“İnsanlara şübhə ilə baxmaq divanəlikdir”
Həzrət Məhəmməd (s)
İnam həm də din-imandır. Son dövrdə yeni din yaradıcılığı ilə məşğul olan, özlərini ruhaniyyət ocaqçıları adlandıran bir zümrəni anlamağa çalışıram. Hərçənd onlar tapındıqları Mütləqə İnam ideologiyasını din hesab etmirlər. Əvvəlcə öz orijinal interpretasiyalarında “İnsanilik üstə Ruhanilik baxışının iki ən başlıca anlayışı”na aydınlıq gətirirlər:
«MÜTLƏQ - bu gündə nişanələriylə, əbədi Sabahda bütöv mövcudluğuyla aşkara çıxan (Əgər əbədi sabahdan söhbət gedirsə, onun indiki zaman feli sifəti gələcək zaman feli sifətinə çevrilməlidir, yəni aşkara çıxacaq şəklində olmalıdır - H.R.) nisbi hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata, İnsana Ali daxili Qüvvə, İstiqamət və Meyar olan bir Qüdrətdir.
İNSAN - Özündə Mütləqlik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Cəmiyyətdən Üstün olan, Mütləqliyə can atan və Mütləqləşməyə Qadir olan Ruhani Varlıqdır” (Safruh Atalı, Yolruh Atalı. “İnamın gəlişi” B.: Qanun - 2010, səh.4.
Bununla yanaşı dinə münasibətlərini açıq-açığına bildirdikləri müddəaları da yuxarıda gətirdiyim sitatda olduğu kimi, imlasına və durğu işarələrinə toxunmadan oxucuların nəzərinə çatdırıram: “Böyüklüyü Allahın əlindən alıb (Yeni zühur edən əsl sovet ateistinin eqoist və inkarçı danışıq tərzi - H.R.) İnsana verməyə gəlir İnam. Din ilə İnamın başlıca fərqi: İnam - İnsandan gəlir. Din - (guya) Allahdan. Din də İnsandan gəlir, İnam da. Din gəlişində “Allah” uydurmasına (Əstəğfürullah!!! - H.R.) əl atılır - sonrakı bütün fəsadlarıyla.
İnam - Asif Atanın Adı ilə bağlı olan dünyabaxış - Dünyanın, Həyatın, İnsanın mahiyyətinə inanmaqdır və mahiyyəti əzəli, əbədi, sonsuz və kamil - yəni Mütləq saymaqdır. Buna görə də Asif Atanın yaratdığı dünyabaxış - Mütləqə İnam adlanır və bu həm də onun altı ideyasından birincisidir (qalan beşi bunlardır: Kamil İnsan, Ruhani Birlik, Müstəqil Vətən, Özümlü Şərq, Ləyaqətli Bəşər). Burada təbiətüstü yaradıcıya yer yoxdur. Mahiyyət şəxslənmir, substansiyalaşmır, danışmır, acıqlanmır, qorxutmur, şirin vədlər vermir.
Mahiyyət Kamil İnsan tərəfindən dərk olunur, beləcə insanlaşma və insanlaşdırma düsturu irəli sürülür.
Ruhani Birlik ideyası cəmiyyətçiliyi: ağa-nökər münasibətlərini, təbəqəçiliyi, özgəçiliyi, maddiyyatçılığı rədd eləyir (Leninin fəhlə sinfi dünyanın altıda bir hissəsində, yəni sabiq SSRİ-də “qəbirqazanı” olduğu kapitalizmin yetmiş ildən sonra yenidən xortlayıb diriləcəyini qabaqcadan bilsəydi, yəqin ki, vaxtilə inqilabi şüarlarında sıx-sıx işlətdiyi, gurultulu, pafoslu “daloy”lara qətiyyən yer verməzdi - H.R)
Müstəqil Vətən ideyası həm dini, həm də dünyəvi kürəsəlçiliyi, kosmopolitçiliyi, vətənsizliyi ardıcıl olaraq rədd eləyir, damğalayır. Bu, dinin - ümmətçilik, demokratiyanın - transmillilik təlqinləri biçimində gerçəkləşən kosmopolitizminə qarşı döyüşdür və s.” (Yenə orada: səh..8).
(Onu da unutmayaq ki, biz nəhəng bir imperiya miqyasında zorən tətbiq olunan dinsizlik və allahsızlıq eksperimentinin labüd, acı aqibətini gördük, ancaq “Kreml xəyalpərəsti”nin sinifsiz, xoşbəxt kommunizm cəmiyyətinə çata bilmədik).
