi və maraqlı bir türk serialını, qardaş ölkə telekanallarında orijinal versiyada izləyən Azərbaycan vətəndaşı, həmin filmin Azərbaycan dilindəki savadsız və acınacaqlı tərcüməsini gördükdə əsəb dolu stress keçirir. Bu fakt, olduqca aktual məsələdir".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.