Göründüyü kimi dini yeni bir mücərrəd, transsdental inamla əvəz etməklə (əslində din elə Allahın varlığına inam deməkdir), Mütləq Şüuru, Tanrını fani mütləqə inam (dünyanın, həyatın, insanın mahiyyətinə inanmaq və mahiyyəti əzəli, əbədi, kamil, yəni Mütləq saymaq) adlı yeni bir “sxolastika” səviyyəsinə endirməklə (sonuncunu tərcih etməklə) əslində sırf milli zəmində yeni sinifsiz, ateist-materialist dünyabaxış təklif olunur. İlk ağlıma gələn idealist Platonun (e.ə. 428 - 348) uzaqgörənliyidir: ”Maddi əşyalar yüksək ideyaların kölgəsindən başqa bir şey deyildir. Allah isə ən uca ideyadır və insan daima Allaha oxşamağa çalışmalıdır”.
Ümumiyyətlə, mütəfəkkir Füzuli “Leyli və Məcnun”da mahiyyət daşıyıcısı olan kamil insan obrazının zavallı aqibətini az qala 500 il bundan əvvəl canlandırıb:
Kimdir ki, gəlib cahanə, getməz?
Kim kamil olur, zavalə yetməz?
Xoş xaneyi-eyşdir bu aləm,
Dərda ki, deyil əsası möhkəm.
Mən şəxsən keçən əsrin 70-ci illərində “Müdriklik səlahiyyəti” adlı kitabıyla barmaqla göstərilən Asif Əfəndiyevi yeni, orijinal Azərbaycan filosofu və ədəbiyyat tənqidçisi kimi təqdir etmişəm. Ancaq indi onun cidd-cəhdlə təbliğ olunan mütləqə inam ideologiyasını, bu ideologiyanın əsasında duran antiislami görüşlərini, sanki yeni din yaradıcısı kimi müqəddəsləşdirilməsini , peyğəmbərdən də yüksək elan edilməsini, hətta ona səcdə duaları oxunmasını (və burada “Mütləqimiz, Müqəddəsimiz, Peyğəmbərimiz İnam Ataya Ali Səcdəylə!” başladıqları adlarını çəkmədiyim, yeni “kurallarını”) ən yaxşı halda bidətçilik, mürtədlik, küfr və Allaha şərik qoşmaq - yəni böyük günahlara yuvarlanmaq kimi başa düşürəm. Elə buna görə də mən onları İmam Əlinin (ə) məşhur kəlamından düzgün nəticə çıxarmağa çağırıram: ”İnsanların ən bəsirətlisi öz eyiblərini görən və öz günahlarından əl çəkən şəxsdir”.
Dünya tarixində yeni din yaradıcılığı iddiaları həmişə olub. Ancaq heç birisi Allahın son Peyğəmbərimiz vasitəsilə insanlara bəxş etdiyi İslam dini və mədəniyyəti qədər geniş vüsət tapmayıb və tapmayacaq. Öz tolerantlığı, xüsusilə ümumbəşəri sosial-əxlaqi mahiyyətinə görə üstün və kamil olan, üzərinə heç bir kölgənin yaxın düşmədiyi və düşməyəcəyi “Nurələnnur” olan İslam dininin Qiyamətə qədər inamla irəliləyəcəyinə şübhə etmirəm.
Bu din təkcə ehkamlar toplusu deyil. Bu din bizim 1400 illik Əmin-Amanlığımız, Əxlaqımız, Mənəviyyatımız, Şərq Mədəniyyətimiz, Ruhani və Cicmani Həyat Tərzimiz, Yaxşı İşlərə Təhrik Edən, Pis Əməllərdən Çəkindirən Bu Dünyamız və Axirətimizdir!
Dünya yaranandan bəri müxtəlif dillərdə ( dini-mifoloji qaynaqlara görə hətta bitkilər, heyvanlar, cansız əşyalar da öz dillərində Yaradanı çağırır, Ona pənah aparırlar) cismani və ruhani paklıqla, səmimi-qəlbdən ucalan dualar, iltimaslar, qılınan namazlar, oxunan azanlar, edilən ibadətlər, səcdələr yeganə ALLAHIMIZA, RƏBBİMİZƏ, TANRIMIZA, ÇƏLƏBİMİZƏ, XUDAMIZA, YƏZDANIMIZA, BOQUMUZA, QODUMUZA ünvanlanıb. Həzrət Əbubəkr Məhəmməd peyğəmbər (s) ölərkən minbərdən demişdir:”Kim Məhəmməd üçün ibadət edirdisə, Məhəmməd ölübdür, kim Məhəmmədin Allahına ibadət edirdisə, Məhəmməd onun üçün sağdır”. Təfsiri belədir: ”Məhəmmədə sitayiş edirdinizsə, o öldü. Məhəmmədin Allahına sitayiş edirdinizsə, O, ölməyib və ölməyəcəkdir” (Nizamülmülk.”Siyasətnamə”. B.: “Elm” nəşriyyatı - 1989, səh.142)
Dialektik qanunların Mütləq İdeyadan, yəni Allahdan yaranması barədə çoxsaylı qnoseoloji təlimlərdən birini - İmmanuel Kantın universal idealist idrak metoduna çevrilmiş “antinomiyalar”(hərfi mənada qanunda ziddiyyət – məntiqi cəhətdən eyni dərəcədə əsaslandırılmış iki hökm arasındakı ziddiyyət) haqqında məşhur təlimini misal gətirməklə kifayətlənirəm: “İ.Kanta görə, ağıl dünyanı bütöv bir tam kimi dərk edərkən çıxılmaz ziddiyyətə düşür, çünki bir-birinə əks iddiaları eyni qüvvə ilə sübut etməyə çalışır: 1) dünyanın zamanca əvvəli və məkanca hüdudu vardır - dünyanın zamanca əvvəli və məkanca hüdudu yoxdur; 2) dünyada hər şey tərkibcə mürəkkəbdir - dünyada tərkibcə mürəkkəb heç bir şey yoxdur, hər şey sadədir; 3) hadisələri izah etmək üçün iradə azadlığı olmalıdır - heç bir iradə azadlığı yoxdur; 4) dünyada Mütləq Zəruri Vücud vardır - heç bir mütləq zəruri vücud yoxdur.
Kant bu təlim vasitəsilə insan idrakının şeylərin mahiyyətini dərk etməyə qadir olmadığını əsaslandırıb” (ASE, ııı cild. B: 1979, səh.435)
”İslam dini sağlam təfəkkürə, məntiqə əsaslanan bir dindir. Allahın bu sonuncu haqq dinində elmə, məntiqə zidd heç bir şey yoxdur”(akademik V.Məmmədəliyev).
Məşhur “Toyuq əvvəl yaranıb, yoxsa yumurta?” sual-məsələsi”nin həllində olduğu kimi çaşıb qalanlar da var: “Allah - insan münasibətlərinin fonunda elm də din kimi bəsit və konservativ görünür. Hər iki cəbhə nələrisə - biri Onun varlığını, digəri yoxluğunu israrla sübut eləməyə çalışır” (prof.Hüseyn İsmayılov).
Məhəmməd peyğəmbərin (s) ümmətinə verdiyi nəsihətlərdən biri bu dəyərli hədisdir: ”Allah-Təalanın bəndəsindən üz çevirməyinin əlaməti ona faydası olmayan, yararsız işlərlə məşğul olmasıdır”
Hələlik İmam Qəzalidən (1059 - 1111) faydalanmağı məsləhət görərdim. O, dini dünya və axirət elmi hesab edir, ancaq dünyəvi elmləri də əsasən inkar etmir. Onun əsrləri adlayıb keçən polad məntiqi bu gün də əyilməz və sınmazdır: ”Allahı unudan kimsələr haqqında çox ibrətli bir beyt var:
Nə yazıq, Səndən başqa birisini görmək üçün yuxusuz qalan gözlərə,
Nə yazıq, Səndən başqası üçün tökülən göz yaşlarına.
Haqq yolla, doğru yolla getmək istəyənə dörd şey vacibdir:
1. Bidətlərdən uzaq, doğru və sağlam bir etiqad;
2. Bir daha qüsura yol verməmək və günaha batmamaq barədə (qəti şəkildə) tövbə etmək;
3. Haqq sahiblərinin sənin üzərindəki haqlarını, onların razı olduğu və sənin üzərində haqları qalmayacaq bir şəkildə ödəmək;
4. Allahın əmr və qadağalarını biləcək qədər dini bilikləri, dünyada özünü saxlaya biləcək qədər də digər elmləri oxuyub öyrənmək”. (İmam Qəzali.”Ey oğul” risaləsi. B.: “Nurlar”- 2007, səh.22)
Mövlana Füzuli bu gün də dünyanın söz xiridarlarını heyran edən “Türkcə divanı”nı Eşqi-İlahiyə yüksək rəməl bəhrində həsr etdiyi aşağıdakı qəzəllə (qismən ixtisarla və şərhsiz təqdimatla) başlayır:
Qəd ənarəl eşqü lil-üşşaq minhacəl hüda!
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam
Meydə təşviri-hərarət, neydə təsiri-səda.
Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.
Ey ki, əhli-eşqə söylərsən məlamət tərkin et!
Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?
Ey Füzuli intəhasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida.
Qəzəlin ilk və son beytlərinin (mətlə və məqtəsinin) izahlarını verməkdən özümü saxlaya bilmirəm: Eşq aşiqlərin hidayət yolunu işıqlandırmışdır. Həqiqət yolunun yolçusu həmişə eşqə iqtida edər (İqtida namaz və ya digər ibadətlər zamanı arxada dayananların öz hərəkətlərini hamıdan öndə durmuş imamın hərəkətlərinə uyğun şəkildə, həm də eyni vaxtda təkrar etməsinə deyilir). Ey Füzuli, Allah Eşqindən sonsuz zövq aldın, Haqqın adıyla başlanacaq hər bir iş belə olacaq.
Məhz bu kimi xariqüladə, yüksək əyarlı şahbeytlərin həqiqi şahanə zövqünü təbii, olduğu kimi duymaq, şəxsən hiss etmək istəyən hər bir azərbaycanlıya ərəb və fars dillərini mükəmməl öyrənməyi tövsiyə edərdim.
Bütün qüdrətli, klassik şairlərimiz öz cahanşümul əsərlərini əbəs yerə münacat və nətlə başlamamışlar. Böyük Şəhriyarımız isə dünya şöhrətli “Heydərbabaya salam”ını eyni ənənəvi müqəddəs bir inam və etiqadla bitirir:
Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun.
Keçmişlərdən gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın!
Hər içiboş sözlərə aldanmasın!
Biz indiki, çağdaş xələflər ulu, klassik sələflərimizin dərin, ülvi bir inamla getdikləri, böyük sənətkarlıqla tərənnüm etdikləri və gələcək nəsillərə müqəddəs miras kimi əmanət qoyduqları, həmişəmüasir HİDAYƏT YOLUNU itirsək, qazancımız nə olacaq? Bu, bizim onsuz da ağrı-acılarla dolub-daşan ürəyimizdə “Torriçelli boşluğu”ndan da betər yeni bir havasız , həyatsız, ölü bir boşluğun, vakuumun, yaxud dibsiz, dəhşətli bir uçurumun, kanyonun, əslində isə mütləq mahiyyətsiz, mənasız, məzmunsuz bir heçliyin, puçluğun yaranmasına səbəb olmazmı? Ümumiyyətlə, bəşəriyyətin maddi və mənəvi ümumnicat yollarının nə üçün məhz “qıldan nazik, qılıncdan iti Sirat körpüsü”ndən keçəcəyi barədə müqəddəs olduğu qədər həmişəaktual düşüncələrə dalmağa dəyməzmi?
P.S. Kiçik formatlı bir kitabda (S.Atalı, Y.Atalı “İnamın gəlişi”. Atakənd -32, yəni Bakı: Qanun - 2010) özlərinin ifadələriylə desək, Mütləqə İnam Fəlsəfəsi və Ruhaniyyatının Yaradıcısı İnam Ataya (baş hərflərlə fetişləşdirilən isimə - Asif Əfəndiyevə) məxsus Dünyabaxışın mahiyyətini izah edərkən yol verilən ideya-məzmun (artıq bu barədə yuxarıda qısaca bəhs etmişik), dil-üslub, leksik-fonetik, qrammatik, orfoqrafik (qarşılıqları olan alınma sözlər - neologizmlər: gərəkdirən, kürəsəlçilik, qutsal bitiqlər, ilişkilər, ruhaniyyat, evladlar, kurallar, Ocaq -Türk abesi, yerel, göyel, sonev və s.) səhvlərə göz yummaq olmur.
İki minilliyi əhatə edən, bəşəriyyətin hazırda istifadə etdiyi məqbul miladi, hicri (günəş və ay təqvimləri) təqvimlərə alternativ olaraq yeni təqvimin icadı, ay və həftə günlərinin yeni adlarla əvəz edilməsi, ənənəvi toy-yas mərasimlərinin, qiblənin dəyişdirilməsi, “həmişə canlı Mütləq” hesab etdikləri Məbuda - Asifə “Səhər Ricaları”, “Gündüz və Axşam Təmasları” və s. kimi yeni adpərəstlik və bütpərəstlikdən LA İLAHƏ İLLƏLLAHA sığınıram.
Bir olan Allaha inamsız yaşamaq olmur.
Hafiz RÜSTƏM
Şərqşünas, şair-publisist